Ötən il dünya ölkələrinin adi silahlar üzrə ixrac-idxal əməliyyatlarının həcmi 74,25 milyard ABŞ dolları təşkil edib.
APA-nın məlumatına görə, bu barədə Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) hazırladığı hesabatda bildirilib.
"Soyuq müharibə"dən sonra dünyada silah ticarəti 2014-cü ildə pik həddə çatıb. 2011-ci ildə bu rəqəm 60.364 milyard dollar, 2012-ci ildə 58,352 milyard dollar, 2013-cü ildə 57,2 milyard dollar təşkil edib. Bütövlükdə son 4 ildə dünya üzrə silah ixracı 250,168 milyard dollar olub.
2014-cü ildə silah ixracının artması ABŞ və bir sıra Yaxın Şərq ölkələri arasında bağlanmış «meqa sazişlər»in icrası ilə bağlıdır.
Ötən il dünya üzrə silah ixracında birinci yeri 30,385 milyard dollar payla ABŞ tutub. İlk onluqda sonrakı yerlərdə Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, İsveç, İsrail, İspaniya və İsveçrə dayanır.
Silah idxalında isə birinci yerdə 7,987 milyard dollarla Hindistan, ikinci yerdə 7,439 milyard dollarla Səudiyyə Ərəbistanı, üçüncü yerdə 4,199 milyard dollarla Tayvan qərarlaşıb. İdxalın ilk onluğunda sonrakı yerlərdə Avstraliya, BƏƏ, Böyük Britaniya, Türkiyə, İraq, İndoneziya və ABŞ gəlir.
SAMTO-nun hazırladığı analizə görə, Azərbaycan son 4 ildə silahlanmaya 4,353 milyard ABŞ dolları xərcləməklə, dünyanın ən böyük silah idxalçıları siyahısında 18-ci yerdə qərar tutub.
Son 4 ilin 20 ən böyük silah idxalçı dövləti Hindistan (28,777 milyard dollarla birincidir), Səudiyyə Ərəbistanı, BƏƏ, Avstraliya, ABŞ, Cənubi Koreya, Böyük Britaniya, Tayvan, Türkiyə, Misir, İraq, Venesuela, Əlcəzair, Sinqapur, Pakistan, Mərakeş, İndoneziya, Azərbaycan, Kanada və Vyetnamdır.