“Azərbaycanın paytaxtı Bakı sürətlə inkişaf edərək tamamilə müasir görkəm alıb. Şəhərdə yeni binalar tikilir, sovet dövründən qalan binalar isə rekonstruksiya olunur”.
bu sözləri Almaniyalı jurnalist Bakı səfərinin təəssüratları haqda Gmx.net xəbər portalında yazıb.
Müəllif qeyd edib ki, indiyədək olduğu şəhərlər içərisində Bakı ən işıqlı şəhərdir:
“Burada çoxlu brend otellər, mağazalar var. Bakı gecələr gözəl olduğu kimi, səhər-səhər günəş Xəzər dənizi üzərindən qalxarkən də çox gözəl görünür”.
O, “Alov qüllələri”, “Chrystal Hall”, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililərin şəhərin gözəlliyini daha da artırdığını deyib.
Almaniyalı jurnalist məqalədə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri barədə də məlumat verib: “Bakıda bununla bağlı xeyli iş görülür”.
Müəllif, həmçinin Bakıdakı tarixi abidələr, İçərişəhər, Qız Qalası, “Khazar İslands” haqqında məlumat yerləşdirib.
İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil olduğunu qeyd edən jurnalist burada müxtəlif tarixi abidələrin, qədim sarayların, məscidlərin turistlərin marağına səbəb olduğunu xüsusi vurğulayıb.