Erməni baş nazir Nikol Paşinyan Qarabağdan köçün gələcək əhalini qarşılamağa hazır olduqlarını açıqlayıb. O bildirib ki, ermənilər "etnik təmizləmə" təhlükəsi ilə üzləşib. Paşinyan ittiham və şantaj ritorikasında bəyan edib ki, Qarabağ ermənilərinin öz yaşadığı yerləri tərk etməsinin məsuliyyəti Azərbaycanın və Rusiyanın üzərindədir. Təbii ki, Azərbaycan dövləti etnik erməni əhalisinin köçündə maraqlı deyil. Çünki rəsmi Bakı yeni beynəlxalq reaksiyalar, ittihamlarla qarşılaşa bilər. Qarabağın ermənisizləşməsi xalqın arzusu ola bilər, lakin dövlətin siyasəti haqlı olaraq fərqlənir. Digər tərəfdən isə Nikol manipulyasiya edir. Daha əvvəl bildirmişdi ki, ermənilər Qarabağda yaşaya bilər, Azərbaycan təhlükəsizliyə təminat verir. Üstəlik, yaxşı anlayır ki, Qarabağdan köçün gedəcək əhali Ermənistanda müxalifətə qoşulacaq. Bu da etiraz aksiyalarının miqyasını genişləndirə bilər. Əslində Nikol onların Qarabağda qalmasında maraqlıdır. Üstəlik, heç bir etnik təmizləmə və psixoloji basqı yoxdur. İstəyən gedə, istəməyən qala bilər. Dinc ermənilər sakit həyat yaşayacaq. Sadəcə, indi hər kəsi Xankəndidə necə bir idarəetmə olacağı düşündürür. Şəhərdə asayiş necə təmin olunacaq, idarəçilik hansı formada təşkil olunacaq?
Anaxeber.info-nun analitik şöbəsi hər kəsi maraqlandıran bu məsələyə diqqət çəkib. Xüsusən də hakimiyyətin "siyasi mətbəxinə" yaxşı bələd olan təhlilçi Fərid Şəfiyevin Azadlıq radiosuna verdiyi müsahibədə Xankəndidə hələ Azərbaycan polisinin olmayacağını açıqlaması müzakirələrə yol açıb və bu mənada yeni suallar meydana çıxıb. Onun sözlərinə görə, xorvat modeli tətbiq edilə bilər. Belə ki, Xorvatiyanın serblər yaşayan ərazisində separatçılar demilitarizasiya olunduqdan sonra ərazidə xorvat polisi, BMT əsgərləri asayişi qoruyur. Buna bənzər model Xankəndidə tətbiq edilə bilər. Yəni antiterror tədbirlərindən sonra Ordumuz nəzarət etmədiyi və ya daxil olmadığı yerlərdə müvəqqəti rus hərbçiləri təhlükəsizliyi təmin edəcəklər. Sonrakı mərhələdə polisimiz də asayişi təmin edəcək. Rəsmi Bakı artıq Xorvatiya modeli əsasında reinteqrasiya proseslərinin həyata keçirilməsi üçün İşçi qrupu yaradıb. İşçi qrupa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həllinə Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək.
İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. Qeyd edək ki, İşçi qrupunun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. İşçi qrup reinteqrasiya məsələlərinin və proqramda nəzərdə tutulan bütün məsələlərin həll edilməsi istiqamətində fəaliyyətə başlayıb.
Bəs, xorvat modeli necə yaranıb? Bu tarixə qısa ekskursiya edək:
Xorvatiya 1991-cı ilədək keçmiş Yuqoslaviyanın tərkibində olub. Yuqoslaviyanın parçalanması zamanı Xorvatiyanın Serbiya ilə Dunay bölgəsində münaqişəsi yaranıb. Serb separatçılar həmin ərazini Serbiyaya birləşdirməyə çalışıblar. Xorvatiya Dunay bölgəsinin dinc yolla reinteqrasiyası yolu ilə öz ərazinin tərkibinə qatıb.
Lakin bu proses elə də asan başa gəlməyib. Xorvatiya Dunay separatçıları ilə danışıq nəticəsində “sülh zonası”, təhlükəsizlik zonası yaratmağa razılaşırlar. Buna baxmayaraq problem həlini tapmır. Çünki Serbiya həmin separatçı rejimə dəstək verib. Nəhayətində, 90-cı illərin ortasında Xorvatiya “Fırtına” əməliyyatı ilə Dunay separatçı rejimi diz çökdürür və bölgədə demilitarizasiya prosesi həyata keçirilir.
Separtçıların nəzarətində olan Dunayda xalq çox çətin sosial-iqtisadi vəziyyətdə yaşayıb. Xorvatiya hökuməti Dunayda yaşayan əhalinin ölkə cəmiyyətinə reinteqrasiyası və sosial-iqtisadi, humanitar problemlərinin, eyni zamanda mərkəzi hakimiyyətin sisteminin qurulması, əhali arasında etimad mühitinin yaradılması istiqamətində tədbirlər planı hazırlayıb həyata keçirir. Təbii ki, danışıqlar nəticəsində Serbiya da sülh planı ilə razılaşır və bu da Dunaydakı separatçı rejimin tərksilah edilməsinə öz töhfəsini verir. Bundan sonra Serbiya və Xorvatiya arasında Dunay əhalisinin reinteqrasiyası, həmçinin iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Erdut Sazişi (reinteqrasiya planı) imzalanır.
Hətta Xorvatiya bölgədə 250 min serbi təmizlədi, lakin Avropa buna etiraz etmədi, çünki rəsmi Zaqreb Avropa İttifaqına yaxınlaşma siyasəti yürüdürdü. Üstəlik, Bosniyada da serblər separatçılıq edirdilər və xorvatlar ehtiyat tədbir gördülər.
Anaxeber.info yazır ki, eynilə Xankəndidə xorvat modeli nəzərdən keçirilir. F.Şəfiyev deyib ki, rus sülhməramlı qüvvələri Xankəndiyə nəzarət edəcək, qalan ərazilərdə Azərbaycanın kontrolu olacaq. Bu da keçid dövrü üçün ən uğurlu seçimdir. Çünki erməni sakinlərin inteqrasiyası asan proses deyil və separatizmin kökü qazıldıqdan dərhal sonra onlarla birbaşa təmaslar çətin alınır. Amma mərhələli şəkildə kontraktlar olacaq. Hələ ki bu dialoqun Yevlaxdakı görüşlə təməli qoyulub və davamı gələcək.
Bundan başqa, Qarabağda yaşayacaq erməni əhalisinin zamanla gözü Azərbaycan bayrağını görməyə, hər yerdə "Stepanakert" yox, Xankəndi, "İvanyan" deyil, Xocalı yazılan lövhələrlə qarşılaşmağa hazır olmalıdır. Onlar üçün dövlət sosial-iqtisadi paket də elan edəcək. Həmçinin, təhsil, dil, din, bələdiyyə hüquqları verilir. Məktəblərdə erməni dilində dərs keçiriləcək, öz dini rituallarını, bayramlarını kilsələrdə sərbəst şəkildə keçirəcəklər. Amma heç bir küçədə, heç bir məntəqədə "artsax" lövhəsi olmayacaq.
Həmçinin, separatçı qurumlar özünü buraxacaq, marionet rejimin qalıqları ləğv ediləcək, atributlar söküləcək, "artsax" yazılan sözlər yığışdırılacaq. Təbii ki, uzun və mürəkkəb prosesdir. Amma mümkündür. Hazırkı dövrdə silahların təhvil verilməsi gedir, sonra separatçı orqan dağılacaq.