SON DƏQİQƏ! Sərhəddə görüşlər bitdi, DÖYÜŞLƏR başladı: iki erməni məhv edildi, eskalasiya kimlərin planıdır?

13-02-2024, 09:29   

Sərhəddə döyüşlər başlayıb. Ermənistan atəşkəsi pozaraq Zəngilan və Tovuz istiqamətində mövqelərimizi atəşə tutub. Gözlənildiyi kimi, erməni tərəfi aylardır davam edən sükut və regionda sabitliyi pozdu. Bununla da ikitərəfli danışıqlara zərbə vuruldu. Analitiklər də proqnozlar səsləndirirdi ki, eskalasiya riski var. ABŞ Xarici Əlaqələr Şurasının bəyanatı təsadüfi olmadı. Həmçinin, Amerika Ermənistandakı  vətəndaşlarına Azərbaycanla sərhədə getməmək çağırışı edəndə bəlliydi ki, şərti sərhəddə qarşıdurma ola bilər. Paşinyan növbəti avantüraya getdi. Çünki sərhəddə toqquşmanı ikitərəfli danışıqları istəməyən üçüncü tərəf arzulaya bilərdi. Anaxeber.info məlumat verir ki, Ermənistan Azərbaycanı sanksiyalara məruz qalması üçün bu oyuna girişib. Amma bədəli ağır olacaq. Fransa və Qərb tərəfdaşlarının hiyləgər oyununa alət olan İrəvan böyük səhvə yol verdi. Bəli, regionda yeni proseslər başlanır: Qərb Rusiyaya qarşı yeni front açır, Bakını isə cəzalandırmaq üçün Ermənistanın əli ilə eskalasiyaya rəvac verir. Artıq Zəngilanda bir əsgərimiz yaralanıb, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən isə Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib. Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yaralıların olduğu da bildirilir.
təxribat ilk deyil, son da olmayacaq. Çünki Azərbaycan XİN-in də yaydığı məlumatda bildirildiyi kimi, atəşin açıldığı həmin ərazi AB missiyasının fəaliyyət zonasıdır. Ermənistanın AB-nin qurduğu hansısa kirli planın bir parçası olma ehtimalı da var. İrəvanı silahlandıran qüvvələr öz mənfəətləri üçün Cənubi Qafqazda yenidən müharibənin alovlanmasını istəyir və revanşist duyğular ilə yaşayırlar. Hətta Paşinyanın sülh müqaviləsinin imzalanması yubansa belə, qarşılıqlı şəkildə gücdən istifadədən imtina haqqında təklifinin arxasında da Qərbin bölgəyə daxil olma məqsədi dayanır.
Ekspertlər isti-isti yazırlar ki, sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir. Politoloq Elxan Şahinoğluya görə, bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar. "Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb. İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər. Üçüncü ehtimal odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu böyük toqquşmaya səbəb ola bilər. Bu Ermənistan üçün son dərəcə risqli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub".
Siyasi şərhçi Asif Nərimanlı isə yazır ki, Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açmasının sərhəddə eskalasiya yaratmaq planına xidmət etdiyi şübhəsizdir: erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib; atəşin snayperdən açılması məqsədin Azərbaycan ordusuna itki vermək olduğunu isbat edir;
Snayperdən açılan atəşin adekvat cavabı olacaq, bu baxımdan, “Ermənistan Azərbaycanın cavab atəşi açmasında və hərbi qarşıdurmanın yaşanmasında maraqlıdırmı” sualı yaranır. Bu sual xüsusilə iki kontekstdə diqqət çəkir:
- Azərbaycanda seçki prosesi bitdi və qarşıda sülh danışıqlarının növbəti raundu gəlir;
- Paşinyan dünən Britaniya mediasına müsahibəsində sülh danışıqlarının yenidən başlanmasında maraqlı olduqlarını elan etdi;
Bu, snayper atəşinin rəsmi İrəvanın iradəsindən kənar açıldığı, erməni ordusu daxilində prosesin tormozlanmasını istəyən qrupların oyunu olduğu fikrini önə çıxara bilər. Ermənistan tərəfi də “hadisənin araşdırılacağını, hərbçinin cəzalandırılacağını” bildirib. Hərçənd, Ermənistanın maraqları snayper atəşinin açılması əmrinin rəsmi İrəvan tərəfindən verildiyi versiyasını gücləndirir.
