“Tövbə” cəmiyyətinin sədri: Səhnədə açıq-saçıqlığın bünövrəsini Aygün Kazımova qoyub

22-10-2014, 22:58   


“Röyanı da o bu günə salıb”.

hacı Əbdül Əbdülün müsahibəsini təqdim edirik.

- Uzun müddətdir mətbuatda görünmürsünüz. Hətta müsahibələrinizin birində demisiniz ki, məndən heç kəs müsahibə götürmək istəmir. Sizcə, bu qədər qorxulu adamsınız?

- Bismillahir-rəhmani-rəhim. Məsələ ondadır ki, sözün düzünü dediyimə görə məni dəvət etmirlər. Mən çıxıb bir çox məsələlər barəsində düzünü deyəndə bəziləri narahat olurlar.

- Maraqlıdır, bu gün üçün düzünü demək istədiyiniz nədir? Doğrudanmı, heç kəs cəsarət edib düzünü deyə bilmir?

- Həyatdır, dövlətin öz qanunları, xalqın öz yaşayış tərzi var. Bizdə çox şeylər alt-üst olub. Bunların hamısını dilə gətirmək çox vaxt aparar. Amma hərəsindən bir kəlmə demək istəyirəm. Məsələn, siyasi nöqteyi-nəzərdən dövlətimizin Qərbdənsə Şərqə yaxınlaşmağı daha yaxşıdır. Yəni Rusiyaya yaxınlaşmağımız Amerikaya yaxınlaşmağımızdan daha yaxşıdır. Böyüklər deyərdi: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Əvvəla, Amerika bizə qohum deyil. O da bəziləri kimi qəsbkar dövlətdir. Təbii ki, kim güclüdürsə, o da qəsbkardır. Burda fərq qoymaq lazımdır. Əlbəttə, Amerika da, Rusiya da qəsbkar dövlətdir. Amerika kimi qəsbkardansa, Rusiya kimi qəsbkar dövlətlə dostluq etmək yaxşıdır.

- Bizə daha yaxın olan Türkiyə də var axı…

- Türkiyə barəsində babamdan eşitdiyim bir sözü demək istəyirəm. Babalarımız deyərdi ki, erməni-müsəlman davasında türklər Azərbaycana gələndə bir, gedəndə isə iki qurban kəsdik. Yəni türklərin gəlməklərindənsə, getməkləri yaxşı idi.

- Siz bayaq siyasi proseslərə toxundunuz. Yaxın qonşu məsələsini qeyd etdiniz. Həmin yaxın qonşu dediyiniz Rusiyanın Qarabağ probleminin yaranmasında və həllinin bu qədər yubanmasında müstəsna rolu var. Bəs, yaxın qonşu məsələsi niyə bu məqamda özünü doğrultmur?

- Böyüklərin daha bir gözəl fikri var: “Dostun düşməninlə dost olsa, bil ki, iki düşmənin var”. Bizim məqsədimiz müstəqil dövlət olandan sonra hər iki tərəflə münasibətləri tənzimləyici şəkildə qoruyub saxlamaq idi. Amma biz birdən-birə Qərbə, Amerikaya meyl etdik. Əlbəttə, bu Rusiyaya pis təsir etdi. Biz Rusiyanı seçməli idik.

- Sizin tez-tez sənət adamlarını da “topa” tutduğunuzun şahidi oluruq. Sizcə, biz niyə bu qədər ənənələrimizdən uzaqlaşırıq?

- Əvvəla, onu deyim ki, biz müsəlmanıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada yaşayanlar hansısa dinə etiqad etməsin. Neyləyək ki, bizim də dinimizə İslam düşüb. Ona görə də biz əxlaqımızı qorumalıyıq. İmam Hüseyn (ə) yezidə deyir: “Dinin yoxdursa, mənliyin olsun”. Bizim də (Allah uzaq eləsin) dinimiz yoxdur, bəs mədəniyyətimiz, əxlaqımız?! Dünyada sevilməyən xalq qaraçılardır. Bəzi istisnalar olmaqla indiyə kimi kimsə deyə bilməz ki, mən qaraçı qızı ilə eyş-işrət yaşamışam. Qaraçı qaraçılığı ilə əxlaqını qorumağı bacarır. Ümumiyyətlə, əxlaq nə qardaş, nə ər, nə də nəsil üçün qorunur. “Quran”da yazılıb ki, axirətdə heç kəs heç kəsin yerinə cavab verməyəcək. Görün biz nə ilə fəxr edirik: səhnədə soyunmaqla. Bu, hansı əxlaqdır?!

