“Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən erməni PUA-sı kustar üsulla hazırlanan bir vasitəyə bənzəyir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
O, ötən gün Kəlbəcər istiqamətində zərərsizləşdirilən erməni PUA-sı barəsində danışıb. Xatırladaq ki, nazirliyin yaydığı görüntülərdən aydın olur ki, fotolardakı PUA kustar üsulla hazırlanıb.
Onun fikrincə, bu, Ermənistanın yerli istehsalı olan BEEB-3200 PUA-sının konstruksiyasına çox bənzəyir:
“Bu PUA bəsit bir konstruksiyaya malikdir. Sadəcə bu PUA bir GPS modulu ilə idarə olunan bir neçə partlayıcıya malik PUA-dır. Böyük ehtimalla onun avtopilot sistemi yoxdur. PUA sadəcə zərərsizləşdirilib, çünki onun üzərində heç bir vurulma əlamətləri, yanıq, his-pas, yoxdur. Bu isə o deməkdir ki, həmin PUA radioelektron vastiələrimizin köməyi ilə endirilib. PUA-nın litium batareyalarla çalışdığı ehtimal olunur”.
Mayor iddia edib ki, PUA-nın idarəetməsi isə yerüstü komanda məntəqəsindən həyata keçirilib:
“Süni zəka və ya üstün bir idarəetmə imkanlarına da malik deyil. Böyük ehtimalla, bu, Ermənistanda həvəskar istifadəçilər tərəfindən hazırlanan bir PUA-dır. Markası açıqlanmadığına və onun üzərində qalıqları üzərində markasınının adı görünmədiyinə görə, onun tam detallı araşdırılması müdafiə sənayesinin mütəxəssisləri tərəfindən aparılacaq. Yəqin ki, yaxın zamanlarda bu barədə məlumatlar aidiyyəti qurumlara təqdim ediləcək”.