Yanvarın 12-də Vaşinqtonda Azərbaycanla bağlı konkret çıxış yolları göstərilə bilər
Azərbaycan hakimiyyətinin anti-demokratik addımları artdıqca, beynəlxalq aləmin təzyiqləri də güclənir. Son dövrlər ölkənin tanınmış simalarının qondarma ittihamlarla həbs olunması, QHT-lərə qarşı amansız münasibət, son olaraq isə “Azadlıq” radiosunun qapadılması, bu təzyiqləri daha da sərtləşdirib.
Qeyd etmək lazımdır ki, bundan öncə də Azərbaycanla bağlı müxtəlif bəyanatlar səslənmişdi. Avropa Parlamentinin məlum qətnaməsi, Avropa Şurasının prezidentinin “Azərbaycanda sistem dəyişməlidir” ifadəsi, ABŞ-da Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı dəyirmi masaların keçirilməsi, Kramer və Kozlariçin Azərbaycan həqiqətlərini açıq şəkildə dilə gətirməsi və s. məqamlar Azərbaycanla bağlı məsələnin prioritet olduğunu göstərir.
2015-ci il yanvarın 12-də isə Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı repressiyaları müzakirəyə çıxaracaq. Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib. Məlumatda bildirilir ki, Azərbaycanda hazırda bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiyya siyasəti aparılır. “Əvvəlki dövrlərdə də Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyət yaxşı deyildi. Müxalif düşüncəli insanlara qarşı həbslər, saxlanmalar, onlara qarşı qara piar kampaniyalarlının aparılması çox geniş miqyas alıb. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb. Azərbaycanda aparılan repressiya siyasəti qonşuluqda yerləşən ölkələrdə də eyni tipli siyasətin aparılması ilə nəticələnə bilər.ÿYaranmış vəziyyət bizi, belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”- deyə məlumatda bildirilir.
Yanvarda keçiriləcək tədbirdə Massaçusets Universitetindən tarix professoru Odri Alşdat, siyasi təhlilçi Ketrin Kozman, Demokratiyaya Milli Dəstək Fondunun nümayəndəsi Miryam Lanskoy, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia və azərbaycanlı tarixçi alim Altay Göyüşov çıxış edəcəklər.
Göründüyü kimi, Azərbaycan hakimiyyətinin bütün sədləri aşması, açıq şəkildə insanları şərləyərək həbs etmək siyasəti dünyanın diqqət mərkəzindədir. Bəzi ekspertlər hesab edir ki, yaxın günlərdə Azərbaycana qarşı sanksiyalar reallaşa bilər. Çünki, hakimiyyət geriyə addım atmaq istəmir, vətəndaşlarla quldurcasına rəftar edir və bütün beynəlxalq hüquq normalarını tapdalayır.
Ekspertlər hesab edir ki, ABŞ-da tez-tez Azərbaycanla bağlı dinləmlərin keçirilməsi, tərəflər arasında bütün körpülərin yanmasının göstəricisidir.
Yanvarın 12-də keçiriləcək dinləmədə yüksək rütbəli şəxslərin iştirak etməsi də onu göstərir ki, konkret müzakirələr olacaq və problemdən çıxış yolları göstəriləcək.
Ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyəti dünyaya, o sıradan ABŞ-a başqa çıxış yolu tanımır. Ona görə də hakimiyyətin addımlarına adekvat reaksiya vermək zərurəti yaranıb.