Ağ Ev Rusiyanın Moskva ətrafındakı Crocus City Hall konsert zalına terror hücumu ilə Ukraynanın əlaqəsinə dair iddialarını yenidən rədd edib.
Reuters agentliyinin yazdığına görə Vaşinqton bildirib ki, Birləşmiş Ştatlar Moskvada ekstremist hücumun gözləndiyinə dair aydın və təfərrüatlı informasiyanı hadisədən əvvəl Rusiyanın təhlükəsizlik xidmətlərinə göndərib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi martın 28-də Rusiyanın bu hücumla Ukraynanın əlaqəsinə dair iddialarını “cəfəngiyat və propaqanda” adlandırıb.
Kirbinin bu bəyanatlarından əvvəl Rusiyanın İstintaq Komitəsi martın 22-də konsert zalına hücumda şübhəli bilinən dörd nəfərin Ukraynaya bağlı olduqlarına dair sübutlar aşkar etdiyini bildirmişdi.
Kirbi bununla bağlı ABŞ-ın bu məsələdə habelə Fransa tərəfindən dəstəklənən mövqeyini bir daha təsdiqləyib:
"Bu tamamilə aydındır ki, ötən həftə Moskvada baş vermiş dəhşətli hücuma görə məsuliyyəti yalnız İslam Dövləti təşkilatı daşıyır. Əslində Birləşmiş Ştatlar bu terrorçu hücumu önləməyə çalışıb və Kreml bunu bilir”.
Sözçü xatırladıb ki, hücumun ola biləcəyinə dair mesaj Rusiya təhlükəsizlik xidmətlərinə martın 7-də yerli vaxtla saat 11:15-də ötürülüb.
Bu da vurğulanır ki, bu, Moskvada konsertlərə və izdihamlı ictimai yerlərə potensial ekstremist hücumlar barədə verilən çoxsaylı xəbərdarlıqlardan yalnız biridir.
Kirbi bir daha xatırladıb ki, sözü gedən məlumatlar “normal prosedurlara uyğun olaraq çoxdan oturuşmuş və dəfələrlə istifadə olunmuş kanallarla” ötürülüb.
İslam Dövləti ekstremist təşkilati bu hücuma görə məsuliyyət daşıdığını bir neçə dəfə bəyan edib və İD-ə bağlı media kanalları konsert zalının içində çəkilmiş foto və videoları dərc edib.
Reuters yazır ki, İD-in öz məsuliyyətini bəyan etməsinə və ABŞ-ın açıqladığı informasiyalara baxmayaraq Vladimir Putin və Rusiyanın başqa rəsmiləri bu hücuma inadlı bir şəkildə Ukraynanı qatmağa çalışırlar.
Rusiyanın İstintaq Komitəsi martın 28-də bəyan edib ki, hücumda şübhəli bilinənlər “Ukrayna millətçiləri ilə əlaqələrə” malik olublar:
"Saxlanmış terrorçularla aparılan iş, onlardan alınmış texniki vasitələrin təhqiqatı və maliyyə köçürmələrinin təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqələri aşkar edilib”.
Bəyanatda iddia olunur ki, şübhəlilər Ukraynadan əhəmiyyətli məbləğdə pul və kriptovalyuta alıblar”.
Bu da qeyd edilir ki, “terrorçuların maliyyələşdirlməsində şübhəli bilinən başqa bir şəxs” saxlanıb və müstəntiqlər onun barəsində həbs qətimkan tədbiri seçilməsini istəyiblər.
Bəyanatda bu iddialar barədə təfərrüatlı məlumat verilmir.