“Ergenekon”un “qara qutusu” Azərbaycan sərhədində tutuldu

30-12-2014, 09:27   
“Ergenekon”un “qara qutusu” Azərbaycan sərhədində tutuldu
Tuncay Güney Türkiyədə “fahişəliyə cəlb etmə” maddəsi ilə axtarışda imiş; onun məhz indi həbs edilməsi ilginc yorumlara səbəb olub
İnterpolun mərkəzi bürosunun Gürcüstan bölməsinin əməkdaşları Gürcüstan-Azərbaycan sərhədində İnterpol tərəfindən qırmızı xətlə axtarışda olan Türkiyə vətəndaşı adı Azərbaycanda da yaxşı xatırlanan Tuncay Güneyi həbs ediblər. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki. Türkiyədə “fahişəliyə cəlb etmə” maddəsi ilə axtarışda olan Tuncay dekabrın 25-dən beynəlxalq axtarışda olub. Günahı sübuta yetiriləcəyi halda vətənində onu 2 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tuncay Güney Kvemo Kartli bölgəsindəki müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, qalmaqallı “Ergenekon” cinayəti Tuncay Güneyin ifadələri əsasında başlamışdı. İstanbul polisinin dələduzluq ittihamı ilə həbs etdiyi Güney həbsdə olarkən “Ergenekon” adlı gizli təşkilat haqda sensasion məlumatlara malik olduğunu iddia etmişdi. O, bu təşkilata mənsub olduğunu bildirib və könüllü şəkildə ifadə verməyə razılaşıb. Məhz həmin vaxt Güneyin verdiyi ifadələr əsasında Türkiyənin ordu sistemini sarsıdan, ünlü ordu generallarının uzun müddətli həbsi ilə nəticələnən “Ergenekon” əməliyyatı başlamışdı. Məhz bu şəxsin iddiaları əsasında Türkiyə polisi Vəli Kiçik də daxil olmaqla, “Ergenekon” əməliyyatında həbs edilən bir çox şəxslərin Azərbaycanla telefon danışıqlarını, elektron poçt yazışmalarını izləyib.



Olduqca qaranlıq imicə malik bu şəxs haqqında ziddiyyətli məlumatlar var və “Yeni Müsavat” da zaman-zaman onun haqqında yazıb. O, Milli İstihbarat Təşkilatının (MİT) agenti olması barədə iddiaları özü təkzib etməyib, hətta məlum olmuşdu ki, onun gizli ləqəbi “İpək”dir. Bu şəxs uzun müddət Kanadada yaşayıb, məlumatlara görə, yəhudiliyi qəbul edib və yəhudi sinaqoqunda hahamdır.



Türkiyədən mühacirət etdikdən sonra bir müddət ABŞ-da yaşayıb, daha sonra Kanadaya köçüb. Güneyin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin və “Mossad”ın agenti olduğu haqda şübhələr mövcud idi. Türkiyə mətbuatı isə üzə çıxarmışdı ki, əvvəllər jurnalist olan bu şəxs dövlət qulluqçusu kimi pensiya da alıb. Digər məlumata görə, Güneyin Türkiyədə olarkən İran xüsusi xidmət orqanlarının “Cəllad” ləqəbli agenti ilə dost olub. Söhbət İranın Türkiyədəki baş konsulluğunun keçmiş konsul müavini Möhsün Karger Azad kimi tanınan şəxsdən gedir.



Jurnalist olarkən Güney onunla dostluq edib, bəzi məlumatlara görə, MİT onun əliylə İrana dair bir çox məxfi məlumatları toplayıb. Lakin sonradan Möhsün Karger Azad Türkiyədə İran rejimi əleyhdarları olan bəzi şəxslərin öldürülməsini təşkil etdiyi üçün “persona non-qrata” elan edilib.




Nəhayət, belə bir iddia da vardı ki, Tuncay Güney nurçu təriqətinin lideri Fətullah Gülənə bağlıdır. F.Gülən haqda həbs qərarının verildiyi bir vaxtda onun Azərbaycan sərhədində tutulması maraq doğurur.

Olmaya, o indi də Fətullah Güləni “satacaq?”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.