Biləsuvarın icra başçısı Mahir Quliyevin müəmmalı yüksəlişi
Ölkədə mühüm dövlət postlarının şəxsi əlaqələr zəminində paylanması günümüzün acı reallığıdır. İş o həddə çatıb ki, hətta heç bir idarəçilik təcrübəsinin olmadığı təsadüfi şəxslər də hazırda böyük vəzifə sahiblərinə çevriliblər. Belələrindən biri də hazırda Biləsuvar icra hakimiyyətinin başçısı postunu tutan Mahir Quliyevdir. Bu yazıda onun ofisantlıqdan icra başçılığına gedən yoluna nəzər salmağa çalışacağıq. Beləliklə,anaxeber.info icra başçısının müəmmalı yüksəlişinin gizlinlərini təqdim edir…
Kimdir Mahir Quliyev?
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Onun haqqında maraqlı faktlardan biri də odur ki, Mahir Quliyevin heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb. Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi. Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.
O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Mahir Quliyevi Bulvardakı “Sahil” restoranı ilə nə bağlayır?
Şüurlu fəaliyyətinin böyük bir hissəsini ictimai iaşə sektorunda çalışan Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil» restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur.
Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər. Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev də təşrif buyururmuş. Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan Mehdiyevin davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.
Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı Ramiz Mehdiyevdən xahiş edir. Elə həmin xahiş də Mahir Quliyevin gələcək karyerasının müəyyənləşməsində böyük rol oynayır. Əvvəlcə özünə Səbayel bələdiyəsində yer tapan Quliyev sonra daha böyük vəzifəyə – Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almağı bacarır. 2011-ci ildən isə Biləsuvar rayonuna rəhbərlik etməyə başlayır.
Növbəti yazımızda Mahir Quliyevin “Biləsuvar sərgüzəştləri”ndən ətraflı bəhs edəcəyik.