Prezidentlik müddətinin uzadılması nəyə hesablanıb?
Əliyev hakimiyyəti daha bir “ilk”ə imza atmaqdadır. Ölkə başçısı Ilham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinəÿrəy verməlidir. Layihədə diqqətçəkən dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 iləÿqaldırılması, vitse-prezidentlik institutunun yaradılması, prezidentə Milli Məclisi buraxmaq, növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verilməsi, prezidentlikÿvə deputatlıq üçün yaş məhdudiyyətinin götürülməsidir.
Əlbəttə, siyasi liderlər, hüquqşünaslar bu addımı “mürtəce dəyişiklik” kimi qiymətləndirdi, demokratiyadan qaçışın, avtoritarizmə qucaq açmağın göstəricisi kimi şərh etdi. Bir sözlə, bir daha aydın oldu ki, hakimiyyətin məqsədi ölkədə islahatlar aparmaq, anti-böhran tədbirləri hazırlamaq yox, sülalə hakimiyyətinin ömrünü uzatmaqdır.
Prezidentlik müddəti niyə uzadılır?
Ilham Əliyevin məhz indiki mərhələdə prezidentlik müddətinin uzadılmasına nail olmaq istəməsi təsadüfi deyil. Məsələ burasındadır ki, Əliyev hakimiyyəti 23 illik dövr ərzində bu qədər çətin vəziyyətə düşməyib. Yarıtmazlıq, səriştəsizlik, məsuliyyətsilik, acgözlük ölkəni elə bir fəlakətə sürükləyib ki, bu komanda ilə vəziyəti dəyişmək mümkün olmayacaq. Qarşıdakı mərhələ daha çətin, daha acınacaqlı olacaq. Statistik rəqəmlər də göstərir ki, ölkə sürətlə tənəzzülə doğru gedir. Faktiki olaraq vəziyyətin yaxşılaşdırılması üçün heç bir addım atılmır. Hətta Ilham Əliyev qəfil real islahat aparmaq fikrinə düşsə belə, bunun tezliklə nəticə verəcəyi qeyri-mümkündür. Ona görə ki, aparılan siyasət bütün sahələri çirkli düyünə salıb.
Təbii ki, Ilham Əliyev də bunu bilir və qarşıdakı mərhələdə narazılığın daha çox artacağını, hökumətə nifrətin dərinləşəcəyini başa düşür. Ona görə də məsələni indidən həll etmək, əbədi hakimiyyətə gedən yolu legitimləşdirmək istəyir. Yəqin ki, Konstitusiya dəyişikliyinə nail olduqdan sonra, növbədənkənar parlament və prezident seçkiləri keçirməyi də düşünürlər. Demək istəyirik ki, Ilham Əliyevin bu dar macalda Konstitusiyaya “elçi düşməsi”, cəmiyyətdəki etimad limitinin tükəndəyindən xəbərdar olmasıyla bağlıdır.
Vitse-prezidentlik institutu niyə yaradılır?
