Dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. "Oğru dünyası”nın yaranma tarixini XIX əsrin sonu, XX əsrə aid edirlər. Qanuni oğru-lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lakin əsas iki versiya var ki, onlardan biri "Qanuni oğru”luğun tarixini Orta Şərqlə əlaqələndirirlər. Məsələn İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər. Digər bir versiya oğru aləminin tarixini Rusiya ilə əlaqələndirir. "Vor zakon”lar haqqında bir sıra terminlərin rus mənşəli olması bu versiyanın üzərində daha çox dayanmağa əsas verir. Qeyd edilən dövrdə çar II Nikolayın dövründə bir sıra kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar "Qoçu” kimi tanınırdılar
SSRİ-də qanuni oğruların yaranması 1930-cu illərin başlanğıcında daha geniş vüsət almağa başladı. Bu həmin dövr mövcud olan ağır repressiya və kollektivləşdirmə ilə əlaqədar idi. O zaman cəmiyyətin ictimai fəallığı və mübarizə fəaliyyəti daha da güclənmişdi. Bundan başqa kriminal aləmin Stalinin dövründə nüfuzu biraz da artır. O özü bu təşkilatın yaranmasında maraqlı olub. İddialara görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası” çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. Stalin həm də siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.
Vaxt keçdikcə oğru dünyası genişləndi, onun nümayəndələri avtoritetləşdi. Müasir dövrdə də qanuni oğrular böyük nüfuza sahibdirlər. Amma bu adı almaq elə də sadə məsələ hesab olunmur. Qanuni oğrular kriminal aləmdə son sözü deyənlərdir və onların sözü mübahisə və müzakirə obyekti olmur. Bir sıra toplumlardan fərqli olaraq bu qurum mərkəzi rəhbərliyə malik olmur. Bunu isə onların birinin digərindən üstün olmaması ilə əlaqələndirirlər.
Dünyada iz qoymuş bir sıra şəxslər var ki, onların adları bu gün də "Oğru dünyası”nda böyük ehtiramla anılır. Misal üçün, "Yaponçik”, "Ded Xasan”ı qeyd edə bilərik. Azərbaycanda isə, Lotu Bəxtiyar, Lotu Hikmət, Masallı Mamed öz sözünü deyən qanuni oğrulardan olub. Adıçəkilən şəxslər artıq bu dünyada olmasa da, onların nə vaxtsa təmsil etdiyi Oğru dünyasının sıraları çoxalır ki, azalmır. Hər nə qədər paradoksal olsa da, oğrular cəmiyyətdə bu gün özlərinə "Qanuni oğru" adını formalaşdıra biliblər. Oğruluq qanuni olmasa da...