Eyyub Hüseynov: “Hökumətin, Səhiyyə Nazirliyinin qabaqlayıcı tədbirləri sıfır səviyyəsindədir”
Belarusda və Rusiyanın bəzi vilayətlərində istehsal edilən kolbasalarda “Afrika taunu” aşkarlanıb. Bu xəbər istehlakçılar arasında ciddi narahatçılığa səbəb olub. Donuz ətindən hazırlanmış kolbasada 5 dəfə sınaq aparılıb və 4-ndə xəstəlik aşkarlanıb. Bundan sonra məhsulun satışına qadağa qoyulub.
Ümumrusiya Elmi Tədqiqat İnstitutunun apardığı sınaqlar da xəstəliyin mövcudluğunu təsdiq edib. Hazırda Rusiya tərəfi Belarusdan bu faktların araşdırılmasını tələb edir. Həmçinin, Rusiya Belarusdan göndərilən bütün ət məhsullarına qarşı monitorinqləri gücləndirib. Ölkənin baş baytarlıq inspektoru Yevgeni Nepoklonov fakt üzrə belaruslu həmkarı ilə təcili danışıqlar aparıb.
Maraqlıdır, Azərbaycanda Belarusda istehsal edilən kolbasalar satılırmı?
Bunu öyrənmək üçün bir neçə marketə baş çəkdik. Həmin kolbasalara rast gəlməsək də, Rusiya istehsallı kolbasalar satışda var idi. Qeyd edək ki, onların tərkibində də kifayət qədər donuz əti var. Kolbasaların üzərində onun son istifadə müddəti göstərilmişdi.
Bu xəbərdən agah olduqlarını deyən alıcılar isə olduqca narahatdırlar.
Alıcı Gülnarə Əhmədova kolbasada olan “Afrika taunu” haqda eşitdiyini dedi: “Mən həmişə Azərbaycan istehsalı olan kolbasa alıram. Amma yenə də kolbasalarda olan bu taun insanı bir az qorxudur”.
Satıcılar isə onların mağazalarında satılan kolbasaların keyfiyyətindən əmin olduqlarını bildirirdilər.
Öz növbəsində Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ölkəmizə Belarusdan kolbasa gəlmədiyini bildirdi: “Biz hər həftə Beynəlxalq Epizodik Büronun məlumatlarını alırıq. Xeyli müddət bundan əvvəl Belarus və Rusiyanın bir çox vilayətlərində “Afrika taunu” olması barədə məlumat almışıq. Beynəlxalq baytarlıq sənədində belə bir qayda mövcuddur ki, hansı ərazidə infeksion və təhlükəli xəstəlik qeydə alınırsa, həmin ərazilərdən ət və ət məhsulları gətirilməsi yasaqlanır. Yəni o ərazidən Azərbaycana heç bir məhsul gətirilmir. Biz Belarusdan ancaq süd və süd məhsulları alırıq. Əgər bu ölkədən Azərbaycana kolbasa rəsmi yolla gəlirsə, baytarlıq idarəsindən mütləq icazə alınmalıdır. Ümumiyyətlə qayda belədir ki, hansı ölkədə epizodik vəziyyət sabitdirsə, o ölkələrdən məhsul gətirilməyə icazə verilir. Gətirilən məhsullardan isə nümunə götürülür respublika baytarlıq laboratoriyasında müxtəlif istiqamətlərdə müayinə apardıqdan sonra satışına icazə verilir. Birmənalı şəkildə deyə bilərik ki, Belarusda istehsal edilən kolbasa məmulatlarının heç biri bizim ölkəmizə daxil olmur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hökumətin bu virusu təqiq edib qarşısını almağa hazır olmadığını söylədi: “Quş qripi yayılan zaman da Azərbaycanda ona qarşı ciddi tədbirlər görüldüyü deyilirdi. Bu ərəfədə mən xarici ölkədən gəlirdim. Quş qripinə yoluxmuş insanları təqib edə bilmək üçün AZAL Hava Yollarında anket payladılar. Mən də bilərəkdən quş qripinin bütün əlamətlərini yazdım. Bununla Səhiyyə Nazirliyini test edirdim. Ancaq heç məni axtaran da olmadı. Məlum oldu ki, bu yalançı profilaktik tədbirdir. Bu xəstəliyin kolbasa ilə yayılma ehtimalı böyükdür. Azad İstehlakçılar Birliyi olaraq 30 rayon şöbəsinə bu barədə tapşırıqlar vermişik ki, diqqətli olsunlar. Hökumətin, Səhiyyə Nazirliyinin və digər orqanların bu cür qabaqlayıcı tədbirləri sıfır səviyyəsindədir. Belarus malları Azərbaycana daxil olur və keyfiyyətli məhsullar hesab olunur. Əgər kolbasa ilə o virus yayıla bilərsə, Azərbaycanda bunu aşkarlayacaq elə də bir ekspertiza yoxdur. Hökuməti heç də bu virusu təqib edib qarşısını almağa hələ hazır deyil. Demək olar ki, bu yöndə heç bir iş görülmür”.
Xatırladaq ki, “Afrika taunu” temperaturun yüksəlməsi, müxtəlif orqanların hemorragik iltihabı, distrofik və nekrotik dəyişikliklər, habelə toksikozlarla müşayiət edilir.