Yeganə Əliyev aldığı pulları Aqiyə Naxçıvanlı ilə bölüşdüyünü iddia edir
Son dövrlər Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) adı bir sıra qalmaqallı məsələlərdə hallanır. Xüsusən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmalara başlaması bu barədə dolaşan söhbətləri rəsmiləşdirməyə başlayıb. Xüsusən də saxta diplom məsələsi daha qabarıq şəkildə diqqəti çəkir.
JAM.AZ xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hal hazırda AMİ-nin Gəncə Filialında saxta diplomlarla bağlı məsələləni araşdırır. Hadisənin konkret olaraq nə ilə nəticələnəcəyi məlum deyil. Çünki işin içinə daha çox adamın adı qarışıb.
Bu əsnada JAM.AZ-ın ünvanına daxil olan şikayət məktubunda AMİ-də açılmış saxta diplom bazarının bəzi iştirakçılarının adı məlum olub. Adının çəkilməsini istəməyən vətəndaşlardan biri yazır ki, AMİ-nin Gəncə Filialının müəlliməsi Yeganə Əliyeva ondan 13 min manat pul alaraq, TQDK-nın da təsdiq etdiyi diplom verəcəyini vəd edib.
Onun bildirdiyinə görə, hadisə 2012-ci ildə baş verib və bu prosesdə yaxın qohumlarından biri iştirak edib. «Həmin məbləği mən Yeganəyə Gəncə şəhərindəki evində verdim. Sonradan diplomun saxta olduğunu öyrənəndən sonra Yeganə Əliyevadan pulu tələb etməli oldum. O isə cavabında bildirdi ki, «Biz indiyə qədər belə diplom satmamışıq, təsdiqlənmiş sənəd olmur. Pulu isə qaytarmaq müzakirə oluna bilməz». Hələ də pulumu geri ala bilmirəm».
İşin ən maraqlı tərəfi odur ki, saxta diplom alveri edən Yeganə Əliyeva hələ də AMİ-nin Gəncə filialının müəllim işləyir. Üstəlik, o, aldığı pulları təkbaşına yemədiyini, onu filialın direktoru və AMİ-nin rəhbəri Aqiyə Naxçıvanlı ilə birlikdə bölüşdüklərini iddia edib. Üstəlik, kimsənin ona söz deməyə haqqı olmadığını da bildirir.
Qeyd edək ki, əslində, Yeganə Əliyeva Aqiyə Naxçıvanlının adını çəkməklə özünü sığortalamaq istəyir. Mümkündür ki, AMİ-nin direktoru olan xanım deputatın bu məsələdən ümumiyyətlə, xəbəri yoxdur. Amma AMİ-nin müəllimi ilə bağlı lazımi tədbirin görülməməsi bəzi əsaslı şübhələr üçün zəmin yaradır. Hər halda bu yazıdan sonra Aqiyə Naxçıvanlının baş verən olayla bağlı araşdırma aparıb, gərəkən tədbirlər görəcəyinə ümid bəsləyirik. Həmçinin ona da ümid edirik ki, məhz Aqiyə Naxçıvanlının təsir imkanları sayəsində sözügedən vətəndaşın pulu geri alınacaq və sahibinə qaytarılacaq.