Guya 4 yaşlı qız alman əsgərini öldürüb... Guya meşədə qabağına çıxan canavarlar həmin qızı yeməyib bəsləyiblər... Guya onun valideynlərini yəhudi olduqları üçün nasistlər öldürüblər...
Yazıçının özünə uydurduğu tərcümeyi-hal saxta çıxıb. “Mişa” adlanan həmin memuarı müəllif sadəcə uydurubmuş. Bu, həmin memuardır ki, 1997-ci ildə çap ediləndən bəri dünyanın 18 dilinə çevrilib. Hətta kitab əsasında film də çəkilib.
Bu barədə məlumat verən Britaniyanın "İndependente" qəzeti yazır ki, həmin kitabın müəllifi Mişa Defonseka bu illər ərzində bütün dünya boyu yəhudi icmalarını gəzib və özünü Holokost qurbanı kimi qələmə verərək “başına gələnləri” nəql edib.
İndi Amerikada yaşayan 76 yaşlı Defonseka özünə saxta bioqrafiya yaratdığını etiraf edib və ona 22 milyon dollarlıq cəza verilib.
Saxtakarlığın üstünü isə kitabı çap etmiş nəşriyyat açıb. Məsələ burasındadır ki, müəllif 2002-ci ildə “Mt. Ivy Press” nəşriyyatına qarşı iddia qaldıraraq kitaba görə almalı olduğu qonorarın kəsildiyini iddia edib və məhkəmə yolu ilə nəşriyyatdan milyonlarla dollar almağa nail olub.
Büdcəsinə böyük zərbə dəyən nəşriyyatın rəhbəri Ceyn Daniel isə yazarın keçmişini araşdırmağa başlayıb. Məlum olub ki, Defonsekanın əsl adı Monika Ernestine Josefina De Uaeldir. Sənədlər onun 1943-cü ildə Brüssel məktəblərinin birində oxuduğunu göstərir. Halbuki kitabda o, həmin vaxt Avropa çöllərini, meşələrini dolaşıb valideynlərini axtardığını yazırdı.
Onun valideynləri isə yəhudi yox, belçikalı imişlər. Həqiqətən nasistlər onları həbs edib. Amma yəhudi olduqları üçün yox, Belçika Müqavimət Hərəkatının üzvləri olduqları üçün...
Bütün bunlar üzə çıxandan sonra məhkəmənin qərarı ilə yazıçı nəşriyyata 22 milyon dollar qaytarmalıdır. Yazıçı aldadıldıqlarını düşünənlərin hamısından üzr istəyib. Bildirib ki, o, başına gələnləri bədiiləşdirib