Ordu niyə görə Ərdoğana qarşı çıxdı və bu gərdiş Türkiyəni hara aparır? - təhlil

20-07-2016, 22:25   
Ordu niyə görə Ərdoğana qarşı çıxdı və bu gərdiş Türkiyəni hara aparır? - təhlil
Ötən həftə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi çox narahat, həyacanlı anlar yaşatdı bizə. Azərbaycanda da insanlar demək olar ki, bütün günü televizorların qarşısında keçirdilər – hamı Türkiyə ilə yaşadı, Türkiyə ilə nəfəs aldı...

Bəli, indi artıq “sovuşdu!” deyib, rahat nəfəs almaq olar. Fəqət, hamını rahat buraxmayan suallar qaldı bu olaydan...

Bizim də bu ağır mövzuya müraciət etməyimizin səbəbi elə həmin suallar oldu. Bəli, çox yazıldı və çox şey deyildi həmin olaylar haqqında. Amma bu, daha çox informasiya xarakterli yazılar idi. Təbii ki, bu, da vacibdən də vacib məsələ idi – insanları ilk növbədə məlumatlandırmaq lazım idi. Təhlil və analiz xarakterli yazılar isə sonra olacaqdı...

Bəli, bir daha deyirik ki, artıq hər şey sovuşub və bəzi məsələləri indi daha rahat şəkildə çözməyə cəhd etmək, bizi narahat edən məqam və sualları oxucularla bölüşmək olar...

Nə demək olardı bu hadisələrlə bağlı? Bəri başdan deyək ki, hərbi çevriliş cəhdi bütün hallarda pislənilməli və qınanılmalı, qanunla qarşısı alınmalıdır. Bu, Azərbaycanda artıq rəsmi şəkildə bəyan edilib və biz də buna qoşuluruq...

Ona görə ki, bu gün bütün mütərəqqi dünya ölkələrində siyasi problemlərin çözülməsinin bircə yolu var – demokratik və konstitusion seçkilər...

Amma o müdhiş hadisə ki, iyulun 15-də Türkiyədə baş verdi, əslində tamam gözlənilən idi-uzun müddət idi ki, prezidentlə ordu arasında əsl soyuq savaş gedirdi. Bəli, prezident R.T.Ərdoğanın uzun müddətdən bəri orduya qarşı apardığı zəiflətmə və “təmizləmə” əməliyyatlarına, ordu içindəki dünyəvi hərbi elitanın mövqelərinin zəiflədilməsinə, ölkənin faktiki olaraq islamlaşdırılmasına, Konstitusiya və siyasi sistemlə bağlı yürüdülən siyasətə, M.K.Atatürkü və onun ideallarını yeri gəldi – gəlmədi, izafi dərəcədə artıq “təftiş etmək”, onlara qarşı tam sayğısızlıq göstərmək cəhdlərinə ordunun bir cavabı olmalı idi...

Fəqət, qiyam edən ordu hissəsi çox təəssüf ki, çox mühüm bir məsələni sanki yaddan çıxartmışdı. O, da budur ki, hər şeydən üstün millətin demokratik seçkilərdə və referendumlarda izhar etdiyi iradəsidir. Ordu da bir dövlət institutu, demokratik dövlətin bir atributu kimi bu iradə ilə hesablaşmağa borcludur.

Dedik ki, millətin iradəsi hər şeydən üstündür. Bu mənada Ərdoğan və onun hakimiyyəti legitim və qanunidir–buna sözümüz yox. Amma gəl ki, bir sualı verməkdən özümüzü heç cür saxlaya bilmirik. Əgər hakimiyyət ölkənin konstitusion quruluşunun əsaslarını dəyişmək (Ərdoğan hakimiyyəti qətiyyən bu niyyətini gizlətmir!) məqsədi güdürsə, bəs onda necə, ordu yenə də seyrçi mövqe tutmalıdırmı?..

Bəli, biz də düşünürük ki, Türkiyə böyük fəlakətdən qurtula bildi - ən azı ona görə ki, proseslər bir az da genişlənərək vətəndaş müharibəsinə çevrilə bilərdi, çünki silah, necə deyər, tək bir əldə deyildi... Hətta indiki itkilər də – yüzlərlə insanın həlak olması və yaxud da yaralanmasının özü də çox böyük faciədir...

Fəqət, bəzi məqamlar bizə hələ də dumanlı görünür. Doğrudanmı, bu olay Türkiyə hökuməti üçün qəfil bir hadisə idi? Doğrudanmı, hökumətin bundan xəbəri yox idi?.. Əgər belə idisə, onda təhlükəsizlik strukturları, MİT və yaxud da ki, hərbi kəşfiyyat hara baxırdı?..

