Vüsal Novruzovun şok gömrük planları
Bakı Baş Gömrük İdarəsinin rəisi gömrükdəki rüşvətə keşikçi postuna öz media adamının gətirir
Ölkəmizdə iqtisadiyyatın inkişafına ən ciddi zərbə vuran strukturlardan birinin də məhz Dövlət Gömrük Komitəsi olması sübuta ehtiyacı olmayan aksiomdur. Buradakı inhisarçılıq və korrupsiya orta təbəqənin tam şəkildə sıradan çıxarılmasına, inhisarçılıq nəticəsində süni qiymət artımının reallaşmasına yol açmaqdadır. Hər hansı bir iqtisadi əməliyyatın həyata keçirilməsi zamanı iş adamlarından və fiziki şəxslərdən elə məbləğdə "şapka” tələb olunur ki, sahibkar üçün həmin malı ölkəyə gətirmək sadəcə olaraq sərf eləmir. Bu yolla da iqtisadi rəqabət mühitini aradan qaldıran "gömrük qoçuları” faktiki olaraq istənilən malın və ya əmtənin qiymətini müəyyənləşdirən hegemon gücə çevrilir.
Bu proses hazırda ölkəyə mal idxalında özünü daha qabarıq şəkildə göstərir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, neçə illərdir ki, Azərbaycana istər hava, istər su, istərsə də quru nəqliyyatı ilə gətirilən malların gömrükdən buraxılması üçün hər bir metr yer üçün 2 min manat "şapka” alınır. Mənbəmiz iddia edir ki, konteynerdə hündürlük nəzərə alınmır, en və uzuna görə pul tələb edilir: "Tutaq ki, sənin gətirdiyin mal (növündən asılı olmayaraq) konteynerdə eninə və uzununa 2 metr yer tutubsa, 4 min manat rüşvət verməlisən. Yalnız bundan sonra sənin malını gömrük yoxlamasına buraxırlar. Rəsmi rüsum bu 4 min manata daxil deyil. Həmin rüşvəti verirsən ki, malını ölkəyə buraxsınlar. Bu prosesə mərkəzləşmiş qaydada heç bir rəsmi vəzifəsi olmayan, sadəcə, bu sahəni nəzarətdə saxlayan bir qrup həyata keçirir”
Mənbəmiz iddia edir ki, əgər əvvəl gömrükdə rüşvət və qeyri rəsmi yığımlar yalnız həmin qrup tərəfindən həyata keçirilirdisə son aylar artıq bu sahədə də ikitirəlik yaranıb. Bunu Dövlət Gömrük Komitəsindəki (DGK) daxili ziddiyyətlərin üzə çıxan təzahürü adlandıran informasiya qaynağımız qeyri-rəsmi rüsumların yığılmasına məsul olan yeni qurumun yaradılmasını da məhz bu amillə iah edir: "Hər şeydən öncə bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Gömrük Komitəsi heç də monolit və ya bir qrup tərəfindən yönləndirilən struktur deyil. Burada həm ölkə rəhbərliyində yer alan qruplaşmaların, həm də DGK səviyyəsindəki qruplaşmaların şəbəkələşmiş strukturları fəaliyyət göstərir. Bir-birilə açıq ziddiyət şəraitində fəaliyyət göstərən həmin qruplaşmalar arasındakı "nüfuz savaşı”nın daha bir nümunəsi isə bu yaxınlarda yaradılmış Gömrüyə Nəzarət Komitəsidir. Əslində adıçəkilən qurumun hansı əsaslarla yaradılması, onun fəaliyyətinin qanunauyğun olub-olmaması da kifayət qədər mübahisəlidir. Amma bununla bağlı diqqət çəkən ən mühüm amil odur ki, həmin komitəyə rəhbər təyinatını artıq Bakı Baş Gömrük İdarəsinin rəhbəri Vüsal Novruzov ələ keçirib və yeni quruma məhz onun adamının təyin olunacağı gözlənilir". Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə V.Novruzovun seçdiyi kadr həm media, həm gömrük, həm də siyasi çevrələrə tanış simadır. Belə ki, illər öncə daha çox müxalif düşərgəyə bağlı bu şəxs radikal müxalif mətbu orqanlarda da çalışıb və bu gün artıq bir sıra səlahiyyətləri əlində cəmləşdirməklə Gömrük Komitəsində mühüm söz sahiblərindən birinə çevrilib(Onu da bildirək ki, həmin şəxsin adı bizə bəllidir və mövzu ilə bağlı növbəti araşdırmamızda onu sizə təqdim edəcəyik).
V.Novruzovun sözügedən şəxs üzərində dayanmasının isə özəl səbəbləri var. Redaksiyamıza daxil olan məlumata görə, hazırda ölkəyə idxal olunan parket və bütün növ mebellər üzərində inhisarçılığı həyata keçirən bu şəxs "gömrük bossları”nı belə özüylə hesablaşdıracaq gücə sahiblənib. Arxasında böyük və çox güclü media strukturlarının da dayandığı adam bu əlavə üstünlüklərindən maksimum yararlanır. Mənbə cumhuriyyet.az-a onu da bildirir ki, bu şəxs artıq Gömrük Komitəsində digərlərinin də salahiyyətlərini öz əlində cəmləşdirmək istiqamətində konkret fəaliyyətə keçib ki, bu da qarşı tərəfdə açıq qıcıq yaratmaqdadır. Düzdür, onlar hələlik baş verənlərlə bağlı açıq şəkildə İlqar Əliyevə qarşı çıxmaqdan çəkinirlər, amma bunun sona qədər belə olacağına kimsə zəmanət verə bilməz. Hər halda əldə etdiyimiz informasiyalara görə, məğlub olmaqda olan qruplaşma yeni kadra qarşı həm mediada, həm də iqtisadi kulislərdə açıq mübarizəyə hazırlaşır. Bu isə Gömrük Komitəsindəki növbəti münaqişə ocağının yaranması anlamına gələ bilər. Amma bu mübarizədə hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq ölkə vətəndaşı üçün heç nə dəyişməyəcək. Bu mübarizə sadəcə olaraq maksimum halda "inhisarçıların əl dəyişməsi”nə səbəb ola bilər ki, bu da böyük ölçüdə ümumi mənzərənin dəyişməsi üçün yetərli sayıla bilməz.