Rusiyadan Azərbaycana gələn maşınlar Gürcüstandakı selə görə yolda qalıb

18-05-2014, 21:35   
Rusiyadan Azərbaycana gələn maşınlar Gürcüstandakı selə görə yolda qalıb
Rusiya ilə Gürcüstanı birləşdirən Hərbi-Gürcüstan yolunda nəqliyyatın hərəkəti ən azı iki həftəliyə dayandırılıb.

Buna səbəb mayın 17-də Şimali Osetiyadan başlayan və güclü sürüşmə ilə müşayiət olunan seldir.

Sel nəticəsində Gürcüstanın Şimali Osetiya ilə sərhəd Daryal dərəsində güclü torpaq uçqunu baş verib. Təbii fəlakətlə bağlı Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsi bağlanıb.

Xəbər verildiyi kimi, torpaq sürüşməsi və sel Rusiyadan Ermənistana gedən qaz kəmərini də sıradan çıxarıb.

Torpaq sürüşməsi nəticəsində Terek çayının qarşısı kəsilib, çayda suyun səviyyəsi qalxıb və Şimali Osetiyanın bir neçə yaşayış məntəqəsini su basıb. Hazırda Gürcüstan sərhədinin Rusiya tərəfində 70-dən çox ağırtonnajlı yük avtomobili qalıb. Onlar Ermənistana və Azərbaycana mal daşıyan tranzit yük maşınlarıdır.

Sərhəddə ilişib qalan sürücülər Çmi kəndindəki pioner düşərgəsində yerləşdirilib, həmçinin onlar üçün çadırlar qurulub. Şimali Osetiya hakimiyyəti sürücüləri isti yeməklə təmin edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.