Terrorçu Yasin Hüseynzadə ilə bağlı şok açıqlama

30-01-2024, 10:10   


Hüquq müdafiəçisi: “Bir neçə ildən sonra Yasin Hüseynzadənin sənədləri dəyişdiriləcək və o, həbsdən buraxılacaq”

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan bir il ötdü. Bir günahsız insanın qətli, iki nəfərin yaralanması ilə nəticələnən bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov ildönümü günü bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.

Amma üstündən bir il ötsə də məhkəmə iclası elə ildönümü günü başlayıb. Məlumata görə, iclas təqsirləndirilən şəxs (Yasin Hüseynzadə ) və onun vəkillərinin iştirakı ilə keçirilib. Orada Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib. 

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib. Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.

Maraqlıdır ki, qatil-müttəhim Y.Hüseynzadə dəmir qəfəsdə yox, hamı kimi zalda oturub. 

Bu o deməkdir ki, ona haqq etdiyi cəza verilməyəcək? Məgər qatil dəmir qəfəsdə saxlanılmır? Lap tutaq, öldürülən günahsız Azərbaycan səfirliyinin əməkdaşı, azərbaycanlı yox, İran vətəndaşıdır, farsdır. Məgər İranın şəriət qanunlarına görə, qatilin cəzası edam (dar ağacı) deyil? Adicə narkotikə görə ölüm hökmü tətbiq olunan bir ölkədə qatil-terrorçu gerçəkdənmi yüngül cəza ala bilər? İran məhkəməsi bir ildir nə fikirləşir? Cani-terrorçunun dəmir qəfəsdə yox, hamı ilə birgə məhkəmə zalında oturdulması qanunidirmi?  

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, məhkəmə prosesinin məhz səfirliyimizə terror hücumunun ildönümündə başladılması müəmmalı, şübhəlidir, həmçinin suallar yaratmaya bilməz. Sanki bir il gözləyiblər ki, məhz ildönümü günü məhkəmə prosesi başlasın. İkincisi, Yasin Hüseynzadə kimi terrorçunun qəfəsdə deyil, zalda hamı ilə bir yerdə əyləşdirilməsi də Azərbaycana heç də xoş olmayan mesajlardan biridir və nələrinsə xəbərçisidir: “İran qanunlarına və Vyana Konvensiyasının tələblərinə görə, Yasin Hüseynzadə kimi ağır cinayətə yol vermiş ittiham olunan şəxs məhkəmə istintaqı gedişində dəmir qbarmaqlıqlar arasında oturdulmalıdır. Lakin açıq-aşkar qanun pozuntusu və Vyana Konvensiyasının tələbinin pozulması baş verdi. Təəssüf ki, İranın qanunları açıq şəkildə pozmaqla burada da Azərbaycan tərəfinə hansısa mesaj verməsinin çalarlarını müşahidə etdik”.

Bununla belə, hüquqşünasın sözlərinə görə, məhkəmə prosesi zamanı bizim səfirliyin yüksək ranqlı əməkdaşlarının orada olması, həm də ittiham aktının elan olunması onu göstərir ki, terrorçu Yasin Hüseynzadəyə cəza veriləcək. Yasin Hüseynzadə mütləq ağır cəza alacaq: “Əslində bu cür ağır cinayətə görə, İran qanunlarına görə ölüm cəzası tətbiq edilir, cinayətkar edam olunur. Amma məndə bir şübhə var ki, Yasin Hüseynzadəyə edam cəzası verilməyəcək, uzun müddətə azadlıqdan məhrumetmə hökmü çıxarılacaq və Yasin Hüseynzadə bir neçə ildən sonra cəza çəkmə yerindən çıxarılacaq, onun şəxsiyyətini təsdiq edən sənədləri dəyişdiriləcək və o buraxılacaq. Ya da o, İran rəhbərliyi tərəfindən bir müddət sonra əfv ediləcək. Çünki Yasinin həyata keçirdiyi cinayət aktının arxasında siyasi dairələr, müəyyən güc strukturları dayanır. Sifarişin yüksək səviyyədə verildiyi ilk anlardan, Yasin Hüseynzadə saxlanılandan görünürdü. Baxaq görək nə baş verəcək”. 

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işi ilə bağlı məhkəmənin hökmü tezliklə elan olunacaq.

APA xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nasir Kənani dünənki mətbuat konfransında deyib. O bildirib ki, hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Nasir Kənani xatırladıb ki, ötən şənbə günü Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.

“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, - XİN sözçüsü vurğulayıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.