Abbas Abbasov-Ramazan Abdulatipov Dərbənddə azərbaycanlılara zülm edir - Günün manşeti

21-10-2014, 12:15   
Abbas Abbasov-Ramazan Abdulatipov Dərbənddə azərbaycanlılara zülm edir - Günün manşeti





Abbas Abbasov-Ramazan Abdulatipov Dərbənddə azərbaycanlılara zülm edir - Günün manşeti
Sabiq vitse-premyerin Dağıstan fəaliyyəti haqda şok məlumatlar; Onu lobbiçiliyi ilə hakimiyyətə gələn Dağıstan prezidenti azərbaycanlıları rəhbər vəzifədən çıxarır; həmvətənlərimiz sabiq baş nazir müavinin biznes maraqlarına qurban gedir; “Abbasov Abdulatipovun əli ilə büdcədən böyük pul götürmək istəyir”
Ötən ilin aprelində Dərbənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli təhqir olundu. Bu il oktyabrın əvvəlində isə Böyük Vətən Müharibəsi zamanı şücaət göstərərək həlak olan Sovet İttifaqı qəhrəmanı, milliyyətcə azərbaycanlı Şəmsulla Əliyevin heykəli onun adını daşıyan parkdan götürülərək zibilxanaya atılıb. Dərbənddə azərbaycanlıları sıxışdırırlar kimi fikirlər səslənməyə başlayıb.

Bəs, əslində Dərbənddə nə baş verir? Azərbaycanlılara qarşı münasibətin dəyişməsinin kökündə nə dayanır? Bu və başqa suallara aydınlıq gətirmək üçün bir qrup jurnalist qədim Azərbaycan şəhərinə səfər edib. Onların arasında əməkdaşımız da olub.

Dərbənddə hazırda ən çox müzakirə olunan mövzu ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdulatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının(icra hakimi) rəhbəri olan milliyyətcə azərbaycanlı Qurban Qurbanov qarşıdurmasıdır.

Hazırda Qurban Qurbanov ev dustağıdır. Onunla göruşməyə məhdud sayda yaxın adamlarına icazə verilir. Bu baxımdan, onunla görüşümüz alınmadı.

Q.Qurbanovun ev dustaqlığı ilə sonuclanan bu qarşıdurmanın yaranmasına prezident Abdulatipovun məsuliyyətsiz və qanunsuz çıxışı səbəb olub. O, Dağıstan sakinləri ilə “Açıq hakimiyyət” layihəsi çərçivəsində birbaşa efirdə keçirilən ünsiyyət zamanı “Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinə olacaq”, - deyə bildirib.

Məsələ bundadır ki, Dərbənd rayonunun (Dərbənd şəhəri də daxil olmaqla) Bələdiyyə Şurasının rəhbəri olan Qurban Qurbanov bu rayona 1998-ci ildə birbaşa seçki yolu ilə seçilib. Ondan əvvəl isə 25 il Dərbəndə onun atası Səid Qurbanov başçılıq edib. Q. Qurbanovun Dərbəddə seçkilərdə qalib gəlməsi də təsadüfi deyil. Dərbənd əhalisinin sayı 100 min nəfər yaxındır və onlardan 60 faizdən çoxu azərbaycanlıdır. Ləzgilər 18 faiz, tabasaranlar isə 9 faiz təşkil edir.

Belə bir vəziyyətdə prezidentin seçkili orqanının rəhbərini dəyişmək haqda söylədikləri isə sadəcə qanunsuzdur. Elə bu da Dərbənddə yaşayan azərbaycanlıların etirazına səbəb olub. Yerli sakinlər deyirlər ki, Adbullatipov sadəcə azərbaycanlıların arxasızlığından sui-istifadə etməyə çalışır.

Məhəmməd Əliyev: “Bizlərə buradan gedin deyənlər peyda olub. Halbuki min illərdir ki, Dağıstanın, xüsusilə də Dərbəndin yerli əhalisi biz azərbaycanlılar olmuşuq. Biz bura heç haradan gəlməmişik, 7 arxa dönənimiz burada anadan olub və burada dəfn olunub. Dağıstanda 32 xalq yaşayır. Onlardan 1on dördünün adı Konstitusiyada var. Azərbaycanlılar da əsas xalqlardan biridir. Belə bir vəziyyətdə bizlərə qarşı kampaniya aparmaq heç kimə xeyir gətirməz”.

Sakinlər deyir ki, prezident Abdulatipov Dağıstanın şimalında həyata keçirə bilmədiyi istəklərini cənubda, Dərbənddə həyata keçirməyə qərar verib.

