Seymur Qaraşov yayılan videonun silinməsini tələb edib, amma…” – Şəhid oğlu çarəsiz durumda…

1-04-2024, 10:12   


Tərtər rayon sakini Vüsal Mehdiyev deyir ki, rüşvət hallarına, rəhbərliyin özbaşınalıqlarına etiraz etdiyinə görə işini itirib.


Onun sözlərinə görə, baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, özünü işdən çıxarıblar.

“Nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum”

35 yaşlı Vüsal Mehdiyev Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işləyirdi.

Onun sözlərinə görə, illər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşüb, atasının şəhid olduğunu və ailənin dolanışığı üçün işə ehtiyac duyduğunu onun nəzərinə çatdırıb:

“Atam Qaçay Mehdiyev Tərtərin ilk şəhididir. Nazir vətəndaşları qəbul edəndə mən də getdim. Vəziyyətimiz barədə məlumat verdim. Sağ olsun, dərhal göstəriş verdi, məni işə götürdülər. 2013-cü ilin noyabrından işləyirəm”.

Vüsal Mehdiyev deyir ki, Tərtər Rayon Dövlət Yanğından mühafizə hissəsində işə başlayandan orada rüşvət və başqa formada qanunsuzluqların şahidi olub:

“İşçilərdən pul toplanmasından tutmuş, hadisələrin sayının şişirdilməsinə qədər müxtəlif cür qanunsuzluqlar olurdu. Mən də saxtakarlıqlara susmadığıma görə təxminən 3 ay sonra yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyevlə aramızda problem yarandı. O hesab edir ki, nə istəsəm eləyə bilərəm, işçi kimdir ki, mənə irad bildirsin? Məni sıxışdırmağa başladı. Nazirin adına teleqram vurub, baş verənləri çatdırdım. Dedim, nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum. Bundan sonra yalvar-yaxar elədi ki, ondan şikayətçi olmayım”.

“Deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da…”

Səhhətində ciddi problemlər olduğunu deyən Vüsal Mehdiyevin sözlərinə görə, bu üzdən bir neçə dəfə ona xəstəlik vərəqi (bülleten) açılıb.

O vurğulayıb ki, heç vaxt əsassız işdən qalmayıb. Bütün sənədlər də xəstə olduğunu təsdiqləyir:

“Mən mədə və prostat problemlərindən əziyyət çəkirəm. Özləri də bunu yaxşı bilir. Amma Mübariz Əliyev bunu bildiyi halda, xəstəxanaya göstəriş verib ki, mənə bülleten açmasınlar. Təsəvvür edin, əlimdə həkim sənədi ola-ola işə gəlmədiyim müddətin maaşını kəsdilər. Düzdür, adamlar var ki, xəstə olmadığı halda, bülletenə çıxır. Məndə elə deyil axı…”.

Vüsal Mehdiyev deyir ki, Mübariz Əliyevin təzyiqlərinə dözməyib, bir müddət əvvəl baş verənləri ictimailəşdirib – başına gələnlər sosial şəbəkələrdə yayılıb.

Onun sözlərinə görə, fövqəladə hallar nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov sosial şəbəkələrdə yayılan videonun silinməsini tələb edib.

“Əslində, atılmalı addım özbaşınalıqların qarşısının alınması, rüşvətxorluq edən, qanunsuzluq edən adamların cəzalandırılması olmalıydı. Görünür, elə buna güvənərək Mübariz Əliyev ona etiraz eləyən işçiyə deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da. Onun bu cür davranışlarının nəticəsidir ki, Bərdə rayonunda işlədiyi dövrdə etiraz olaraq, bir işçi özünü yandırmışdı. Hamını bezdirib. Artıq məni də o həddə çatdırıblar”.

FHN: “Qanunun tələbini pozduğuna görə işdən çıxarılıb”

Vüsal Mehdiyev təxminən iki ay əvvəl işdən çıxarılıb.

Deyir ki, səhhətində ciddi problemlər olan 2 yaşlı da daxil, ailə üzvləri çətin vəziyyətdədir:

“Himayəmdə bir tərəfi işləməyən xəstə uşağım var. Şəhid anası və şəhidin həyat yoldaşı – nənəm və anam da mənim himayəmdədir. Şəhid ailəsinin durumuna belə laqeyd münasibət yolverilməzdir”.

Vüsal Mehdiyevin həm özü, həm də anası Əntiqə İsmayılova onun işə bərpası üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib, amma müraciətlərinə müsbət cavab ala bilməyiblər.

Nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov bildirib ki, Vüsal Mehdiyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini pozduğuna görə nazirin əmrilə işdən çıxarılıb.


Meydan TV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.