- Hacı, bir az konkret danışın, hansı sənətçiləri sevmirsiniz?

- Mövzuya kökündən başlamaq istəyirəm. Səhnədə açıq-saçıq geyinməyin bünövrəsini Aygün Kazımova qoyub. Onun da yolunu bu birisilər davam etdirir.

- Aygün Kazımova bunu pərdə arxasında da edə bilərdi. Əslində, vəziyyətin bu həddə çatmasında televiziyaların da rolu böyükdür. Sovet dövründə də belə sənətçilər olub. Sadəcə, senzura, digər qadağalar olduğuna görə biz onları görmürdük. Elə deyilmi?!

- O cür müğənniləri yaxşı xatırlayıram. Onların bəziləri indi də yaşayır.

- Onlar kimlərdir?

- Hamıya bəllidir, sadəcə onlar bu gün rolda deyillər. Sovet dövründə pərdə arxasında soyunan müğənnilər indi səhnədə soyunanları tənqid edir. Ancaq onlar o vaxt səhnəyə elə formada çıxırdılar ki, deyirdin, bunlardan yoxdur.

- Siz “Tövbə” cəmiyytinin sədrisiniz. Sənət adamlarından kimsə sizə günahlarına görə tövbə etməyə müraciət edibmi?

- Xanımlardan yox, kişi sənətçilərdən yanıma gələn olub. Bütün dinlərdə tövbə edirlər. Amma tövbə iki nəfər arasında olur. Sovet dövründə ailə zəminində boşanma hadisəsi olanda ya qadın, ya da kişi hərəsindən bir nümayəndə ilə məhkəmədə ayrıca kabinetdə oturub dərdlərini danışırdılar. Bunu yalnız özləri bilirdilər. 2-3 ay vaxt verilirdi. Bir hakim, bir də ailə bilirdi ki, bunlar hansı səbəbə görə boşanmaq istəyir. İndi isə Allaha şükür, elə deyil. Televiziyaya çıxarılan kişi deyir: “Arvadım 5 dəfə qaçıb qəbul etmişəm, yenə gəlsə, qəbul edərəm. Onu tapın verin mənə”. Şəriət buyurur ki, belə adamların boynu vurulmalıdır.

- Dörd il bundan qabaq 70 yaşınızda ata oldunuz. Bu yaşda ata olmaq necə hissdir?

- Bu yaşda da ata olmağın öz gözəlliyi var. Oğluma öz adımı qoydum – Hacı Əbdül.

- Dini məsələlərdən çox yaxşı danışırsınız. Bəs, sizin ailənizdə bu cür məsələlər necə tənzim olunur?

- İndiki həyat yoldaşım hicablı xanımdır, mənimlə birgə Məkkədə ziyarətdə olub. Namaz əhlidir. İkinci həyat yoldaşımdan 2 qız övladım da var. Birinci həyat yoldaşımdan isə 1 oğlum, 6 qızım var. Ümumilikdə 8 qızım, 2 oğlum var.

- Maşallah, bu qədər övladınız var, Allah saxlasın. Mümkün deyil ki, bu uşaqlardan hansısa sizin bütün fikirlərinizlə tam razılaşmış olsun…

- Uşaqlarım mənimlə razılaşmasalar da, üzə vurmurlar. Daxillərində mənimlə razılaşmırlar. Məsələn, nəvələrimin evlənmək məsələsində fikirlər üst-üstə düşmür. Mən istəyirəm ki, gəlinlərimiz namaz əhli olsun, hicab taxsınlar.

