Bakı-Vaşinqton münasibətləri daha da gərginləşir

30-12-2014, 09:33   
Bakı-Vaşinqton münasibətləri daha da gərginləşir
Novruz Məmmədov yenə ABŞ rəsmilərini ittiham etdi; Azərbaycandakı vəziyyət Amerikada müzakirəyə çıxarılır
2014-cü il Azərbaycan hakimiyyəti ilə ABŞ arasında gərginlik şəraitində yekunlaşır. Belə görünür ki, növbəti il bu gərginliklə də başlayacaq. İlin ilk ayında-yanvarın 12-də Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı son vaxtlar müşahidə olunan çoxsaylı siyasi həbslər, AzadlıqRadiosunun Bakı bürosunun bağlanmasından sonra yaranmış vəziyyəti müzakirəyə çıxaracaq.

Bu barədə məlumat sözügedən təşkilatın saytında yerləşdirilib. Məlumatda bildirilir ki, Azərbaycanda hazırda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır: “Əvvəlki dövrlərdə də Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət yaxşı deyildi. Müxalif düşüncəli insanlara qarşı həbslər, saxlanmalar, onlara qarşı ”qara piar" kampaniyalarının aparılması çox geniş miqyas alıb. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsləri qorxulu vəziyyət yaradıb. Azərbaycanda aparılan repressiya siyasəti qonşuluqda yerləşən ölkələrdə də eyni tipli siyasətin aparılması ilə nəticələnə bilər.

Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir".

Məlumatda tədbirdə çıxış edəcək adamlar haqqında da xəbər verilir. Massaçusets Universitetindən tarix professoru Odri Alşdat, siyasi təhlilçi Ketrin Kozman, Demokratiyaya Mili Dəstək Fondunun nümayəndəsi Miryam Lanskoy, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia və azərbaycanlı tarixçi alim Altay Göyüşov tədbirdə çıxış edəcəklər.
Qeyd edək ki, həmin tədbirdə çıxış edəcəyi bildirilən Tomas Melia Azərbaycan hakimiyyətinə sərt münasibəti ilə seçilən ABŞ rəsmilərindəndir. Rəsmi Bakının da bu şəxsə münasibəti adekvatdır.

Azərbaycan hakimiyyətinin müxtəlif təmsilçilərinin isə xeyli vaxtdır başlayan anti-ABŞ təbliğatı davam edir.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerə cavab verib. Novruz Məmmədov özünün tvitter hesabında yazıb: “Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər. Belələrindən biri cənab Bayer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir.



Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsaydı, yaxşı olardı. Onda anlayardı ki, tvitterdə yazdıqlarını oxuyanda ilk yada düşən ölkə elə ABŞ olur.

Cənab Bayer qərəzli fikirləri ilə ABŞ-la Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır".

ABŞ-la münasibətlərin kəskinləşdirilməsinin arxasında nələrin dayandığı haqda ən müxtəlif versiyalar irəli sürülür.

Bu mövzuda suallarımızı cavablandıran “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ABŞ-la münasibətlərin bu qədər gərginləşməsində bir neçə amil dayana bilər. Amillərdən, ehtimallardan biri bu ola bilər ki, Azərbaycanın təklənməsi siyasəti aparılır və bu siyasət Rusiyanın təhriki ilə həyata keçirilir: “Rusiya rəsmi Bakının sıralarında olan ona loyal şəxslərin əli ilə bu siyasəti çox məharətlə həyata keçirir. Reallığa daha çox bu versiya bənzəyir. İkinci versiya ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti bu cür demarşlar eləməklə Vaşinqtonu faktiki olaraq danışıqlara çəkmək istəyir. Yəni hansısa yüksək səviyyəli görüşlər təşkil eləmək, 2015-ci il parlament seçkiləri, 2018-ci il prezident seçkiləri ilə bağlı hakimiyyətə lazım olan bəzi razılıqları almaq istəyirlər. Bir ehtimal da budur ki, rəsmi Bakı Qarabağ məsələsində ABŞ-dan müəyyən dəstək almaq istəyir.



Ola bilsin ki, hələ bu məsələlərlə bağlı razılıq ala bilmədikləri üçün ABŞ-a qarşı təbliğat aparılır. Bu da versiyalardan biridir. Əgər bu versiya reallığı özündə əks etdirirsə, təzyiq metodları ilə ABŞ-ı danışıqlarla razı salmaq, razılaşmasını almaq qeyri-mümkündür. Təcrübə göstərir ki, bu metodlar Vaşinqtonun sərt ritorikaya keçməsinə gətirib çıxarır. 2014-cü ildə prezident Barak Obama ad çəkməklə Azərbaycanın ünvanına çox sərt tənqidi fikir səsləndirdi. Bu, ilk dəfə idi.

ABŞ rəsmilərinin son vaxtlar açıqlamalarından görünür ki, Vaşinqton danışıqlardan imtina etmir. Sadəcə olaraq, Vaşinqton danışıqlar mövzusu olaraq əsas məsələ kimi insan haqları məsələsini görmək istəyir. Bu isə Azərbaycan iqtidarını qane etməyən mövzudur".
Ekspert bildirdi ki, Azərbaycanın xarici siyasətində sərt, bəzən də aqressiv bəyanatlar təkcə ABŞ-a qarşı deyil, Avropanın iri ölkələrinə, Avropa Birliyinə qarşı da müşahidə olunur: “Son vaxtlar biz gördük ki, hətta Azərbaycanın çox yaxın tərəfdaşlarından sayılan İsrailə qarşı da sərt bəyanat verməkdən çəkinmirlər. Bütün bunları müşahidə edəndə belə bir təsəvvür yaranır ki, elə bil Azərbaycanın təklənməsinə hesablanan siyasət həyata keçirilir. Amma Qərb də sakticə oturub sifarişçi Rusiyadır deyə buna məhəl qoymaya bilməz.



Çünki söhbət təkcə sərt ritorikadan getmir, söhbət artıq konkret addımlardan gedir. Məsələn, bu gün AzadlıqRadiosu Rusiyada fəaliyyətini davam etdirir, amma Azərbaycanda bağlanır. Düşünmək ki, bu fonda Vaşinqton Bakının istədiyi şəkildə danışıqlara gedəcək, zənnimcə, bu, reallaşması mümkün görünməyən məsələdir".

Ə.Oruclu son olaraq dedi ki, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun təşkilatçılığı ilə yanvarın 12-nə Azərbaycandakı vəziyyətlə bağlı tədbirin təyin olunması da artıq Vaşinqtonun əks addımlara hazırlığı kimi dəyərləndirilməlidir: “Mən istisna eləmirəm ki, biz yaxın zamanlarda rəsmi Vaşinqtonun konkret hərəkətə keçməsinin şahidi ola bilərik. Yəni burda sanksiyalar da ola bilər, hansısa başqa təzyiq xarakterli addımlar da ola bilər. ABŞ-ın əlində çoxlu sayda mexanizmlərin olduğu bəllidir. Rusiyaya tətbiq olunan cəza tədbirləri göstərdi ki, Qərbin imkanları yetərincə rəngarəngdir və effektlidir. Çünki Rusiya kimi nəhəng bir dövlətin yarım il ərzində iqtisadiyyatını çökdürdü. Deməli, Azərbaycana da istədikləri zaman ciddi təsir göstərə bilərlər”.

E.SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.