Cinayətkar qrup Ceyranbatanı dağıdır polis isə...
Abşeron polisi kriminogen durum qarşısında aciz qalıb
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində son bir ay ərzində kriminogen vəziyyət gərginləşib. Qəsəbədə yaşayan sakinlərin aznews.az-a ünvanladıqları müraciətlərə görə, demək olar ki, hər gün qəsəbədə bir ev yarılır, oğurluqlar edilir.
Məsələ burasındadır ki, eyni ssenari ilə həyata keçirilən oğurluq hadisələrinin heç birinin üstü açılmır. Sakinlərin sözlərinə görə, təkcə bu ay 10-a yaxın quldurluq hadisəsi baş verib. Son hadisə isə qəsəbə sakini Telman Paşayev başına gəlib. Cinayətkar dəstə onun evinə soxularaq, külli miqdarda qızıl- zinət əşyaları aparıblar.
Sakinləri narahat edən məsələlərdən biri də, bu silsilə oğurluqların, qəsəbəyə yeni polis əməkdaşlarının təyin olunmasından sonra baş verməsidir. Onların işə laqeyd münasibəti, soyğunçuluqla bağlı şikayətçilərin ərizələrinə baxmamaları, imkan qədər şikayətləri rəsmiləşdirməməyə çalışmaları şübhələri bir qədər də artırır.
Məsələ ilə bağlı danışan və soyadını demək istəməyən Əmircan adlı sahə müvəkkili oğurluqların baş verməsini təbii hal adlandırıb. O, baş verən son oğurluqla bağlı istintaqın davam etdiyini bildirib: "Cinayət hər yerdə olur. Biz hazırda qeydə alınan həmin cinayətlərlə bağlı araşdırma aparırıq. Paşayev Telmanın ərizəsi də bizə daxil olub. Bu yöndə istintaq tədbirlərimiz davam etməkdədir. Cinayətin səbəbkarlarını müəyyən etmək və onları istintaqa cəlb etmək üçün bütün tədbirlər görülür”