Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru, millət vəkili Ağacan Abiyevin fəaliyyəti ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Məlumata görə, bu gün İdman Akademiyasında rüşvət gücünə həll oluna bilməyəcək heç bir məsələ yoxdur. Xüsusilə bu yaxınlarda İdman Akademiyasında keçirilmiş qəbul imtahanları ilə bağlı çoxsaylı narazılıqlar yaranıb.
Məlumatlarda bildirilir ki, müəyyən edilmiş məbləğləri ödəmiş tələbələr hətta turnikdə bircə dəfə olsun belə çəkinmək qabiliyyətində olmasalar belə, "qabiliyyət” imtahanlarını müvəffəiyyətlə verə biliblər. "Qabiliyyətli” abituriyentlərin siyahısında tərslik düşməsin deyə, Ağacan müəllim bu imtahanların gedişini də şəxsən izləyib: "Halbuki, əslində pul yığımı da daxil olmaqla, akademiyanın bütün idarəçilik işləri artıq bir neçə müddətdir rektorun katibəsi Samirə xanımın səlahiyyətinə verilib. Lakin məlumatlarda bu da qeyd olunur ki, imtahan qiymətlərinin yazılması və tələbə köçürmələri ilə bağlı akademiyada səlahiyyəti olan daha bir şəxs də vardır. Həmin şəxs ADBTİA-nın tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlıdır. Ağacan Abiyev bu iki yaxınının sədaqətli olmalarını təmin etmək məqsədilə onlara xüsusi münasibət nümayiş etdirir. Belə ki, məlumatlara görə Samirə xanıma rektorun son hədiyyəsi onun üçün Nabranda inşa etdirdiyi villa olub. Yusif müəllim isə hələlik son model cip avtomobili və daha bir neçə qohumunun akademiyada işlə təminatı ilə kifayətlənib.
Akademiyada təhsil alan tələbələr də təsdiq edirlər ki, onların əksəriyyəti əvvəlcədən müəllimə pul verir, sonra isə yazılı formada keçirilən imtahanlarda sadəcə vərəqi qaralamaqla məşğul olaurlar. İnsaf naminə tələbələr bunu da qeyd edirlər ki, burada "qiymətlər” digər universitetlərlə müqayisədə müəyyən qədər aşağıdır. Məsələn bir semestrdə dörd imtahana görə 150 manat ödəmək kifayət edir. Mənbələr bildirir ki, akademiyada imtahanlar test üsulu ilə aparılmır. Bu da tələbənin imtahandan rüşvətlə keçməsinə imkan yaradır. Akademiyaya qəbul olmaq üçün 5-6 min manat, əgər tanışın varsa, daha az məbləğ verib qabiliyyət imtahanından keçə bilirsən. Tələbələrin sözlərinə görə, TQDK-nın test imtahanlarından keçmək mümkün olsa da, qabiliyyət imtahanında bu mümkün olmur.(yeniaxtaris.az)