"Dedilər, oldun İsa peyğəmbərin qardaşlığı”
“Digahda, kərpic zavodunda işləyirəm. Elə burda da qalıram. Nə vaxt istəsən, gələ bilərsən. “Azadlıq”dan (“Azadlıq prospekti” stansiyasını nəzərdə tutur-F.M) 147 düz bura gəlir.
“Peyğəmbər”lə işləyib-yaşadığı kərpic zavoduna görüş təyin etdik. Məni kənddəki qəbiristanlığın qarşısında gözləməli idi. Qəbiristanlığın qarşısına çatıb Qorxmaz “peyğəmbər”ə zəng vurub “Ya “peyğəmbər”, artıq hüzurundayam” - demək istəyirdim ki, operatorun “Bu nömrə hazırda zəngləri qəbul etmir” cavabını eşitdim. Çox var-gəl edib, bir təhər Digah və Məhəmmədi kəndlərinin düz sərhədində yerləşən kərpic zavoduna varid oldum.
Zavodun həyətində üst-başına kərpic ovuntusu hopmuş cavan oğlandan “peyğəmbər”i xəbər alan kimi, tez “Qorxmaz dayını deyirsən?” deyib də məni zavodun həyətindəki hücrəyə apardı. Bəli, həmin otaq əməlli-başlı hücrə idi. Nəfəsimi dərib, telefonu bağladığına görə, “peyğəmbər”i məzəmmətə başlayacaqdım ki, özü məni qabaqladı:
- Vallah, mənlik heç nə yoxdur. Mən səni qəbiristanlığın yanında gözlədim, gəlmədin. Həm də zavodda uşaqlar telefon söhbətimizi eşidib. Səhərdən zəng edib “Ya həzrət! Ya həzrət!” deyə - deyə məni dolayırlar. Mən də axırda bezib telefonu bağladım. Sən Allah, bağışla!
Nə etməli? Sözünü yerə salmadım “peyğəmbər”in. Özünü allahın elçisi elan etmiş “peyğəmbər”i bağışlamayıb nə edəcəkdim?
Qorxmaz “peyğəmbər”in biradamlıq hücrəsi milçəklərin tapdağı altında idi. Divardan asılmış yapışqana qara xal kimi düzülən milçəklərin sayı da bilinmirdi:
- Havalar soyuyub. Qapı da açıq qalır, doluşurlar içəri.
Köhnə televizorun qoyulduğu masanın üzərində içi siqaret kötükləri ilə aşıb-daşan külqabı, saralmış stəkanlar və dəm çaydanı da öz yerində...
İlk baxışda düşünürsən ki, bu hücrədə insan yaşamaz. Amma Qorxmaz “peyğəmbər” özündə güc tapıb bir təhər bu hücrəyə sığıb.
Əslən Şəkidən olan 51 yaşlı “peyğəmbər” ailəlidir, iki qız övladı var. Özünə ilk əvvəl “Dönməz”, daha sonra isə “Minəlli” ləqəbini götürüb. Hərbi xidmətini Krasnoyarskda keçən Qorxmazı “peyğəmbər”liyə aparan yol da məhz uzaq Sibirdən başlayıb. Onun təbirincə desəm, Sibir “peyğəmbər”in həyatına təsirsiz ötüşməyib. Söhbət zamanı Rusiyada mal-qara otardığını tez-tez vurğulayan Qorxmaz sanki qismətinə çobanlıq düşmüş peyğəmbərlərə işarə edərək öz “peyğəmbərliyini” legitimləşdirmək istəyirdi. Qorxmaz “peyğəmbər”ə ilk “vəhy” isə 2004-cü ildə gəlib:
- Uşaq vaxtı atamla kənddə odunçuluq etmişəm. Peşə məktəbini qurtarmışam, dülgərəm. Əsgərlikdən sonra Krasnoyarskda qaldım. Ölkəyə qayıdıb burda evləndim. Sonra təzədən Sibirə getdim. 90-cı ilin əvvəllərində, aləm qarışan vaxt yenə ölkəyə qayıtdım. 2000-ci ildə isə ailəmi burda qoyub yenə Sibirə yola düşdüm. Dediyim kimi, mən kənd camaatının mal-qarasını güdürdüm. Çobanlığı yaxşı bacarıram axı? Bir dəfə ildə mal-qaranı otaranda güclü yağış başladı. Oranın yağışı buranınkı kimi deyil e. Hə, onu deyirdim axı, bir də gördüm məni ildırım vurdu...