“Dərbənd Şampan Şərabları zavodunun direktoru, milliyyətcə avar olan Məhəmməd Sədullayevlə Rusiyanın 5 ən böyük şərab istehsalçılarından biri olan Kizlyar Konyak Kombinatını özəlləşdirmək istədilər. Lakin şimalda yaşayan kazaklar buna etiraz etdilər. Bütün Rusiya bu etirazdan xəbərdar oldu. Abdulativov onları siçovul adlandırdı. Kazaklar onları təhqir etdiyinə görə Abdulatipovu məhkəməyə verdilər. Bundan qorxuya düşən Abdulatipov şimaldan çəkildi” - deyə söhbətə qoşulan Ramazan Hüseynəliyev bildirir. O deyir ki, prezident bilə-bilə ki, belə hərəkətləri ilə cəmiyyətdə parçalanma, qarşıdurma yaradır, bundan çəkinmir: “Əsasən avar və darginlər yaşayan rayonlarında ”kökə və dəyənək" metodundan istifadə etdi.

İşdən çıxardığı bələdiyyə rəhbərlərinin daha yüksək vəzifə təklif edir. Nəticədə belə alınır ki, işdən çıxan bələdiyyə rəhbərləri heç bir şey itirmirlər. Abdulatipovun bunu etməkdə məqsədi var - bələdiyyə və rayon rəhbərləri seçki ilə seçilir. Abdulatipov seçki yolu ilə seçilmiş rayon və bələdiyyə rəhbərlərinə daha yüksək vəzifə (nazir, komitə sədri) vəzifəsi təklif edir. Həmin vəzifə təyinatladır və bu təyinatlar prezidentin səlahiyyətlərindədir. Abdulatipov vəzifəyə təyin etdiyi şəxsləri sonradan elə həmin asanlıqla da işdən uzaqlaşdırır. 22 bələdiyyə dairəsinin (rayonun) rəhbərliyini bu hiylə ilə işdən uzaqlaşdırıb. Dərbənd rayonuna gəldikdə isə burda “kökə və dəyənək” metodundan imtina edib və “dəyənək”dən istifadə etmək istədi. Birbaşa efirdən biz vətəndaşların seçdiyi Qurban Qurbanovu işdən çıxardığını bəyan etdi. Əgər prezident belə qanunsuzluğa gedirsə, burada qanunların aliliyindən danışmaq yersizdir".

Həmsöhbətlərimiz deyir ki, hazırda Dağıstan azərbaycanlıları ən güvənsiz, müdafiəsiz vəziyyətdədir: “Bizdə Tarumovski və ya Kizlyar rayonlarının kazaklarında olduğu kimi, lobbi təşkilatı yoxdur. Moskvadan, Mahaçqaladan və Bakıdan da dəstək verilmir. Abdulatipov da bunu başa düşür və heç kimi saya salmadan çox sərt şəkildə Qurban Qurbanovun işdən getməsini birbaşa efirdən tələb edib”. Sakinlərin sözlərinə görə, Qurbanovu birbaşa səsvermə yolu ilə seçiblər. Dağıstanda 2 cür seçki var - birbaşa səsvermə yolu - Qurban Qurbanov bu yolla seçicilərin 87 faizinin səsini toplayaraq Dərbənd Bələdiyyə Şurasının rəhbəri seçilib.
2-ci seçki qaydası isə belədir ki, rayondan əhalinin sayına görə seçilən deputatlar öz aralarından rayon (şəhər) rəhbəri seçirlər.



Azərbaycanlılar deyir ki, bu baxımdan Abdulatipovun birbaşa efirdən Q.Qurbanovun işdən azad ediləcəyini söyləməsi böyük qanun pozuntusudur. Qurban Qurbanov özü və onun seçiciləri Abdulatipovun qanunsuz açıqlamasını efirdən eşidiblər. Yəqin ki, R.Abdillatipov düşünüb ki, Q.Qurbanov bu bəyanatdan çəkinib özü istefa ərizəsi yazacaq. Amma bunun əksi olub. Ağsaqqallar, yerli camaat Q.Qurbanovun yanına gedib.

