ATƏT “Azadlıq” radiosuna görə hökuməti ittiham etdi

30-12-2014, 09:44   
ATƏT “Azadlıq” radiosuna görə hökuməti ittiham etdi
İstintaq radio ilə bağlı məlumatları Rusiya mediasına niyə sızdırıb?

Şahvələd Çobanoğlu ittihamlara cavab verdi: «Bizi məhz fərqli düşündüyümüzə görə cəzalandırmaq istəyirlər»

“Azadlıq” radiosunun əməkdaşlarının istintaqa cəlb olunması prosesi davam edir. Dünən radionun daha beş əməkdaşı və müxbiri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində dindirilib. Dindirilənlərdən bəziləri idarəyə polis tərəfindən gətirilib, bəziləri isə telefonla dəvət olunub. Bu günə qədər ifadə verən 20-dən çox jurnalist və texniki əməkdaşın heç biri ifadə verməyə Azərbaycan qanunlarında qeyd olunan şəkildə - bildirişlə dəvət olunmayıb.

Dindirilənlər arasında jurnalist Əfqan Muxtarlı da olub. O, istintaq sirrini yaymamaq barədə iltizama imza atdığından dindirmənin detallarını açıqlamayıb: “Mənim ”Azadlıq" radiosu ilə qısa əməkdaşlığım olmuşdu. Bununla bağlı suallar verdilər. Nə qədər maaş almağımla maraqlandılar. Mən də onların suallarına cavab verdim".

Radioya qarşı “çirkli pul yuma” ittihamı

“Interfaks-Azərbaycan”ÿagentliyiÿistintaqa yaxın mənbələrə istinadən məlumat yayıb ki, “Azadlıq” radiosuna qarşı “çirkli pulların yuyulması” ittihamı irəli sürülüb. Agentliyin xəbərinə görə, dekabrın 20-də radionun bank hesabına həbs qoyulub. Dekabrın 26-da isə radionun yerləşdiyi binada axtarış aparılıb: “Azadlıq” radiosunun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Azadlıq” radiosunun saytında yayılan materialların dərc edilməsi məqsədilə yaradılıb.


Müqaviləyə görə, “Azadlıq” radiosu qəzetin hər nömrəsinə görə onun bankÿhesabına 900 manat, 2011-ci ilin oktyabr ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanıb.

“Hazırda ”Azadlıq" radiosunun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir neçə ciddi qanun pozuntusu faktı aşkarlanıb. Istintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir".

“Hakimiyyət qanuni işi cinayət kimi qələmə verir”

Məlumatda adı çəkilən tanınmış yazar Şahvələd Çobanoğlu bildirib ki, onun “Azadlıq” radiosu ilə əməkdaşlığında, o cümlədən “Fərqli düşüncə” qəzetinin çapında hər hansı qanunsuz əməl yoxdur: “Qəzet qanuni şəkildə fəaliyyət göstərib, qanuni şəkildə qeydiyyatdan keçib, vergilər ödənilib, nüsxələri də pulsuz şəkildə paylanıb. Indi Azərbaycan hakimiyyəti prokurorluğun əli ilə qanun çərçivəsində olan bir işi cinayət kimi qələmə verir.

Əslində isə bizi məhz elə fərqli düşündüyümüzə görə cəzalandırmaq istəyirlər. Bu, eləcə də “Azadlıq” radiosu əməkdaşlarının istintaqa çəkilməsi, ofisinin möhürlənməsi ölkədə söz və media azadlığına basqıdan başqa bir şey deyil".

“Azadlıq” radiosu istintaqın qərəzli olduğunu bəyan etdi

“Çirkli pulların yuyulması” və “mənimsəmə” ilə bağlı ittihamlara “Azadlıq” radiosunun da cavabı gecikməyib. “Azadlıq” radiosu bəyan edib ki, fəaliyyəti dövründə tam şəffaf işləyib, vergi və digər sosial müdafiə xərcləri vaxtlı-vaxtında ödənilib: “Bu baxımdan, radionun çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham edilməsi, üstəlik, bunun Rusiya mediasına sızdırılması istintaq orqanının qeyri-obyektiv və qərəzli olmasına dair mövqeyimizi bir daha təsdiq edir və gücləndirir.