Hə, elə hər şey də bundan sonra başlayır. Çayın qırağında tonqal qalayıb dincini alan Qorxmazı ildırım 12-13 metr məsafədə vurub kənara atır. İldırım məsələsi artıq onun “peyğəmbər”liyi üzərindəki “sirr” pərdəsini götürmüş oldu:
- Məni ildırım vurandan sonra elə bil kimsə məni ovurdu. Bunu uşaqlara dedim, heç kim mənə inanmadı. Bundan sonra, sexdə odun qıranda “başına qoymuşuq, başına qoymuşuq” səsləri eşitdim. Elə bildim uşaqlar məni dolamaq üçün sexə “juçok” zad qoyublar. Daha sonra isə pəncərəmin qabağında 3 yaşlı kişi gördüm. Çölə çıxsam da, onlara çata bilmədim. Günlərin bir günü qeybdən belə bir səs gəldi: Ey insan, sən Allahdan var-dövlət arzulamısan. Sənin arzun qəbul olunub. Ancaq Allahın verdiyi var-dövlət siz insanların bildiyi kimi, qızıl, gümüş deyil. Sənə sirlər-sözlər xəzinəsi, peyğəmbərlik verilib. Düşündüm ki, Allah mənimlə məzələnir.
- Niyə məzələnsin ki, Allah sizinlə?
- İnanmaq olmur da. Necə inanasan? Sən olsan inanarsan? Nə isə, bir təhər peyğəmbərliyi qəbul etdim. Sibirdə qaldığım evin çardağında qucağında İsa peyğəmbər Məryəm ananın şəkli olan, “otkrıtka” tapdım. Məryəm ana mənimlə danışmağa başladı. Qeybdən səs gəldi, dedilər, Məryəm ana səni oğulluğa götürür. Sən oldun İsa peyğəmbərin qardaşlığı.
Bütün bunlardan sonra, Sibirdə Qorxmazı tanıyan dost-tanış yekdilliklə qərara gəlib onu müalicə etdirirlər. Ancaq müalicənin faydasız olduğunu görən dostlar 2007-ci ildə çıxış yolunu Qorxmazı vətənə yollamaqda görür. Qorxmaz isə vətənə qayıdandan sonra da, “peyğəmbərlik” sevdasından vaz keçmir. Bir müddət işsiz gəzən “peyğəmbər” odu-budu kərpic zavodunda həm işləyir, həm də yaşayır. Zavodda işi kürənin qapılarını hörməkdən və bir də kərpic qırıntılarını təmizləməkdən ibarətdir. Daima Allahla dialoqda olduğunu söyləyən “peyğəmbər”ə sən demə, hazırkı iş yerini elə qurbanolduğum özü məsləhət görübmüş:
- Düşündüm ki, “peyğəmbərliyimdən” niyə vətənimə, xalqıma xeyir gəlməsin. Niyə vətənim mənə görə müqəddəs torpağa çevrilməsin? Məhəmməd peyğəmbərə görə Ərəbistan varlı-hallı yaşayır. Mənim gözümə o görsəndi. Nə isə, uşaqlar məni yolladılar vətənə. Rusiyadan təzə gəlmişdim, iş axtarırdım. Anam, qardaşlarım Digahda, kəndin başında yaşayır. Bu yolun üstündə ferma var. İş üçün ora getdim. Dedilər iş yoxdu. Ordan qayıdanda Allah dedi ki, bura get, zərər görməzsən. Heç xəbərim yox idi ki, burda kərpic zavod var. Dedim, sənətkar adamam. Əlimdən hər iş gəlir. Dedilər, səhər gələrsən, səni işə götürdük. Səhər gələndə bildim ki, kərpic zavodunda işə düzəlmişəm. Rusiyadan təzə qayıdan vaxtlar qardaşımgildə qalırdım. Qardaşım ailəli adamdı, uşaqları var. Tez-tez ruhlarla, mələklərlə danışdığım üçün köçüb burda qaldım.
