“The Washington Post” Amerikanın triumfundan və NATO-ya inamsızlıqdan yazır
Mərkəzi Avropanın və Baltik ölkələrinin Avropa Birliyinə və NATO-ya daxil olması Qərbin son 25 ildə əldə etdiyi ən böyük uğurdur. Bu barədə “The Washington Post” qəzetinin əməkdaşı Enn Epplubaum öz məqaləsində yazır. Onun düşüncəsinə görə, sözügedən ölkələr Avropa Birliyinə və NATO-ya qoşulmaqla demokratik dövlətlərə çevrildilər.
Ancaq indi yeni bir düşüncə dəbdədir. Bəzi analitiklər iddia edirlər ki, guya “NATO-nun həmin ölkələrin hesabına genişlənməsi yanlış olub. Amerikanın bu triumfu Rusiyanı aşağılayıb”.
“Rusiya ilə NATO-nun genişlənməməsi ilə bağlı heç bir müqavilə bağlanmayıb. Belə bir vəd də verilməyib. Mövcud olmayan bir şeyin pozulmasından necə danışmaq olar”? Müəllif qeyd edir ki, əslində NATO-nun genişlənməsi təşəbbüsü ABŞ-dan gəlməyib: “Əksinə, ilk təşəbbüs Polşadan gəlib. Bu ölkə NATO-ya daxil olmaq üçün 1992-ci ildə rəsmən müraciət edib, ancaq həmin müraciətə mənfi cavab verilmişdi. Polşa və digər ölkələr NATO-ya ona görə can atırdılar ki, Rusiyanın revanşist meyllərini hələ o vaxt hiss edirdilər”.
Müəllif bildirir ki, NATO yavaş və ehtiyatla genişlənərkən Rusiyanın narahat olmamasına xüsusi önəm verib və rəsmi Moskvanı sakitləşdirməyə çalışıb. NATO-ya daxil olan yeni ölkələrin ərazisində hərbi bazalar yerləşdirilməyib, 2013-cü ilə qədər həmin ölkələrin ərazisində NATO-nun hərbi təlimləri də keçirilmirdi. Hətta iş o yerə qədər gəlib çatdı ki, Rusiyanın etirazlarını nəzərə alaraq Ukrayna və Gürcüstanın bu hərbi alyansa daxil olmasına imkan verilmədi.
Rusiyanı kimsə alçaltmadı. Əksinə, ona yenidən super-ölkə statusu tanındı. Rusiya BMT-də SSRİ-nin yerini alaraq 5 əsas ölkədən biri oldu. Keçmiş SSRİ səfirlikləri Rusiyaya keçdi və bu ölkənin nüvə silahı da özündə qaldı.
“Bu illər ərzində Rusiya Mərkəzi Avropadan fərqli olaraq heç vaxt Avropa dəyərlərinə sahib olan ölkəyə çevrilməyə can atmadı. Tamam başqa proseslər baş verdi. KQB-yə bağlı qüvvələr sovet sisteminə sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Kriminal yollarla bütün dövlət idarəçiliyini ələ keçirərək, ölkədə demokratik dəyişikliklərin gedişinin qarşısını ən qəddar üsullarla aldılar. Demokratik ab-havanın Rusiyanın sərhəddindən içəri keçməsinə müqavimət göstərdilər. Son 10 ildə isə Rusiya yenidən imperiya qurmağa çalışır”.
Nədən biz faktların üzünə dik baxmayaq? BMT-də islahatlar aparmayaq? Hindistan və Yaponiya kimi dövlətlərə Təhlükəsizlik Şurasında daimi yer verməyək?
Ukrayna böhranı və NATO ölkələri ərazisində yaranmış son narahatlıqlar Amerikanın triumfu sayıla bilməz. Etiraf etmək lazımdır ki, Qərb Rusiyanın davakar bəyanatlarına kifayət qədər sərt cavab verə bilmədi. Əslində biz 10 il əvvəl NATO bazalarını Şərqi Avropada yerləşdirməliydik. Ancaq biz bunu etmədik. Nəticədə Mərkəzi Avropa ölkələrində NATO-ya dəhşətli dərəcədə inamsızlıq yaranıb. Bir vaxtlar alyansa can atan ölkələr, indi Rusiya tərəfindən qorxudulub”.
Qərbin yanlışı onda deyil ki, o, Rusiyanı alçaldıb, yox, Qərbin yanlışı ondadır ki, Rusiyanın revanşist, təftişçi (revizionizm tərəfdarı) potensialını vaxtında düzgün qiymətləndirə bilməyib.