Türkiyəni və bütün dünyada yaşayan türkləri yasa boğan Soma faciəsi ilə bağlı digər ölkələr də matəm günü elan ediblər. Məlumata görə, mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə ilə bağlı Türkiyə hökumətinin 3 günlük yas elan etməsindən sonra digər ölkələr də bu cür addım atıb. Şimali Kipr Türk Cümhuriyyəti Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 15-16 may günlərini ölkədə yas elan edib. Bu çərçivədə mayın 19-da keçirilməsi planlaşdırılan Gənclik və İdman bayramı səbəbiylə şənliklər də ləğv edilib. ŞKTC-dən başqa Pakistan da Somada baş verən faciəni öz ölkəsinin hüznü kimi qəbul edərək, ölkədə may ayının 15ni bir günlük yas elan edib. Bu barədə Pakistanın baş nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Somada baş verən kömür mədəni faciəsində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız yerli Bakı vaxtıyla 00.00-da jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.