Cəlilabad Mərkəzi Xəstəxanasında anarxiya

17-10-2014, 21:58   


Cəlilabad Mərkəzi Xəstəxanasında anarxiyaBaş həkim İlham Əliyev pulsuz müalicəni ləğv edib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatında və saytımızda dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur.məlumatlarda xəstəxananın baş həkimi İlham Əliyevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Cəlilabadın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkimi İ.Əliyevin fəaliyyəti ilə bağlayırlar.

Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.

Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son bir neçə aydır kı, hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmsıdır. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta xəstəlik tarixləri açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir.

Maraqlıdır ki,bize
danışan mənbələr Cəlilabad səhiyyəsinin əvvəllər də yaxşı durumda olmadığını gizlətmirlər. Bununla belə sakinlərin fikrincə İ.Əliyev bir çox mənfi xüsusiyyətlərinə görə öz sələflərini xeyli geridə qoyur. Belə ki, onun baş həkim təyin olunmasından sonra xəstəxanada əmək intizamı tamamilə yaddan çıxıb, bütün kabinetlərdə xəstələrdən sürəkli rüşvət yığılır və hər kəs baş həkimə aylıq hesab verir. Digər tərəfdən isə həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. Doğum evində isə rüşvətxorluq indiyədək görünməmiş həddə çatıb. Apteklərlə həkimlər arasında şifahi bağlanmış “müqavilələr” isə xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları zəmbil-zəmbil almağa vadar edir.

Bir sözlə, Cəlilabad səhiyyəsi bu gün sırf Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin öz qaydaları əsasında fəaliyyət göstərir. Rayon sakinləri isə bu qaydaların rayon səhiyyəsini iflasa uğratdığına əmin olduqlarını bildirirlər. Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Cəlilabad Rayon Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.