İndi hamı deyir ki, bəli, demokratiya zəfər çaldı. Amma hərbi çevriliş cəhdlərindən sonra heç bir vaxt dərhal demokratiya olmur – çevriliş baş tutanda da, hətta tutmayanda, qarşısı alınanda da..
.
Hər iki halda ölkə kütləvi həbslər və təqiblər dalğası yaşayır, məhdudiyyətlər və yasaqlar tətbiq olunur – onlar hətta müvəqqəti xarakter daşısa belə... Ərdoğan hakimiyyəti artıq 8000-dən çox adamı həbs edib. Mən hələ vəzifəsindən kənarlaşdırılanları, “qara siyahı”lara düşən insanları demirəm...

Mənə xüsusən yüzlərlə hakimin işdən qovulması və hətta həbs edilməsi bir qədər müəmmalı göründü. Bəlkə də bunu etmək üçün hakimiyyətin daha ciddi arqumentləri və sübutları var.

Fəqət, mən bir başqa şey düşündüm: hakimiyyət əlinə düşmüş fürsətdən dərhal yararlanmağa, məhkəmə sistemilə özünün çoxdankı haqq-hesabını və problemini çözməyə, məhkəmə hakimiyyətini də öz əlinə almağa çalışmır ki?.

Məsələ bundadır ki, məhkəmə hakimiyyətilə Ərdoğanın çoxdan problemi vardı. Bu hakimiyyət bir neçə dəfə onu çox ciddi şəkildə narazı da salmışdı. Üstəlik, indi iki hakimiyyət– icraedici və qanunverici hakimiyyət Ərdoğanın əlindədir, təkcə məhkəmə hakimiyyəti kənarda qalırdı. Ərdoğan fürsətdən istifadə edib onu da öz əlinə keçirmək istəmirmi?..

Üstəlik, belə bir detalı da vurğulamaq lazımdır ki, Türkiyədə atatürkçü hərbi elita həmişə qərbçiliyi və Qərbə bağlılığı ilə, əsl demokratiyaya və bazar iqtisadiyyatına sayğısı ilə seçilib.

Düzdür, prezident R.T.Ərdoğanın ordudakı ardıcıl “təmizləmə” əməliyyatlarından sonra bunu iddia etmək getdikcə çətinləşir və bəlkə də son olay atatürkçü ordunun sonuncu nəfəsi idi...

Daha bir məqamı da qeyd edək. Türkiyədə hərbi çevrilişlər çox olub. İndiki 1960-ci ildən bəri sayca beşinci idi. Amma heç bir vaxt Türkiyədə uzunmüddətli hərbi diktaturalar, Latın Amerikasında olduğu kimi, hərbi xuntalar bərqərar olmayıb – ölkədə qayda-qanun yaradılandan sonra ordu çox tez bir zamanda hakimiyyəti mülki qüvvələrə verib...

Qərəz, konkret olaraq Ərdoğana gəldikdə, təbii ki, Türkiyə cəmiyyəti ona münasibətini demokratik seçkilərdə izhar edə bilər – şükür ki, hələ seçkiləri heç kim ləğv etməyib!..

Bir siyasi müşahidəçi və ya təhlilçi kimi Ərdoğana münasibətimizə gəldikdə isə, hesab edirik ki, bu adam məmnuniyyətlə özünü xəlifə elan edərdi!

O, ölkəni az qala hamı ilə qarşı-qarşıya qoyub. Düzdür, bu məsələdə hamı daha çox Ə.Davudoğlunu qınayır, amma gəl, Ərdoğanın özünün də səhvləri az deyildir...

İndi rus təyyarəsinin vurulması da “gülənçi” hərbçilərlə bağlanır – hətta həmin hərbçilərin də həbs olunduğu bildirilir. Əgər belədirsə, niyə vaxtında nə baş nazir, nə də prezidentin özü vəziyyəti korrektə etməyə cəhd göstərmədilər? Edə bilərdilər axı!.. Baş vermiş olaya görə Rusiya yalnız üzrxahlıq tələb edirdi!

Onun Osmanlı dönəminə olan “sevgisi” (hətta bu, da adama saxta görünür!) hələ Türkiyə üçün çox böyük sürprizlərə və çox acı nəticələrə gətirib çıxaracaq – bunu da görmək imkanımız olacaq....

R.T.Ərdoğan hakimiyyətə gələndən ölkə çox avtoritarlaşıb. Mən indi burada hər şeyi bircə-bircə sadalamaq niyyətində deyiləm, onsuz da hər şey bəllidir.

Mənə elə gəlir ki, onun hətta Osmanlı dövrünə “rəğbəti” də sünidir - bunu bir daha qeyd edirik... Ən maraqlısı isə, bilirsiniz, nədir? İnsanlar bu siyasətçiyə səs verir - bunu inkar edə bilmərik...

