Ötən gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyən Azərbaycan siyasətçiləri hisslərini "Facebook" səhifələrində bölüşüblər. "Qaynarinfo.Az" xəbər verir ki, statusların paylaşım tarixindən bəlli olur ki, bəzi siyasətçilər səhərədək yatmayıb, qardaş ölkədə baş verənləri izləyiblər.
Müsavat lideri İsa Qəmbər səhər saat 6-da yazıb: "16 iyul mənim üçün əlamətdar günlərdən biridir:
16 iyul 1989-da Elçibəyin liderliyində AXC-ni qurulmasında iştirak etmişəm və mən bununla qürur duyuram.
16 iyul 1993-də həbs edilmişəm və mən Əliyev rejiminin ilk siyasi məhbuslarından biri olmağımı bioqrafiyamın önəmli faktlarından hesab edirəm.
16 iyul 2016...Türkiyədə hərbi çevriliş cəhdi...
Ankarada saat 04:57...cəhd davam edir...
Tanrı Türkiyəmizi qorusun!"
AXCP sədri Əli Kərimli gecə saat 3 radələrində yazıb:
"Əziz həmvətənlər, xeylinizin qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşdığını bilirəm. Amma bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil. Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!"
Müsavat başqanı Arif Hacılı gecə saat 2 radələrində yazıb:
"Türkiyədə hərbi çevriliş cəhdi. Hərbiçilər hakimiyyəti ələ aldıqlarını bəyan edib.
Ağ partiyanın qərargahı, TRT televiziyası ələ keçirilib. Baş nazir hərbi çevriliş cəhdi barədə məlumat yayıb.
Evronews canlı yayım verir. Hərbiçilər sakinləri evlərdən çıxmamağa çağırıb.
TRT Haber hərbiçilərin bəyanatlarını yayır. Ərdoğan TV çıxışa hazırlaşır.
Allah Türkiyəmizi qorusun!"
Bu isə Arif Haclının səhər saat 6-da yazdığı statusdur.
"Son zamanlar dünyanın hər yerindən sarsıntılı xəbərlər alırıq. Fransada terror qurbanlarının sayı hələ tam müəyyənləşməmiş, Atatürk Hava Alanında həlak olanların 40 mərasimi olmamış, indi də Türkiyədə qanlı hadisələr baş verir.
Hədəflərinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və islam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir.
Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq".
Siyasətçi Razi Nurullayev gecə saat 2 radələrində yazıb:
"Türkiyədə hərbi çevriliş xəbərləri yayılır. Xəbər var ki, artıq hərbiçilər idarəetməni üzərlərinə götürüb. Çox narahatam. Qardaş ölkə üçün dualar edirəm. İnşallah, Türkiyə demokratiyası zərər görməz. Türkiyə dövləti bizim dövlətimizdir, bizim xalqımızdır. Allahdan xeyirlisi.
Hakimiyyət dəyişikliyi çevrilişlər vasitəsilə yox, demokratik seçkilər yolu ilə olmalıdır. Hərbi çevriliş düzgün yol deyil. Ən azından ona görə ki, Türkiyədə seçkilər yolu ilə dəyişiklik mümkündür".
Siyasətçi Vaqif Hacıbəyli gecə saat 2 radələrində yazıb:
"Kerri və Lavrov bu dəqiqələrdə birbaşa efirdə keçirdikləri mətbuat konfransında Türkiyədəki hadisələrə münasibət bildirərək proseslərin konstitusiya çərçivəsində həllinə üstünlük verdiklərini bəyan etdilər.
Bu o deməkdir ki,çevrilişə cəhd edənlər beynəlxalq güclərin dəstəyini ala bilməyəcəklər.Hökumət tam tərkibdə iş başındadır.Polis boğaz üzərində körpüləri bağlayıb.Ankarada atəş səsləri davam edir.Prezident Ərdoğanın təhlükəsizliyi təmin edilib.Xalq çevriliş cəhdini dəstəkləməsə səhərə qədər çevriliş cəhdi tam iflasa uğrayacaq".