Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı – MONEYVAL bu gün dərc etdiyi hesabatında Azərbaycan hakimiyyətini pulların leqallaşdırılmasına (PL), terrorçuluğun maliyyələşdirilməsinə (TM) və yayılmanın maliyyələşdirilməsinə qarşı mübarizə səylərini fəallaşdırmağa, qabaqlayıcı tədbirlərə və nzəarətə xüsusi diqqət yetirməyə çağırır.
Hesabatda Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu tərəfindən müəyyən edilmiş standartlara uyğunluğunun ətraflı qiymətləndirməsi təqdim edilib. Maraqlıdır ki, 2014-cü ildə MONEYVAL-ın son qiymətləndirməsindən ötən müddət ərzində Azərbaycan PL və TM qarşı mübarizə üçün öz hüquqi və institusional bazasının möhkəmləndirilməsi üzrə bir neçə təşəbbüs həyata kçeirib, bu sahədə səmərəli sistem üçün zəmin yaradıb.
MONEYVAL Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə böyük irəliləyişini etiraf edir, hakimiyyətin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətləri uğurla araşdırdığını, bunun nəticəsində qiymətləndirmə dövrü ərzində yeddi ittiham hökmü çıxarıldığını vurğulayır. Bundan başqa, ölkənin beynəlxalq əməkdaşlığının səmərəliliyi yüksək qiymətləndirilir, belə ki, Azərbaycan konstruktiv yardım göstərmək və yardım üçün müraciət etmək iqtidarında olduğunu nümayiş etdirir.
Lakin məruzədə çirkli pulların yuyulması haqqında işlərin səmərəli araşdırılmasında və məhkəmə təqibində ciddi təkmilləşdirmələrə ehtiyac olduğu qeyd edilir. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətlərdən gələn gəlirlərin izlənilməsi və dəlil yığılması üçün maliyyə kəşfiyyatından istifadə etdiyi bir vaxtda operativ səviyyədə daha sıx daxili əməkdaşlığa ehtiyac var.
Bundan başqa, hesabatda araşdırmalarda və məhkəmə təqibində, xüsusilə yüksək təhlükəlilik səviyyəsinə malik olan cinayələrlə bağlı araşdırmalarda ardıcıllıq zərurəti vurğulanır. Sənəddə qeyd edilir ki, çirkli pulların yuyulması haqqında bəzi işlər araşdırılsa da, əsas hüquqpozmaların aşkar edilməsi və hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilməsində təkmilləşdirilməsi üçün imkanlar var.
Azərbaycanın aktivlərin müsadirəsi siyasəti qəbul edilib, lakin MONEYVAL öllkəni terrorçuluğun maliyyələşdirilməsi də daxil olmaqla, gəlir gətirən bütün cinayətlərlə bağlı aktivlərin izlənilməsi üçün sistemli şəkildə paralel maliyyə araşdırmaları aparmağa çağırır.
Hədəfli maliyyə sanksiyalarının tətbiqi nöqteyi-nəzərdən Azərbaycanın hüquqi bazası etibarlı hesab olunur. Lakin özəl sektorun sanksiyalar tətbiq etməsi və xüsusən yayılmanın maliyyələşdirilməsi məsələlərində nəzarətin adekvatlığı ilə bağlı narahatlıqlar qalmaqdadır.
MONEYVAL qabaqlayıcı tədbirlərin mütənasibliyini və qeyri-kommersiya təşkilatlarının qanuni fəaliyyətinin müdafiəsini təmin edərək, qeyri-kommersiya təşkilatlarının terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadələrə yol verməsi riskinin azaldılması üzrə təcili tədbirlər görməyə çağırır.
MONEYVAL-ın fikrincə, maliyyə müəssisələrinə və qeyri-maliyyə müəssisələrinə və peşələrinə nəzarət fundamental təkmilləşdirmələr tələb edir. Nəzarət orqanları arasında risklərin başa düşülməsi fərqlidir və risklərin qiymətləndirilməsinə əsaslanan nəzarətə daha ciddi yanaşma tövsiyə olunur.
Azərbaycanın hüquqi şəxslərdən qanunsuz istifadənin qarşısının alınmasında uğur əldə etməsinə baxmayaraq, şəffaflığın təmin edilməsi üçün daha fəal tədbirlərə ehtiyac var. Hesabat verən təşkilatlara israrla siyasi təsirə malik şəxslərin və benefisiarların müəyyən edilməsi üçün zəruri tədbirlər görmək tövsiyə olunur.
Gələcək prosedurlar çərçivəsində Azərbaycanın MONEYVAL-a 2025-ci ilin dekabrına qədər çirkli pulların yuyulmasına / terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsində irəliləyiş haqqında məlumat verəcəyi gözlənilir.
Baş nazir Əli Əsədov 2 oktyabr 2023-cü il tarixində “AR “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa uyğun olaraq yüksək riskli zonaların müəyyən edilməsinin əsasları haqqında” qərar imzalayıb.
Beləliklə, yüksək riskli zonaların müəyyən edilməsinin əsasları aşağıdakılardır:
- BMT Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;
- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;
- FATF tərəfindən edilmiş ictimai bəyanatlar.