Əvvəldə dedim ki, şükür ki, seçkiləri heç kim ləğv etməyib. Eyni məntiqlə demək olardı ki, seçkilərin saxtalaşdırılması ilə bağlı da hələ də hər hansı bir məlumat eşitməmik – deməli, ona elə həqiqətən də səs verirlər...

Heç təsadüfi deyildir ki, bəzi ölkələrin son olaylara münasibətində azacıq da olsa, məyusluq sezildi, amma yenə də hamı bir nəfər kimi cəmiyyətin qiyamçılara deyil, Ərdoğana dəstək verdiyini etiraf etdi. Bəli, bunu bir fakt kimi qəbul etmək zorundayıq – insanlar Ərdoğana dəstək verir...

Bəli, bütün bunları seyr edəndə adam özünü inandırmaq istəyir ki, hər şey yaxşı olacaq, Türkiyə dünyəvi və demokratik dövlət olaraq qalacaqdır. Amma qalacaqdırmı? Təəssüf ki, qəti bir şey deyə bilmirik...
O ki qaldı bizim Azərbaycan üçün nəyin daha önəmli olmasına, qardaş Türkiyədə siyasi sabitliyin, əmin - amanlığın bərqərar olması və konstitusion hakimiyyət institutlarının problemsiz fəaliyyət göstərməsi ilk növbədə bizə lazımdır, çünki indi Qarabağ problemini çözməyə cəhd edirlər və ilk dəfə olaraq belə təşəbbüsdə bulunan ölkələr Türkiyəni də prosesə cəlb etmək istəyirlər.

Sözsüz ki, Azərbaycan bu cəhdlərə böyük ümidlə baxır, ona görə ki, Türkiyədən dəstək və kömək umur... Türkiyədə baş vermiş hərbi çevriliş ərəfəsində çox maraqlı xəbər yayıldı. Bildirildi ki, Minsk Qrupunun həmsədrləri Qarabağ problemini müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya yola düşəcəklər...
Rusiyanın, digər Minsk Qrupu həmsərdlərinin də Türkiyəyə marağını başa düşmək mümkündür – onlar Türkiyənin ilk növbədə Azərbaycana olan təsirindən yararlanmaq istəyirlər. Həm də Türkiyə blokadanın götürlüməsi və kommunikasiyaların açılması baxımından gündəmə gəlir – nəhayət ki, Rusiya, ABŞ və Fransa bunu başa düşüblər...

Fəqət, bu, hələ hamısı deyildir. Qısaca bir məqamı da qeyd edək. İndi Rusiya çox canfəşanlıq edir və bu, bizə olduqca şübhəli görünür. Doğrudanmı, Rusiyanın heç bir təmənnası yoxdur? Doğrudanmı, Rusiya bu vaxta qədər ona Azərbaycanı və Ermənistanı öz siyasi orbitində saxlamağa imkan verən ən əsas siyasi “rıçaq”ı – Qarabağ münaqişəsini belə asanlıqla əldən verir? Heç cür buna inana bilmirik!..

Bəli, burada sözsüz ki, nəsə var... İndi Ermənistan rayonların boşaldılmasının müqabilində Dağlıq Qarabağ üçün “daha etibarlı təhlükəsizlik təminatları” istəyir... İlk baxışda düşünmək olardı ki, hazırda təklif olunan “möhkəm aralıq status” bu təminatı verir. Amma bununla bağlı Ermənistan çox tərəddüd edir. Deməli, bir çıxış yolu qalır – daha etibarlı təminat kimi bölgəyə sülhməramlıların gətirilməsi...

Aydındır ki, onlar da yalnız Rusiyanın sülhməramlıları olacaq, çünki hələ 90-cı illərdə Budapeşt sammitində sülhməramlıların beynəlmiləl tərkibli olması qərarlaşdırılsa da, nə ABŞ, nə də Fransa bura əsgər göndərməyəcək. Amma gəl ki, Rusiya bunu çox böyük məmnunluqla və həvəslə edəcək. Ona görə də sülhməramlıların gəlməsi labüd olarsa, Azərbaycan Türkiyənin prosesə cəlb olunmasından maksimum dərəcədə yararlanmağa çalışmalı və sülhməramlı kontingentin tərkibində onun da olmasına cəhd etməlidir...

Bu, ona görə vacibdir ki, Rusiya sülhməramlılarını biz digər münaqişələrin timsalında görmüşük – Abxaziyada və Cənubi Osetiyada bu qüvvələr faktiki olaraq indicə adlarını çəkdiyimiz qondarma respublikaların “sərhəd qoşunları”nın funksiyasını yerinə yetirirlər.

Təbii ki, Azərbaycan özünə də belə bir ssenarinin sırınmasına imkan verməməlidir. Bunun üçünsə o, heç bir halda bölgəyə yalnız və yalnız rus sülhməramlılarının gəlməsilə razılaşmamalıdır...

Hüseynbala Səlimov


Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar