Gəncə şəhəri, Aidə İmanquliyeva küçəsi, 4-cü döngə, ev 16 A ünvanında yaşayan Abdullayev Mikayıl İslam oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2-ci Qarabağ müharibəsi vaxtı evinin yanına raket düşməsi nəticəsində böyük çatlar yaranıb, 4 il keçməyinə baxmayaraq evi hələ də bərpa olunmayıb:
“Mən, Abdullayev Mikayıl İslam oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə cansağlığı versin. Müharibə vaxtı çox mərd-igid oğullar itirdik. Bu baxımdan, hər birimizin yarası böyükdür. Allah xalqımıza səbr versin. Yaşananları unutmaq qeyri–mümkündür.
Qeyd edim ki, Gəncə şəhərinə atılan raketlərdən biri də bizim evin yanına düşdü. Zərbə nəticəsində evdə ciddi xəsarətlər yarandı. Mətbəxdə, hamam otağında və hasarda çoxlu dərin çatlar əmələ gəldi. Hasar çay daşı ilə, hamam otağı və mətbəxt isə sement, çay daşı və qırmızı kərpiclə hörülmüşdür.
Pəncərələri, iki qapını, həyət darvazasını və tavanı öz hesabıma təmir etdirmişəm. “Konco” şirkəti tərəfindən evin çatlarını içəridən, yəni divarın yuxarı başından zamaska və kraska ilə ört–basdır etdi. Bir müddət sonra çatlar yenidən üzə çıxdı.
Onu da deyim ki, indiyə kimi öz hesabıma 1500 manat xərc çəkmişəm.
Dəfələrlə ərizə ilə aidiyyəti qurumlara müraciət etmişəm. Bir dəfə də yenidən müraciət edəndə şirkətin işçisi İbrahim müəllim çəkdiyim zərəri qarşılayacağını dedi və mənə 1500 manat verdilər. Lakin evin halı bərbad olaraq qalırdı. Sonradan bildim ki, mənim adımdan akt tərtib ediblər ki, guya, mən evin qalan xərcini özüm çəkəcəyimi bildirmişəm. Halbuki, bərpanı öz üzərimə götürməmişəm, çünki o çatlar sökülüb, yenidən bərpa olunmalıdır. Həmin saxta sənədi mənə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlasdırma Mərkəzində göstəriblər. Həmin sənədin surətini mənə verməsələr də, orda yazılıb ki, guya mənim evimdə metlax, “pol–potolok”, oboy , kraska və başqa işlər görülüb. Halbuki, tamamilə yalandır. Hətta onlara evin hazırdakı şəkillərini də göstərdim.
Şəkilləri ərizəmlə birgə Prezident İlham Əliyevə, Fövqəladə Hallar Nazirliyinə və Korrupsiya İdarəsinə göndərmişəm. Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin qəbuluna isə düşmək mümkünsüzdür. Hansı ki, Ramin Abdullayevin işçiləri Prezident Administrasiyası başda olmaqla, bütün aidiyyəti qurumları aldadır”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.