Icra başçısının müavininə hücum edildi- Yevlaxda+Təfərrüatlar

16-10-2014, 20:34   
Icra başçısının müavininə hücum edildi- Yevlaxda+Təfərrüatlar



Bu gün bir sıra KİV- də və sosial şəbəkələrdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin Yevlax rayonunda bir sahibkar tərəfindən bıçaqlı hücuma məruz qaldığı haqda xəbər yayılıb.


Yayılan xəbərdə bildirilir ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün Yevlaxda olarkən bir dükanın qarşısında ayaq saxlayaraq, mağazanın qarşısının zibilli olmasını dükanın sahibinə irad tutub. Nəticədə, Elmar Vəliyevlə sahibkar arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyüyüb və tərəflər qarşılıqlı söyüşlərə keçiblər. Vəziyyətin gərginləşəcəyini görən polislər məsələyə müdaxilə edərək sahibkarı polis idarəsinə aparıblar. Hal- hazırda sahibkarın polis idarəsində saxlanıldığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, ucnoqta.az məsələyə aydınlıq gətirmək üçün, Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədovla əlaqə saxlayıb. İcra başçısı açıqlamasında, bu məsələnin Elmar Vəliyevlə heç bir əlaqəsinin olmadığını, olayın onun müavininin başına gəldiyini bildirib:

“Mən sizə deyim ki, Elmar Vəliyevin bu dəqiqə Gəncədən çıxmağa vaxtı yoxdur. Cənab prezidentin bu yaxınlarda Gəncə şəhərinə səfəri gözlənilir. Orada çoxlu işlər görülür. Elmar müəllimin bura gəlməsi və belə hadisəni yaşaması uydurmadı. Dediyiniz hadisə rayon ərazisində yerləşən “Üç qardaş” deyilən marketin sahibləri Nəbiyev Vüsal və Vüqar qardaşları ilə mənim müavinim olan Namiq Süleymanov arasında baş verib. Onlar mənim müavinimi söyüb, təhqir ediblər. Çox tərbiyəsiz insanlardı bu şəxslər. Küçə ticarəti ilə məşğuldurlar. Mən göstəriş vermişəm ki, küçə ticarəti yığışdırılsın. Bunların da atası İnqilab kişi bir neçə gün qabaq mənim qəbulumda olarkən, xahiş etdi ki, bir az malımız qalıb satıb yığışdıraq. Mən də icazə verdim, amma neçə gün keçib hələ də yığışdırmayıblar. Bu gün müdaxilə edilib və nəticədə polislərə də, mənim müavinimə də hücum ediblər. Məsələ bundan ibarətdir. İnsidenti yaradan şəxslər hal- hazırda polis idarəsindədirlər, qanunlara uyğun hərəkət ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.