Bir misal var - qulaq hər gün təzə söz eşitməsə kar olar. Azərbaycanda hər sortda bir özbaşınalıq, kələk, dələduzluq əməli olmuşdu, amma beləsini ilk dəfə görməkdəyik. İndi sizə təqdim edəcəyimiz məsələdə kimin təqsirkar olduğunu müəyyən etmək bizim işimiz deyil, ancaq vətəndaşın şikayətini ictimailəşdiririk ki, duyduq-duymadıq deyən olmasın, babalı kimindirsə, o da işi yoluna qoysun. Çünki həm ayıb bir işdir, həm də qanunsuzluqdur, üstəlik də mənəvi cəhətdən böyük günahdır, ona görə ki, işin içində bir şəhid atası var...
Beləliklə, Anaxeber.info-ya bir müddət əvvəl bu məsələ barədə şikayət edilmişdi və biz də obyektivlik olsun deyə vətəndaşın müraciətini Baş Prokurorluğa sorğu olaraq göndərmişdik ki, ictimailəşməmiş bir aydınlıq gətirilsin, bəlkə problem operativ şəkildə həllini tapar. Ancaq vətəndaşın problemi həll olunmadığına görə bizdən xahiş edib ki, onu işıqlandıraq.
Belə ki, İmişli rayon sakini olan Kərimov Səyavuş Əliyar oğlu redaksiyamıza müraciət edib. Vətəndaş Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ruslan” marketin yaxınlığındakı ət satışı məntəqələrindən birinə mal-heyvan verdiyini deyib. Onun sözlərinə görə, Zaur adlı qəssab bunun qarşılığında 6900 manat ödəniş etməlidir. Şikayətçi deyir ki, qəssab bu ilin martından bəri pulu verməyi yubadaraq ödəniş etmir.
S.Kərimov bildirir ki, bu prosesdə şəhid atası olan qayınatası da iştirak edib, məsələyə şahiddir. Ancaq dəfələrlə Zaurun yanına getmələrinə baxmayaraq, pulu ödəmir. Buna səbəb kimi həmin heyvanları prokurorluq əməkdaşlarının aldığını, hələ də pulu vermədiklərini göstərib. Zaur deyib ki, prokurorluq işçilərindən həmin 6900 manatı ala bilmədiyi üçün borcu da qaytara bilmir.
Şikayətçi məsələ ilə əlaqədar Bakının Nizami rayonu, 25-ci polis şöbəsində ərizə yazıb, şikayətçi olub. Lakin hələ də məsələ həllini tapmır. RPŞ-nin Bəhruz adlı sahə rəisi bu işə həvalə olunub, amma indiyə qədər 6900 manatın alınmasında hər hansı nəticə yoxdur. Şikayətçi və onun şəhid atası olan qayınatası bu işin araşdırılmasını xahiş edirlər. Onlar Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edərək 6900 manatın ödənilməsi üçün araşdırma aparılmasına müvafiq tapşırıq verilməsini istəyirlər. Şikayətçilər bilmək istəyirlər ki, Zaur adlı qəssab, yoxsa adları bəlli olmayan prokurorluq əməkdaşları bu işdə təqsirkardır. Zaur deyir ki, prokurorluq işçiləri qurbanlıq üçün 6900 manatlıq mal alsalar da, indiyə qədər pulunu vermirlər deyə o da borclu və çıxılmaz vəziyyətdə qalıb. İndi ümid olunur ki, bu şikayət araşdırılacaq.
050 749 88 92