Biz nə qədər insanlardan, dünyanın gəlişməsindən şikayət etsək də, bu günün insanı dünənkindən daha yaxşıdır. Yüz illər öncə şahları taclarına düzdürdükləri daş-qaşların sayına görə ittiham etmək kiminsə ağlına gələrdimi? Və ya onlar özləri bundan kompleksli olardılarmı? Amma bu gün dünyanın ən böyük ölkələrinin prezidentlərinin belə, bahalı kostyumları müzakirə mövzusu ola bilər. Aqillərin, dünyanın dərdini çəkənlərin zəhməti boşuna getmir. Bəşəriyyət inkişaf edir. Müasir insanı qana, qisasa, intiqama, vəhşiliyə adi baxmağa vadar etmək mümkün deyil. O, bağışlamağı sevir... O, sülhü alqışlayır...
Avropa insanı da yüz illər bundan əvvəl kisənin, hamamın nə olduğunu bilməyəndə, bitin-birənin içində batanda keçilməz sərhədlərlə yaşayırdı. Onunçün qətl, qisas, qan tökmək üçün ciddi səbəblər mövcud idi və onlardan biri də bugünkü Avropanın üzünə tüpürmək belə istəmədiyi namus məsələsi idi. Amma bir gün Allah-təala ona rəhm edib, hikmət qapısını üzünə açanda “homo-sapiens”in törəmələri acgözlüklə irəli cumdular. Əsrlərin zülmkeşləri sövq-təbii bir hisslə nicat bağçasından mümkün qədər çox qənimət əldə etməyə çalışdılar. Artıq onlar sərhəddi keçmişdilər... sərhəd yox idi. Heç bir şeydə... Hər yerdə azadlıq var idi.
...Xalqlar da küll halında bioloji bir varlığa bənzəyir. Şüurlu xalqlar yaşadıqları bəlaları bir də yaşamaq istəmirlər, “nifaq almasını” da yaxşı tanıyırlar. İrəliyə baxmaq, sərhədləri açmaq, qloballaşmaq, azadlaşmaq... Budur, müasir avropalının hədəfi.
Azərbaycan insanı isə fərqli inkişaf yolu keçməkdədir. Bir yanda müasirliyin danılmaz təsirləri, bir yanda dini fanatizmlə milli ənənələrin həlməşiyi olan bütləşmiş mentalitet. Müasir azərbaycanlı da motivindən asılı olmayaraq qana, qisasa, qətlə sakit baxa bilmir. Amma o, mentalitetin də əsarətindən çıxa bilmir. Təsəvvür yaratmaq üçün böyük yazıçılarımızın əsərlərinə baxmaq lazımdır. Orada biz varıq, orada Azərbaycan var. Məsələn, İsmayıl Şıxlının “Dəli Kür” əsəri 20-ci əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətinə güzgü tutur.
Bizim mentalitetimizdən daim bir Zərnigar ana obrazı boylanır. Şəxsi qısqanclıq, qisasçılıq hisslərini cilovlamağı ağlına belə gətirməyən, doğma balasının əlini qana batırmağa tələsən hikkəli qadın: “Nə durmusan, vur, öldür!!!”
Mentalitet ananın bu “vur, öldür” mesajı namus məsələsiylə bağlı bütün məsələlərdə qarşımıza çıxır. Məsələn, arvadına kiminsə kəc baxdığını eşidən azərbaycanlının durumunu gözünüzün önünə gətirin. Mentalitet nə deyir? Mütləq cəzalanmalıdır. Polisə xəbər vermək, məhkəməyə şikayət etmək? Gülünc söz danışmayın, canım. O kişini hoydu-hoyduya götürməzlərmi? Baxmayaraq ki, qanunda bununla bağlı maddə var. Orada bu cür hərəkət xuliqanlıq kimi keçir və bir il azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Amma olmaz, el-obadan ayıbdır. Bəs neyləsin? Ahaaa, gözəlim mentalitet ölmürmü belə dolaşıq, çıxılmaz, gicbəsər durumları həll etməkçün: “Döy, əzişdir, ağzının-burnunun qanını qat bir yerə”. Və "bu əsnada ölüm də baş verə bilər, tərəflərdən hansısa emosiyaların badına gedə bilər” deyə bir qayğısı yoxdur mentalitet xanımın. Ölüm, həbs, ömürlük şikəstlik, başsız qala biləcək balalar, göz yaşları, fəlakət üstündən fəlakət, bir ailənin bədbəxtçiliyinin binasının qoyulması... Bunlar namus ləkəsini yumaq yolunda olan şeylərdir.
Və ya durum daha ciddidirsə, namus əldən gedibsə, başqa variant ağla gələ bilməz. Biz avropasayağı anlaşmadan, oturub vəziyyəti, səbəb və nəticəni araşdırmaqdan kəlmə belə danışa bilmərik. Hələ ki heç bu yazının müəllifi də statistik azərbaycanlı olaraq o yerə qədər inkişaf etməyib. Polisə vermək, şikayət etmək isə lazımi effekti verməyəcək. Qanunlarımız bu sahədə avropalıdırlar. Yazını hazırlayarkən hüquqşünas Ələsgər Məmmədlidən “qanunlarımız namus ləkəsini təmizləyə bilərmi?” deyə sordum da. Dedi ki, yox. “Xəyanət” deyə bir hüquqi termin yoxdur.
Dinimiz isə bu sahədə fərdi qərar verməyi buyurmayıb. Nə az, nə çox, dörd şahid lazımdır ölüm hökmünü çıxarmaq üçün. Məşhur lətifədə deyildiyi kimi, “faktı görmək” isə elə də asan deyil. Bizdə şəriət məhkəməsi də yoxdur.
Yenə də üz tutacağıq anamız mentalitetə. Başqa çıxış yolu yoxdur. Mentalitetsə bu dəfə daha qəti şəkildə tələb edir: “Vur, öldür. Namus ləkəsi ancaq qanla yuyula bilər”.
Vurmaq, öldürməksə heç də asan deyil. Hətta zəhmi bir obaya bəs eləyən Cahandar ağa üçün də...
Müasir azərbaycanlı isə kef məclisindən qan-tər içində çıxarılan Şahnigarın “Kəlmeyi-şəhadəti” oxuya-oxuya Kürə qərq olması səhnəsinə rəğbətlə baxa bilmir. Necə ki, bir neçə gün bundan öncə yayılan videoya baxa bilmədi.
Beləcə qloballaşma dövründə azərbaycanlının vəziyyəti idmana təzə başlamış qocanın şpaqat açmaq cəhdinin nəticəsinə bənzəyir. O da mentalitetlə sivilizasiyanın arasında “haça-paça” qalıb. Nə liberallaşmadan imtina edə, nə də əlini mentalitet ananın əlindən üzə bilmir. Belə vəziyyət nə qədər sürəcək? Hələ ki, cavabla bağlı heç bir ehtimalımız yoxdur... Təəssüf ki...