Vaşinqton rəsmi Bakıya qarşı ritorikasını sərtləşdirdi; hakimiyyət ABŞ-ın qəzəbindən necə xilas ola bilər?
ABŞ dövlət katibi Con Kerri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə ölkə başçısı İlham Əliyevlə danışıb. Lakin bu danışıqdan sonra hakimiyyət repressive addımlarını dayandırmayıb. Əksinə, Kerrinin Əliyevlə dekabrın 21-də baş tutumuş telefon danışığından sonra Bakıda “Azadlıq” radiosunun yerli bürosu möhürlənib, əməkdaşları istintaqa cəlb olunub.
Con Kerrinin İlham Əliyevlə danışdığı haqda Dövlət Departamentinin sözçüsü Cef Ratken dekabrın 29-da (ABŞ vaxtı ilə) keçirdiyi brifinqdə məlumat verib. “Amerikanın səsi” radiosunun Dövlət Departamentindəki müxbirinin bildirdiyinə görə, Ratken bunları deyib:
“Biz Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatıq. Dövlət katibi dekabrın 21-də prezident Əliyevlə telefon danışığında bu məsələni qaldırıb. O zamandan bəri Azadlıq Radiosunun ofisinin bağlanmasının, radionun mülklərinin müsadirəsinin, əməkdaşların qeyri-müəyyən ittihamlarla yerli hüquq-mühafizə orqanları tərəfindən evlərindən zorla çıxarılaraq sorğu-sual üçün aparılmasının şahidi olmuşuq. Müqavilə əsasında çalışanlar və Azadlıq Radiosu ilə bilavasitə əlaqəsi olanlar rəsmilər tərəfindən dindirilib. Bu addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur. Biz yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqları qorumaq üçün ATƏT qarşısındakı və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Bu kontekstdə prezident Əliyevin bu gün imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyi hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”.
ABŞ rəsmisinin açıqlamasından aydın olur ki, İlham Əliyev şəxsən özü ABŞ-la qarşıdurma yolunu tutub, ya da komandasının qarşıdurmaya gətirib çıxaran siyasətini durdurmağa acizdir. Əks halda ABŞ dövlət katibinin Azərbaycanda vətəndaş cəmiyyətinə basqılardan narahatlığı ifadə edən telefon danışığından sonra Bakıda ocağın üstünə benzin tökməzdilər. Yəni “Azadlıq” radiosunun yerli bürosuna qarşı prokurorluğa tapışırılan əməliyyat Con Kerriyə və deməli, ABŞ hökumətinə verilən kobud rədd cavabıdır.
Dövlət Departamenti sözçüsünün fikirlərindən isə aydın olur ki, belə bir kobud inadkarlıq Vaşinqtonu ciddi şəkildə incik salıb. ABŞ hökuməti Bakıdan ilk növbədə “Azadlıq” radiosu ətrafında qurduğu əməliyyatdan, amma eyni zamanda buna paralel olaraq bütövlükdə azad mətbuata və vətəndaş cəmiyyətinə basqı siyasətindən imtina etməyi gözləyir. Bakının əvvəlki illərdə olduğu kimi, iki addım irəli bir addım geri taktikasının artıq ABŞ-da qəbul edilmədiyi də Departament sözçüsünün dediklərindən aydın görünür. Yəni Vaşinqtonda artıq fərqindədirlər ki, Azərbaycan hakimiyyəti əvvəl daha şiddətli basqı həyata keçirib, sonra da qabaqcadan planlaşdırılan yumşalma imitasiyası ilə beynəlxalq təzyiqi neytrallaşdırmaq siyasəti yürüdüb və indi bu siyasətin qəbul eilməyəcəyini açıq ifadə edirlər. Departament sözçüsünün İlham Əliyevin imzaladığı son əfv sərəncamı barədə dedikləri məhz bu konteksdədir. ABŞ rəsmisi indiyədək eşitdiklərimizdən fərqli olaraq, bu dəfə əfv sərəncamını alqışladıqlarını demir, əksinə bildirir ki, bunu, düzgün istiqamətdə atılmış, amma yarımçıq addım sayırlar və qalan siyasi məhbusların da azad edilməsini gözləyirlər.
Beləliklə, İlham Əliyev ABŞ-la (və deməli, həm də bütövlükdə Qərblə) korlanmış münasibətlərini bərpa edə bilməyin son və çox zəif imkanında görünür. Onun hökuməti ABŞ-ın milli təhlükəsizlik məsələsinə daxil edilmiş (Barak Obamanın bir müddət əvvəl Klinton Qlobal Mərkəzində verdiyi bəyanatla) vətəndaş cəmiyyətinə Azərbaycanda divan tutmaq niyyətindən daşınmır, üstəlik ABŞ hökumətinin maliyyələşdirdiyi “Azadlıq” radiosunu Bakıda bağlamağa cəhd edir və bütün bu ağırlıqları yarımçıq əfv kimi imitasion addmla aradan qaldırmaq istəyir. ABŞ isə açıq şəkildə bəyan edir ki, imitasiyaları qəbul etmir və ciddi real addımlar gözləyir.
Con Kerrinin müavini Tom Malinovski bir müddət əvvəl Azərbaycan hakimiyyətinə xəbərdarlıq etmişdi ki, Vaşinqtonla sual altında qoyduğu münasibətlərin necə olacağı bundan sonra atacağı addımdan asılıdır. O xəbərdarlıqdan sonra ölkədə repressiyanın güclənməsi, o cümlədən “Azadlıq” radiosunun başına gətirilənlər rəsmi Bakının Ağ evə cavabı kimi şərh olundu. İndi Departament sözçüsünün açıqlaması ilə rəsmi Bakıya əks-cavab verilib və növbə yenidən İlham Əliyev hökumətinindir.