Yasamal rayonundakı "Məhsul” stadionunda, ya da Nərimanov metrostansiyasının çıxışındakı parkda mitinqə yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib
"Qarabağ əlillərinin hüquq və güzəştlərinin icra hakimiyyəti orqanları tərəfindən mənimsənilməsinə, ”Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələblərinə zidd olaraq əmlak, qaraj tikintisi, torpaq hüquqlarının təmin edilməməsinə, sosial müdafiəyə ehtiyacı olan bu şəxslərin rəsmi fəaliyyətdə olan qurumlar tərəfindən intihara təhrik edilməsinə etiraz olaraq toplumun diqqətini əlillərin problemlərinə yönəltmək məqsədi ilə mitinq keçirilməsinə qərar vermişik. Bu barədə istiqlal.az saytına 1-ci qrup Qarabağ əlili, Mitinq Komitəsinin sədri Məğrur Bədəlsoy məlumat verib.
Onun sözlərinə görə, Qarabağ əlilləri adi insan hüquqlarından da məhrum edilib: "Ombudsman isə onların hüquqlarını mənimsəyən qurumların qanuna zidd cavablarını təkrarlamaqla kifayətlənir.Əlillərə torpaq vermək əvəzinə, istifadələrində olanı da saxta sənədlərlə ələ keçirirlər. ”Əlillərin sosial müdafiəsi haqqında” qanunun 34-cü maddəsini icra edib əlillərə yaşadıqları ərazidə qaraj tikintisi üçün torpaq ayırmağa borclu olan icra hakimiyyətləri qanunun tələbinə əməl etmək əvəzinə torpaq alverilə məşğuldurlar. Bu özbaşınalıq Bakı şəhər İcra Hakimiyyətindən qaynaqlanır. Rayon icra hakimiyyətləri meriyanın sərəncamı ilə qanuna qadağa (?) qoyulduğunu bildirirlər. Belə çıxır ki, qanunla torpaq, qaraj, sahibkarlıq hüququ təsbit edilən əlillərin yox, bu hüququ təmin etməli olan icra orqanlarının qanunsuz qərarları,sərəncamları Konstitusiyadan da yüksəkdədir.Əlillərin reabilitasiya vasitələri sığorta qurumlarının,yol polisinin güdazına gedir.Təsəvvür edin,Qarabağ əlililindən törətmədiyi "qəzaya” görə "Rəvan” sığorta şirkəti 9 min pul tələb edir! Qarabağ əlili intihar etməsin, neyləsin? Heç bir qurum da onun müdafiəsinə qalxmır! Ombudsman isə məhkəmənin işinə qarışmadığını bildirir. Axı "Əlillərin sosial müdafiəsi haqqında”qanunun 8-ci maddəsinə görə, əlillərin hüquq, azadlıq və qanuni mənafeləri məhkəmə qaydasında və digər qaydalarda DÖVLƏT tərəfindən təmin edilir. Bizə isə heç vəkil də ayrılmır, DÖVLƏT özü məhkəmə yolu ilə hüquq və güzəştlərimizi mənimsəyir. Bu səbəbdən də Qarabağ əlilləri 8 noyabr 2014-cü ildə saat 15-dən 17-yə kimi mitinq keçirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə Yasamal rayonundakı "Məhsul” stadionunda, ya da Nərimanov metrostansiyasının çıxışındakı parkda yer ayırmasını xahiş edilir”