- İki evliliyiniz olub. İki xanımızdan dünyaya gələn övladlarınızın biri-birinə olan münasibətini də bilmək maraqlı olardı…

- Şəriət buyurur ki, əgər qadın vəfat etdisə, yəni qadının bir qapıdan cənazəsi çıxdısa, evə o biri qapıdan kişinin başqa qadını girməlidir. Kişi tez bir zamanda evlənməlidir. Günaha bata bilər. Səbəblər çoxdur. Kişi rəhmətə gedəndə isə qadın ərə getməyə də bilər, amma getsə, daha yaxşı olar. Üzr istəyirəm, yoldaşım vəfat edəndən sonra evdə kiçik uşaqlar vardı. Rəhmətlik anam hacı xanım idi, şəriəti də gözəl bilirdi. Anam həmişə mənə “Hacı, evlən!” deyərdi. Deyirdim ki, “evlənə bilmərəm, evdə qız uşaqları var. Gərək bunları yerbəyer edəm”. Anama deyirdim ki, mən nə bilim evimə gələn qadın necə olacaq? Çox ağır dövr idi. Mən uşaqları evləndirib yerbəyer edəndən, hamısının 2-3 uşağı olandan sonra ikinci dəfə evləndim. İkinci dəfə evlənəndə birinci həyat yoldaşımın ölümündən 8 il keçmişdi. Düz 8 il səhvə yol vermişəm.

– Hacı, deyilənlərə görə, cavanlıqda vurub-tutan oğlanlardan olmusunuz. Cavanlıqdakı hansı səhvinizə görə töhbə etmək istərdiniz?

- 14 yaşımdan idmanın güləş növü ilə məşğul olmuşam. Heç vaxt özümdən gücsüzə gücümü göstərməmişəm. Zalımlara qarşı zalım olmuşam. Tövbə etməli hərəkətim isə hərdənbir içki içməyim olub.

- Birinci həyat yoldaşınız ilk sevginiz olub?

- İlk sevgim mənə qismət olmayıb. Onunla cavanlıqda görüşmüşük, bir-birimizi sevmişik.

- İlk sevginizə qovuşmamağınız kimin səhvi idi?

- Düzünü desəm, həmin qızdan ayrılmağım mənim səhvim ucbatından olub. Cavan olmuşam, həyata baxışım fərqli idi. O da gözəl qız idi. Haradasa hərəkətlərimiz düz gəlmədi.

- Sonradan o xanımla heç qarşılaşdınız? O, xoşbəxtdirmi?

- Bir dəfə qarşılaşmışam. Ayrılanda o xanıma xoşbəxtlik arzu etdim. O vaxtlar Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialının axşam şöbəsində oxuyurdum. Bir dəfə institutdan çıxıb evə gələndə həmin xanımla avtobusda rastlaşdıq. Üstündən uzun illər keçmişdi. Hər ikimiz ailəli idik. Salamlaşmadıq, biri-birimizlə ürəyimizdə danışdıq. Hər halda, içimdə peşmanlıq hissi də baş qaldırdı.

- Bayaq tövbə etməkdən danışdınız. Tanınmış siyasətçilərdən kimlərin tövbə etməsini istərdiniz?

- İsgəndər Həmidovun tövbə etməsini çox istərdim. Çünki İsgəndər Həmidov Astarada bir evi topa tutdurdu və İrandan olan bir qonaq öldü. Qonağa ehtiram lazımdır. Əlbəttə, o tövbə üçün müraciət etsə, canla-başla qəbul edərəm.

- 2000-ci illərin əvvəllərində keçmiş prezident Ayaz Mütəllibovun hüquqlarını müdafiə komitəsi yaradanda Şeyx Əbdül Mahmudov qabağa düşdü və sizi oradan uzaqlaşdırdılar. O vaxtkı əməllərinə görə Ayaz Mütəllibovla Əbdül Mahmudov da tövbə etməlidirlərmi?

- Şeyx Əbdül o vaxt həm hakimiyyəti, həm də xalqı aldatdı. O, iddia edirdi ki, Ayaz Mütəllibovun müdafiəsi üçün 1 milyon imza toplanıb. Halbuki yalan deyirdi. Ayaz Mütəllibova gəlincə, onun nəyə görəsə tövbə etməli olduğunu deyə bilmərəm. Çünki o, elə pis iş görməyib ki, ona görə tövbə etsin. Vətənini, xalqını sevən olub. Vətən üçün, xalq üçün çalışan adam olub. O, yalnız mənə görə tövbə etməlidir. Çünki dəfələrlə mənə qarşı haqsızlıq edib. İsa Qəmbər də bizi aldadıb Xızıya göndərdi və dedi ki, Arif Hacıyev gəlib sizi orada dinləyəcək. Arif Hacıyev gəlmədi və xalqın üstünə ordu yeritdilər. İsgəndər Həmidov bir də buna görə tövbə etməlidir. Bu hadisə 1992-ci ildə olub.