Radio-jurnalistikanın fəaliyyətilə az-çox tanış olanlar bilir ki, istintaq orqanının yaydığı xəbərdə göstərilmiş məbləğlər böyük işçi heyətinə malik olan radio əməkdaşlarının aylıq əməkhaqqını, ofisin kirayə xərcləriÿvə digər zəruri təchizat xərclərini qarşılamaq baxımından heç də böyük məbləğ deyil.

Digər tərəfdən, istintaq orqanı radionun şahid qismində dindirdiyi bütün əməkdaşlarına istintaq sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyi haqda xəbərdarlıq edib, iltizama qol çəkdirsə də, özü qanunsuz olaraq bu sirri təşkil edən məlumatlarıÿ birtərəfli qaydada yaymaqla,ÿəslində, istintaqın qeyri-obyektiv olduğunu və yönünü müəyyən etdiyini bir daha sübut edir".

Miyatoviçdən Əliyev hökumətinə növbəti çağırış

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bəyanat verərək, Bakıda “Azadlıq” radiosu ətrafında baş verənləri pisləyib. ATƏT rəsmisi Azərbaycan hakimiyyətini ölkədə azad medianın gözünü qorxutmaq tendensiyasını dayandırmağa çağırıb.

Miyatoviç deyib ki, polis reydi və büronun möhürlənməsi Azərbaycanda azad mediaya və söz azadlığına yeni sərt zərbədir. Miyatoviçin fikrincə, 2014-cü il Azərbaycanda media azadlığında kəskin eniş ili olub. Onlarla media nümayəndəsinin həbsdə olması da bunun göstəricisidir.

Miyatoviç hesab edir ki, hakimiyyət “Azadlıq” radiosuna öz işini bərpa etməyə imkan verməli, ölkədə tənqidi səslərin mövcudluğunun keşiyində dayanmalıdır.

Azərbaycanın Bişkekdəki səfirliyi qarşısında etiraz

“Azadlıq” radiosunun Azərbaycan xidmətilə bağlı baş verənlərə Qırğızıstanda da etiraz edilib. Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Tanınmış hüquq müdafiəçisi Ondurmuş Toxtonasyarov Bişkekdə səfirliyin qarşısına “Azadlıq”, biz səninləyik!", “Ismayılovaya azadlıq!” şüarları ilə çıxıb. O eyni zamanda, Azərbaycan hakimiyyətini başqa ölkələrə pis nümunə göstərməyə çağırıb. Hüquq müdafiəçisi həmçinin Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıqda və söz azadlığını pozmaqda ittiham edib.

Prezidentin mətbuat katibindən ABŞ-a cavab

Yeri gəlmişkən, Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparılması, ofisin qapısının möhürlənməsi və əməkdaşların istintaqa cəlb olunması ilə bağlı ABŞ rəsmilərinin tənqidlərinə cavab verib.

“Qanun hər kəsə şamil edilir. Prokurorluq əməkdaşlarının ”Azadlıq" radiosunun Bakı bürosunun ofisində axtarış aparması və digər hüquqi prosedurlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Buna heç kəsin şübhəsi olmasın", - deyə Azər Qasımov “mediaforum”a bildirib.

***

Xatırladaq ki, dekabrın 26-da “Azadlıq” radiosunun Bakı bürosunun “Caspian Plaza”da yerləşən ofisində axtarış aparılıb. Axtarış zamanı radionun seyfi sındırılıb, oradan bir sıra maliyyə sənədləri götürülüb, həmçinin ofisdə olan kompüterlərin yaddaş diskləri aparılıb. Sonda isə ofisin qapısı möhürlənib. Prosesi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin əməkdaşları aparıb. Bunun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində açılmış cinayət işi ilə bağlı olduğu bəyan edilib. Dekabrın 27-dən “Azadlıq” radiosunun əməkdaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparılaraq, şahid qismində dindirilir.

İnformasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.