Elə bu üzdən anası, qardaşları, yaxınları Qorxmazı kafir elan edib. Qorxmazı aparmadıqları pir, ocaq, falçı, psixoloq qalmayıb:
- Bir dəfə qardaşım məni Maştağaya apardı. Dərdimi soruşmadan mənə iynə yazdılar. Qardaşım çox yalvardı ki, həkimin yazdığı iynəni vurum. Mən də ona “sən öl” vurduğum üçün iynələri özümə vurdum.
Söhbət əsnasında qəfil özündən çıxan Qorxmaz “peyğəmbər” dedi ki, bəs heç kim məni əsəbiləşdirməsin, istəsəm 3 günə dünyanın altını-üstünə çevirərəm. Daha sonra isə Yaponiyada təbii fəlakətlər yaratdığını dedi. Dedim, ya “peyğəmbər” etmə-elə, sözləriniz Yaponiya səfirinin qulağına çatar, ölkələrimiz arasında diplomatik qalmaqal yaranar. Dedi, yox e, mən Rusiyanı çox sevirəm. Bəs bu yaponlar da kor tutduğun buraxmayan kimi, bunlar da Kuril adlarından yapışıb buraxmaq istəmirlər:
- Yaponiya Rusiyaya girmək istəyirdi. Əlimi bircə dəfə göyə açdım. Yaponiyada zəlzələ oldu.
- Bunlar hamısı öz yerində, bəs sizin tərəfdarlarınız yoxdur?
- Mənim tərəfdarlarım milyardlarladır. Bəlkə çay qoyum sənə? Uzaq yol gəlmisən? Bilirəm, mənə inanmırsan. Qonaqsan da, gəlmisən.
Heç “peyğəmbər”ə əziyyət verərəm? Bircə o qalıb ki, o boyda “peyğəmbər” mənə çay hazırlasın.
Qadın məsələsinin üstündən sükutla keçə bilməzdik. “Peyğəmbər” olanda nə olar, onun da hiss və duyğuları var:
- Mənim belə söhbətlərdən xoşum gəlmir. Bir insanı həyatda xoşbəxt edə bilməyəcəksənsə, niyə onu bədbəxt edəsən? İslamda çoxarvadlılığa icazə verilir. Məsləhət olsaydı, Allah Adəm atamıza 3 dənə Həvva yaradardı. Mənə həyat yoldaşım bəs edir.
Qorxmaz “peyğəmbər”in özünün simvolu da var. İçində üçbucaq olan kürə şəkilli simvol özündə toxunulmazlığı ehtiva edir:
- Mən çox yerə məktub yazmışam. Heç kim mənə cavab vermir. Nə olar bir mənim də dərdimi dinləsinlər. Mən beşinci müqəddəs kitabı yer üzünə çatdırmalıyam. Alimlərlə görüşmək istəyirəm.
Qorxmaz “peyğəmbər” məni yola salan ərəfədə üstü kir-pasın içində olsa da, gözlərində ümid qığılcımları parlayan zavodun işçiləri Qorxmazı qəhrəman kimi dövrəyə almışdılar. Qorxmaz “peyğəmbər” olmasa da, onlar üçün əsl qəhrəman idi. Taleyin ümidinə buraxılan, rayondan gəlib, əyni, başı açıq, gözdən-könüldən iraq bir yerdə günü 8 manata işləyən cavan uşaqların nələr çəkdikləri şəhərdən gələn biri görmüş oldu. Bu fakt özü-özlüyündə Qorxmazı bu fəqirlərin gözündə meraca qaldırmışdı. Bakı təkcə abad parklardan, kafelərdən, əyləncə mərkəzlərindən ibarət deyil ki...