“Mənim namizədliyimin ləğv edilməsindən xəbərim yoxdur”.
"AzPolitika" xəbər verir ki, bunu 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizədliyi MSK tərəfindən ləğv olunan Elton Məmmədov "Globalinfo.az"-a açıqlamasında deyib.
O, namizədliyinin saxtakarlığa görə ləğv edilməsi ilə bağlı yayılan xəbəri təkzib edib.
Bildirib ki, heç bir saxtakarlıqdan söhbət gedə bilməz: “Sizcə, dövlətə və dövlət başçısına qarşı saxta siyasət həyata keçirə bilərəm?! Açığı, xəbəri sizdən eşidirəm. Yəqin, bu qərarı Mərkəzi Seçki Komissiyasının rəhbəri və Ucar rayon icra başçısı verib. Mənim heç nədən xəbərim yoxdur. Mənə qarşı saxtakarlıq olduğu üçün əslində, namizəd olaraq mən xəbərdar olmalıyam. Namizədliyim mənə xəbər verilmədən ləğv edilibsə, deməli, hüququm pozulub. Hüququmun pozulması haqda gərək addım atım”.
E.Məmmədov "Gününsesi.info" saytına açıqlamasında isə daha sərt danışıb: “Namizədliyimin ləğv olunması barədə xəbəri indi saytlardan oxudum. Mən nə əmlaklarıma aid, nə də başqa bir sənədlərimdə heç bir saxtalaşdırma etməmişəm. Ən böyük saxtakar Məzahir Pənahovdur!”
Sabiq deputat daha sonra bildirib ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib: ”Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da “hə” deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Əgər YAP-dan olan rəqibim qələbə qazansa, əlini ilk sıxan mən olacaqdım. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir”.
Elton Məmmədov deyib ki, MSK-nın onu iclasa dəvət etməməsi də bir başqa qanunsuzluqdur: “Mənə orada sübutlar təqdim etməli idilər. Mən də öz arqumentlərimi, izahatımı verməliydim. Məni də dəvət etmədilər. Çünki saxtakar özləridir”.
MSK-nın Mətbuat Xidmətinin rəhbəri Şahin Əsədli isə "Gununsesi.info"-ya Elton Məmmədovun iclasa dəvət edilməməsi barədə dediklərinə mübasibət bildirib: ”İclasa şikayətçi dəvət olunub. O, öz şikayətinə dair sübutlarını, arqumentini ifadə edib. Buna uyğun olaraq da qərar qəbul olunub”.
Xatırladaq ki, E.Məmmədov sabiq nazir Ziya Məmmədovun qardaşıdır və əvvəllər bir neçə dəfə deputat olub.
"AzPolitika.info"