Hüseyn Maqamedov: “Ona dedilər ki, əgər sən istefa ərizəsi yazsan sənin özünü, nəslini lənətləyəcəyik, sənin özünə və qohumlarına burada yaşamağa imkan verməyəcəyik. Əgər sən ərizə yazıb getsən, min illərlə burda yaşayan, heç kimin qarşısında belini əyməyən azərbaycanlıları təhqir etmiş olacaqsan. Yəni azərbaycanlıların yaşadığı bütün rayon və kəndlərdə prezidentin bu bəyanatına xalq qəti şəkildə etiraz etdi. Dağıstan azərbaycanlıları onun bu bəyanatını öz maraqlarına təhlükə kimi qəbul edir. Onun əsas məqsədi Q.Qurbanovu uzaqlaşdırıb, özündən asılı olan şəxsi Dərbənd rəhbərliyinə gətirməkdir. Məqsədi Dərbəndi ələ keçirib burada 2015-ci ildə planlaşdırılan özəlləşdirmə zamanı rayondakı əsas gəlir mənbələrinə sahib olmaqdır. Dərbənd çox strateji nöqtədir. Dərbənddən dağlıq zonada yerləşən 12 rayona yol keçir. Buradan Azərbaycana yol gedir. Dərbəndə nəzarət həm də Mahaçqalaya nəzarət deməkdir. Abdulatipov öz şəxsi maraqlarını güdür. Dərbəndin 67 faiz əhalisi azərbaycanlıdır. Onları özəlləşdirmədən kənar saxlamaq istəyir. Abdulatipovun iştahı böyükdür - Dərbənddə olan Şəmsulla Əliyev adına aqrokombinatı, Rusiyada üzümçülük üzrə lider kolxoz olan TATlar aqrokombinatını, Dövlət Unitar Müəssisəsi olan üzümçülük kompleksini, Qedjux üzümçülük kompleksini və çoxsaylı belə kompleksləri ələ almaq istəyir. Dərbənddə Dağıstanda ildə yığılan üzümün yarısı, tərəvəzin 30 faizi yetişdirilir. Çoxsaylı sosial-mədəni obyektlər var. Dərbənd rayonu Dağıstanın avanqardıdır. Bunu Qurban Qurbanovun atası, Səid Qurbanov edib. Rayonu o bu vəziyyətə o gətirib. Əgər Abdulatipovun bu hiyləsi baş tutsa, digər millətlərlə yanaşı azərbaycanlılar da onun tərəfdarı olan şəxslərin avtomatik təhkimli kəndlisinə çevriləcək”.

Həmsöhbətlərimiz deyir ki, ən pisi odur ki, Abdulatipovu Dağıstan rəhbərliyinə gətirən də özümüzünkülərdir.

“Abdulatipov 4 il Rusiya rəhbərliyinə çıxış axtardı. Onun bu çıxışını təmin edən isə Abbas Abbasov və onun dəstəsi oldu. Bu gün də Dağıstan dövlət kanallarında Abbas Abbasovun Abdulatipovla birgə Sidney olimpiadasında, ən müxtəlif tədbirlərdə birgə olmalarını əks etdirən kadrlar təkrar-təkrar nümayiş olunur”, - deyə həmsöhbətlərimiz bildirir.
Bəs Abbas Abbasovun marağı nədir?



Hüseynəli Moqamedov deyir ki, Abbas Abbasovla Abdulatipovun maraqları üst-üstə düşür: “Abbasov lobbiçiliyini etdiyi Abdullatopovun əli ilə büdcədən böyük pul götürmək istəyir. O, guya Dərbənddə 5 min nəfərin işlədiyi fabrik işə salacağını söyləyib. Artıq qəzetlər yazır ki, bu sadəcə büdcədən böyük pul qoparılması üçün uydurulan bir dələduz-layihədir. Digər tərəfdən də, özəlləşmədə böyük yağlı tikələrə sahib olmaq istəyirlər. Dağıstanı 2 hissəyə bölüb - şimal və cənuba - idarə etmək üçün müharibə başlayıb. Bizlərə qarşı informasiya müharibəsinə bütün dövlət KİV-lərini ayağa qaldırıblar. Üstəlik, öz istəklərini həyata keçirmək üçün Abbasov-Abdulatipov cütlüyü Sadvalı, Ləzgi Milli təşkilatını, Avar Milli təşkilatını da araya qatıblar.

Bu müharibədə daha çox bu millətçi təşkilatlar görünür. Dağıstanda 37 xalq yaşayır. Onlardan 14-ü Konstitusiyada yerli xalq kimi göstərilib. Əsas xalqlardan biri də azərbaycanlılardır. Bunların hazırki siyasəti budur ki, azərbaycanlılar Dağıstanın yerli əhalisi deyil. Bizlər buradan köçməliyik. Ən pisi odur ki, artıq bu siyasətin nəticəsi var. Qurban Qurbanovun səyləri nəticəsində Dağıstanın Dərbənd rayonunu dağıdıb sökə bilmirdilər. Hazırda Dağıstanda rəhbər vəzifədə olan iki azərbaycanlıdan biri işdən çıxarılıb. Azadi Rəhimovu ədliyyə naziri vəzifəsindən çıxardılar. Qurban Qurbanova qarşı da faktiki məhkəmələr vasitəsi ilə təzyiq-təqib kampaniyası aparılır. Qurbanovun postdan getməsi isə azərbaycanlıların vəziyyətini son həddə qədər ağırlaşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.