Bir gündə 8 dərs: Uşaqların belini kim qırır?

22-09-2023, 20:17   


Bir neçə gündür yeni tədris ilinə start verilib. Dərs ilinin elə ilk günündən problemlər başlayıb. Belə problemlərdən biri də 5 günlük tədris sistemində dərs saatlarının çox olmasıdır. İbtidai təhsili başan vuran məktəbli həftənin əna zı 3 günü 8 saat sinifdə oturmalı olur.

Üstəlik, elə məktəblər var ki, təhsil sahəsinə yenilik gətirib. Nəzərə alsaq ki, birinci sinfə gedən uşaqların məktəb mühitinə alışması, dərs yükünü daşıması bir qədər vaxt aparacaq, o zaman dərs saatlarının çox olması da çətinliklər yaradır. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq deputat, professor Şahlar Əsgərov bildirib ki, Avropada çox uzun illər öncə 5 günlük tədris sisteminə keçilib və bu problemsiz şəkildə tətbiq olunub:

"Dərslərin 5 günlük rejimə keçməsi təbii ki, maraqlı məsələdir, bu həmçinin hər bir millətin yaşam tərzi ilə bağlıdır. 5 günlük dərs praktikası Avropada yaranıb. Çünki Avropa maddi nemətlər bolluğu yaradandan sonra avropalılar başa düşüb ki, 6 gün deyil, 5 gün işləsələr daha yaxşıdır. Çünki 5 gün yaratdıqları maddi nemətlər bolluğu onlara 1 həftə bəs edir və beləcə 5 günlük iş həftəsinə keçiblər. 5 günlük iş həftəsinə keçəndə məktəblər bu həyat tərzini reallaşdırmağa maneə törətdi, bu zaman avropalılar məktəbləri də 5 günə endirdi. Bunu ona görə etdilər ki, uşaqlar ailəsi ilə birlikdə olsunlar, həftəsonu 2 gün valideynləri ilə başqa şəhərə gedə bilsinlər, dincəlsinlər. Beləliklə, onlarda 5 günlük iş və dərs həftəsi yaradıldı. 

Bu məsələ bizdə də müzakirəyə çıxarıldı. O zamanlar mən parlamentdə idim, 2002-2003-cü illərdə bu məsələ Prezident Aparatında da müzakirə olundu. Həmin vaxt dərslərin 15 sentyabrda  başlanması və 5 günlük tədris həftəsinə keçilməsi müzakirəyə çıxarıldı". 

Ş.Əsgərov bildirib ki, təhsil prosesində lazımsız informasiyalara daha çox yer verildiyindən uşaqların özlərinə ayırmağa zamanları olmur:

"Biz məktəbi ailənin həyatına uyğunlaşdırmalıyıq. Birinci növbədə ailənin yaşamı, ikinci yerdə isə uşaqların təhsili dayanır. Elm və Təhsil Nazirliyi elə sistem qurmalıdır ki, tədrisin yaşam tərzinə təsiri olmasın. Yəni 5 günlük tədris müddətində lazım olan biliklər şagirdlərə verilsin. 5 günlük dərs sisteminə keçsək də, hazırda fənnlər, saatlar çoxdur. Bu zaman tədris edilən fənnləri sıraya düzmək, lazım olan ən vacib bilikləri seçmək lazımdır. Onların 80%-i qalmalı, digər 20%-i isə çıxarılmalıdır. Beləliklə, dərs saatları azalacaq. Bunun fəlsəfəsi budur. Tədris olunan fənnləri əhəmiyyətinə görə sıraya düzmək lazımdır, elə fənnlər var ki, onu 30 yaşında da öyrənmək olar, bunu orta məktəbdə niyə verək? Bu, çox asan məsələdir, sadəcə bir az baş işlətmək lazımdır". 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.