- Elə bir adam ola bilərmi ki, tövbə üçün sizə müraciət etsə, onun tövbəsini qəbul etməzsiniz?

- Yox, ola bilməz. Həmin adamın günahı nə qədər böyük olsa da, Allahın rəhmindən böyük ola bilməz. Nə boyda cinayət etsə də, Allahın rəhmi böyükdür.

- Bəs, günahsız azərbaycanlıları qətlə yetirən erməni xalqının hər hansı nümayəndəsi sizə müracət etsə, onun tövbəsini qəbul edərsiniz?

- Əlbəttə, qəbul etməliyəm.

- Biz düşmənimizin tövbəsini necə qəbul edək?! Bu mümkün deyil axı!

- Sizin dedikləriniz intiqam almaq niyyətidir. 1917-ci ildə olan erməni-müsəlman davası bu müharibənin yanında heç nədir. O vaxt ermənilər Bakıya qədər gəlmişdilər. Ondan sonra nə dəyişdi?! Biz erməni qızlarını alardıq. İndinin özündə də elə oğullarımız var ki, həyat yoldaşları ermənidir.

- Buna görə onları qınamaq olarmı?

- Xeyr, mən qınamıram.

- Şəriətdə siğə məsələsi var. Sizə siğə ilə bağlı müraciət edənlər olurmu?

- Olub. Bəzilərinə sigənin mahiyətini başa salandan sonra çıxıb gedib. Əslində siğəlik də fahişəlik kimi bir şeydir.

- Amma Azərbaycanda siğə olunmayan elə tanınmış adamlar var ki, kimnləsə nikaha girmədən bir yerdə yaşayıb övlad da dünyaya gətirirlər. Məsələn, bu müğənnilər arasında dəb halını alıb. Bu, bizim cəmiyyət üçün nə dərəcədə qəbul olunandır?

- Bu, əxlaqsızlığın ən yüksək formasıdır. İmam Əlidən (ə) soruşdular: “Ya imam, söyüş nə deməkdir?” Dedi: “Gizlində olan bir işin aşkarda təzahürünə söyüş deyilir”. Bu, nə aşkarda, nə də xəlvətdə qəbul olunan şeydir. Siğədən olan övladlar bicdir. Elə zaman gələr ki, bu bic doğulan bacı-qardaşlar bir-birindən xəbərsiz evlənə bilərlər. Çünki heç kəs biri-birini tanımır. Bizim evimizi belə kəslər yıxır.

- Sizcə, bunun qarşısını necə almaq mümkündür?

- Şəriətlə məşğul olan adamlar bu tip insanları qınaya bilərlər. Yəni ictimai qınaq olmalıdır. Yoxsa, qarşısını almaq mümkün deyil.

- Çox məsələlərdən danışdıq. Mənə maraqlıdır, bu gün hacı hansı musiqiyə zövqlə qulaq asır?

- Zövqlə Şövkət Ələkbərovaya qulaq asıram. Flora Kərimovaya çox qulaq asmışam. İndi bir sənətçinin adını çəkəcəm, təəccüblənəcəksiniz – erməni əsilli Andrey Babayevin mahnılarına sevə-sevə qulaq asıram. Musiqinin sərhədi yoxdur. Musiqi başqa aləmdir. Onun musiqilərinin özəlliyi ondan ibarətdir ki, sırf Azərbaycan xalqına məxsus mahnılardır.

- Bəs, müasir sənətçilərdən kimə qulaq asırsınız? Bayaq Aygün Kazımovadan yaxşı nəsə danışmadınız. Amma bu da bir reallıqdır ki, Aygün Kazımovanın pərəstişkarları çoxdur…

- Gənc ifaçılardan Röyanın bir-iki musiqisinə zövqlə qulaq asıram.

- Yeri gəlmişkən, Röya da hansısa əməlinə görə tövbə etməlidirmi?

- Röyanı bu günə Aygün Kazimova salıb. Onun üçün yol açıb.

- Bizim layihənin adı “Pəncərə”dir. Bilmək istərdik, hacı pəncərədən özünü necə görmək istəyər?

- Özümdə görmək istəmədiklərim çox şey var. Arzu edərdim ki, övladlarımın gəncliyi mənim gəncliyim kimi olsun. Dünyaya gəlişimdən bu günə qədər özümü görməyi bacarmışam.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.