Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d Azerbaidjan-2014” beynəlxalq velosiped turunun yekununu Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva da izləyib.
Yürüşün sonuncu, 5-ci mərhələsi Bakıda keçirilib.
Qeyd edək ki, velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülüb – 4 saat, 41 dəqiqə, 7 saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
Yarışın yekun sıralanmasına əsasən Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb. “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
Göy köynək (ümumi sıralanma) – İlnur Zakarin (“RusVelo”, Rusiya)
Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) – Linus Gerdemann (“MTN Qhubeka”, CAR)
Yaşıl köynək (ən yaxşı sprinter) – Vitali Buts (“Kolss”, Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer (Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) – Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan).