Azərbaycanın "İslam bankçılığında" qanunvericilik əngəli davam edir

18-05-2014, 21:22   

"Kövsərbank" tam islami fəaliyyət prinsiplərinə keçən ilk bank olmaq istəyir

Artıq xeyli müddətdir ölkədə islam bankçılığının tətbiq edilməsinə baxmayaraq, gözlənildiyi kimi, bu, bank sektorunda faizlərin ciddi şəkildə aşağı düşməsinə gətirib çıxarmayıb. Ekspertlər hesab edir ki, buna əsas səbəb islam bankçılığının ölkədə hələ kifayət qədər geniş yayılmamasıdır. Halbuki, dünyada islam qaydaları əsasında fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarına maraq sürətlə artır.
Azərbaycanda da, qeyd olunduğu kimi, müəyyən müddətdir islam bankçılığı tətbiq olunsa da, o hələ də fəaliyyətini ciddi surətdə hiss etdirə bilmir. Digər tərəfdən araşdırmalar onu da göstərir ki, islam bankçılığının bütün prinsipləri ölkəmizdə tam olaraq tətbiq edilmir. Bəzi banklar isə islam bankçılığını tətbiq etməyə çalışsalar da, hansısa ciddi nəticəyə nail olmayıblar.
Ekspertlər hesab edir ki, burda başqa məsələ ölkədə mövcud qanunvericiliyin banklara islam bankçılığı prinsipini tam olaraq həyata keçirməyə imkan verməməsidir. Məsələ bundadır ki, ölkəmizdə qanunvericilik banklara yalnız ödənişlərin qəbulu, kreditləşmə və digər bu tip ənənəvi funksiyaları yerinə yetirməyə imkan verir. Belə şəraitdə mövcud qanunvericilik islam bankının inkişafını stimullaşdırmır və bu da əsas problemlərdən biri kimi qiymətləndirilir. Elə bu məqama xüsusi diqqət yetirən ekspertlər bildirir ki, islam bankçılığının Azərbaycanda inkişaf etdirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsinə ehtiyac var. Qeyd edək ki, Pakistan, İran, Sudan və digər bu kimi dövlətlərdə artıq islam bankçılığının inkişafı üçün xüsusi qanunvericilik hazırlanıb və bu dövlətlərdə İslam bankçılığı ilə bağlı bütün məhsullar var.
Bundan başqa, araşdırmalar ölkəmizdə islam bankçılığının reallaşmasında kadrlarla bağlı problem yaşandığını da üzə çıxarır. Belə ki, islam bankçılığı təkcə faizsiz kreditlərin verilməsi kimi məsələni özündə ehtiva etmir. Burada kompleks yanaşmalar əsas götürüldüyündən, yüksək ixtisaslı kadrlara xüsusi ehtiyac var. Məsələn, bu bankçılıqda investisiya potensialının qiymətləndirilməsi üçün yüksək ixtisaslı kadrların olması mühüm şərtdir. Azərbaycanda isə bankların heç də hamısı belə kadr potensialına malik deyil.
Məlumat üçün bildirək ki, hazırda dünya banklarında dövr edən təxminən 100 trilyon dollarlıq valyutanın təxminən 2 trilyon dolları İslam bankçılığına məxsusdur. Bu isə 2 faiz deməkdir. Amma hesab olunur ki, bu rəqəm tezliklə artacaq. Son zamanlar baş verən 2 böyük iqtisadi böhrandan tam ziyansız və itkisiz çıxan banklar ancaq islam bankçılığı modeli ilə çalışanlardır. Qərbdə də buna xüsusi diqqət yetirilməkdə və islam bankçılığı əsasında fəaliyyət göstərmək istəyən maliyyə qurumlarının sayı artmaqdadır. Bu onu göstərir ki, beynəlxalq ictimaiyyət içərisində islam bankçılığının xüsusi nüfuzu var və təqiqatlar göstərir ki, yaxın bir neçə ildə Qərbdə inkişaf etmiş ölkələrdə islam bankçılığı sisteminə keçid olacaq. Amma burada bir sıra çətinliklər də var. Belə ki, islam bankçılığında elə məhsullar var ki, onların maliyyələşdirilməsinə icazə verilmir. Ənənəvi bankçıqda bunlar nəzərə alınmır, sadəcə olaraq kredit verilir, faizi ilə bərabər kreditin qaytarılmasını gözləyir. Buna rəğmən, islam bankçılığına maraq sürətlə artır. Ölkəmizdə də bu maraq hiss olunmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, yaxın günlərdə fəaliyyətini bərpa etməyə hazırlaşan "Kövsərbank" əhalidən əmanətləri yeni üsulla qəbul etmək fikrindədir. Bankın idarə heyətinin sədri Heydər İbrahimovun sözlərinə görə, "Kövsərbank" islam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir: "İslami qaydalarına əsasən faiz haram sayıldığına görə, əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar". H.İbrahimovun sözlərinə görə, banka əmanət qoymaq istəyənlər onu ya bankın maliyyələşdirdiyi layihələrə investisiya kimi yatıracaq, ya da pul yatırmaqla bankın səhmdarı olacaq.
Qeyd edək ki, "Kövsərbank"ın bank lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi. Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsərbank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı "Kövsərbank"ın lisenziyasını aprelin 9-da bərpa etməli olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.