Prezidentlik müddətinin uzadılması kimi vitse-prezidentlik institutunun yaradılması da təhlükədən doğub. Bəli, Ilham Əliyev özünə və postuna olan təhlükədən ehtiyatlandığı üçün vitse-prezidnetlikdən “təhlükəsizlik yastığı” kimi istifadə etməyə çalışır. Xatırlayırsızsa, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Morninqstar hakimiyyət komandasının monolit olmadığını bildirmişdi. Komanda daxilindəki çatlar o qədər böyükdür ki, ABŞ səfirliyinin pəncərəsindən də görünür. Komandada başqa ölkənin orden-medallarını daşıyanlar da, başqa klanın xidmətində olanlar da, prinsipial məqamlarda sürprizlər edəcək adamlar da var. Təkcə Eldar Mahmudov faktoru göstərdi ki, Əliyev komandası sağlam təməllər üzərində qurulmayıb və hamının öz maraqları var. Əlbəttə ki, mənəvi dəyərlərin, prinsiplərin birləşdirmədiyi komandanı dağıtmaq asandır. Əliyev də ölkədə vəziyyətin daha da ağırlaşacağı, komanda daxilində çatların yaranacağı təqdirdə büdrəyəcəyini başa düşür. Ona görə də vitse-prezidentlik institutu yaradıb, ən etibar etdiyi adamı bu posta gətirmək istəyir. Bu yolla həm təhlükəsizliyini təmin edəcəyini, həm də idarəçilik kəndirlərini öz əlində saxlaya biləcəyini düşünür. Yeni qanuna əsasən Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətinin uzadılması eyni məqsədə xidmət edir. Əliyev ətrafında təcrübəsiz cavanların olmasını, qoca qurdların olmasından daha təhlükəsiz hesab edir. Bu, parlamentdə və dövlət idarəçiliyində gənclərə meydan veriləcəyi anlamına gəlmir. Söhbət ailə ətrafındakı gənclərin təmsilçiliyindən gedir.
Milli Məclisi buraxmaq səlahiyyəti niyə prezidentə verilir?
Yuxarıda qeyd etdik ki, Əliyev öz komandasına tam etibar etmir və özünə “sığorta kəməri” düzəldir. Heç kimə sirr deyil ki, parlamentdə təmsil olunan deputatların əksəriyyəti hansısa iri məmurun kurasiyasındadır. Əgər ölkədə seçki keçirilmirsə, deputatlar təyin olunursa, deməli bu adamların lobbiçiliyini edənlər var. Hətta xeyli sayda deputat var ki, konkret hansı nazirin bulağından su içdiyi məlumdur və bunu bilməyən çox az adam var. Bir həqiqət də var ki, Milli Məclis bir çox səlahiyyətlərə malikdir və mühüm qərarlar Milli Məclisdə verilməlidir. Layihələr, təqdimatlar, qanunlarda dəyişiklik yalnız Milli Məclisin rəyindən sonra qüvvəyə minə bilər. Prezident Milli Məclisin qərarı olmadan Silahlı Qüvvələrdən istifadə edə bilməz. Milli Məclis qanunverici hakimiyyətdir. Bəli, Milli Məclsin kifayət qədər səlahiyyətləri var ki, bu da komandanın monolitliyinə şübhə edən prezident üçün qorxulu görünür. Milli Məclisi buraxmaq səlahiyyətinin prezidentə verilməsini təmin etməklə, prezidentin əl-qolunu bağlaya biləcək bir amil də sıradan çıxarılır. Faktiki olaraq Milli Məclis prezident hakimiyyətinin təsiri altına düşür.
Nəticə budur ki…
Nəzərdə tutulan dəyişikliklərdə başqa məqamlar da var. Biz sadəcə mühüm hesab etdiyimiz bir neçə məsələyə toxunduq. Nəticə budur ki, Ilham Əliyev “geriyə inkişaf” strategiyasından imtina etmir. Ölkəni dəyişmək əvəzinə, Konstitusiyanı dəyişmək eşqinə düşüblər. Israrla sülalə hakimiyətini əbədiləşdirmək, ölkəni dünyadan təcrid etmək yolu seçiblər. Bu isə vətəndaşın iradəsinin zorlanması, qanunların şəxslərin əlində girova çevrilməsi deməkdir.
Konstitusiyaya görə hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyət isə “xalq hakimiyyətə tabedir” qanunu formalaşdırır. Ona görə də xalq ölkənin bir qrup adamın şəxsi təsərrüfatına çevrilməsinə etiraz etməlidir və bu təhlükəli tendensiyaya “dur” deməyi bacarmalıdır.
Bu hakimiyyətin məqsədi bəllidir və bu məqsədin reallaşmasına imkan tanımaq pis nəticələrdən xəbər verir.
Akif