Birincisi, Ermənistan və bu ölkədə Rusiyanın “təhlükəsizlik yerini” doldurmaq istəyən Qərb tərəfdaşları, xüsusilə Fransa Azərbaycanla sərhəddə eskalasiyanın olmasında maraqlıdır: mümkün hərbi qarşıdurma İrəvana Moskvanın “təhlükəsizlik müttəfiqliyindən” imtina etməyə, yaxud təhlükəsizlik məsələsində Qərb tərəfdaşlarına ağırlıq verməyə səbəb yaradacaq; 44 günlük müharibədən sonra sərhəddə baş verən qarşıdurmalarda Ermənistan KTMT və Rusiyaya bu ittihamları ünvanlayıb, lakin indi situasiya fərqlidir;
- Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb və erməni ordusunun arsenalının təmin edilməsi şaxələndirilib;
- Aİ müşahidəçilərinin sayı kifayət qədər genişləndirilib: İrəvan sərhədlərin mühafizəsini “müşahidə missiyası”nın çətiri altında öz qüvvələri tərəfindən təmin edə biləcəyini hesab edir;
Hazırda Ermənistan Rusiyanın yerini kifayət qədər doldura biləcək dəstəyə malikdir və baş verə biləcək mümkün esakalasiya bu istiqamətdə praktiki addımların atılması üçün istinad nöqtəsi ola bilər. Zəngilan rayonu da Ermənistanın sərhəddə eskalasiya nöqtəsinə çevirə biləcək beş nöqtədən (Kəlbəcər – Söyüdlü mədəni, Laçın – Qaragöl istiqaməti, Naxçıvan – Kərki kəndi, Qazax – işğal altındakı 7 kənd) biridir.
İkincisi, Zəngilan rayonu istiqamətində mümkün eskalasiya Zəngəzur dəhlizi layihəsini tormozlamağa hesablana bilər: dəhlizdən imtina edən Ermənistan Mehridə heç bir praktiki iş görməsə də, Azərbaycan layihənin sərhədə qədər olan hissəsini tamamlamaq üzrədir; İrəvan dəhlizlə bağlı görülən işləri sabotaj etməkdə, həm də bu marşrutun təhlükəsiz olmadığını göstərməkdə maraqlıdır;
Üçüncüsü, İrəvan mümkün Brüssel görüşünə hazırlaşır: sülh danışıqlarının Qərb platformasında davam etdirilməsinə ümid edən Ermənistan Aİ Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə təbrik zəngini yeni fürsət olaraq görür; Mişel Brüssel formatında görüşün davam etdirilməsini təklif etdi, Əliyev üçtərəfli formatı (bu o deməkdir ki, Fransanın iştirakı mümkün deyil) dəstəklədi; Brüssel formatı bərpa ediləcəyi təqdirdə, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsini əsas prinsip olaraq irəli sürəcək, bu dəfə “Azərbaycandan Azərbaycana prinsipi” üzrə; Kalininqrad təcrübəsinə əsaslanan bu təklif daha öncə Brüsseldə müzakirə olunub və növbəti raundda yenidən aktuallaşması gözləntisi var; Brüssel formatı üçtərəfli qaydada davam edərsə və Bakı Naxçıvana maneəsiz keçidi qəbul etdirərsə, ki bu ehtimal hazırda önə çıxıb, İrəvanın Qərb platformasından gözləntiləri də özünü doğrultmayacaq; bu baxımdan, mümkün Brüssel görüşündən öncə məhz Zəngilan istiqamətində - Zəngəzur dəhlizi ətrafında hərbi hərəkətlilik Ermənistana “kommunikasiya bizim istədiyimiz formada açılmasa, təhlükəsizlik problemləri yaranacaq” mövqeyini əsaslandırmaq üçün lazımlı ola bilər;
Baş verənlər fonunda snayper atəşinin birdən çox hədəfinin olduğu qənaəti yaranır, lakin bunun böyük eskalasiyaya səbəb olacağı gözləntisi hələ də azdır. Zəngilan istiqamətində açılan atəşin cari dövr üçün bir əsas hədəfi var: Zəngəzur dəhlizinin təhlükəsiz marşrut olmadığını nümayiş etdirmək.
Və bu, səbəbsiz deyil. Çünki yanvarın 29-da keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə İnvestorlar Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə 10 milyard avro sərmayə qoymaq qərarı verildi. Bu qərar Zəngəzur dəhlizi layihəsinin Brüssel üçün aktuallaşdıracaq amildir.
- Aİ-nin Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır;
- Azərbaycan Gürcüstan marşrutu ilə yanaşı, alternativ imkan kimi Zəngəzur dəhlizini irəli sürür (Naxçıvana maneəsiz keçid olaraq) və Bakının mövqeyi Brüsselə təsir edə bilər;
- Mərkəzi Asiya ölkələri də Azərbaycanın layihəsini dəstəkləyir;
- Zəngəzur dəhlizi – Mehridən keçəcək maneəsiz yol Qərb analitikləri tərəfindən nəqliyyat dəhlizləri arasında təhlükəsiz marşrutlardan biri kimi qiymətləndirilir: misal üçün, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi son hesabatında bu dəhlizin təhlükəsiz olduğundan bəhs edir və qeyd edir ki, Aİ Bakı və İrəvan arasında mümkün sülh sazişinə dəhlizin açılması müddəasının daxil edilməsində maraqlı ola bilər;
- Aİ-nin Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan “Kalininqrad təcrübəsi”nə əsasən işləməsini dəstəkləməsi istisna edilməməlidir;
Ermənistanı narahat edən də budur. Bu baxımdan, Zəngilan istiqamətində açılan snayper atəşinin hədəfinin də bu marşrutun təhlükəli olduğunu göstərmək məqsədi daşıdığını deyə bilərik.
Azər Talıbov
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.