Ölkədəki vəziyyət o qədər acınacaqlıdır ki, “analoqsuz inkişaf komandası” da reallığı gizlədə bilmir. Bir tərəfdən hökumətin hansısa “xüsusi təyinatlı”sı uğurlu siyasətdən danışanda, o biri tərəfdə tənəzzül fişəngləri atılır. Bəli, hökumətin ağzından “inkişaf” sözünün çıxmasıyla, statistik rəqəmlərdən “tənəzzül” sözünün çıxması eyni anda baş verir.
Iki gün öncə isə məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Bəli, hökumətin “super islahat”ı nəticəsində 4 bank “ağ bayraq” qaldırdı. Təbii ki, bu, bank sektorunda ilk iflas deyil, bundan əvvəl də bir neçə bank özünü müflis elan etmişdi. Sadəcə olaraq eyni vaxtda 4 bankın bağlanması vəziyyəti daha aydın göstərir və böhranın dərinləşdiyindən xəbər verir.
Bank adı eşidiləndə hamının ilk olaraq yadına “pul” düşür. Banklar, pulların oyandğı, dövr etydiyi yerdir. Banklar kredit verməklə, müxtəlif xidmətlər qarşılığında faiz almaqla, valyuta mübadiləsi həyata keçirməklə pul qazanır. Indi isə əli pulla oynayanların ayağı tələyə düşüb. Ard-arda banklar sıradan çıxır. Xatırladaq ki, Azərbaycanda maliyyə münasibətlərinin 90 faizə yaxını bankların payına düşür. Deməli, ölkənin əsas maliyyə strukturu banklardı.
Bəs, banklar niyə müflis olur? Bunun səbəbi çox aydındır. Problemli kreditlərin həcmi artır, əhali sürətlə əmanətlərini geri çəkir, banklar əmanətlərə görə vəd olunan faizləri ödəyə bilmir, valyuta mübadiləsi effektli nəticə vermir və s.
Bir sözlə, əhalinin vəziyyətinin pisləşməsi, ödəniş qabiliyyətinin azalması, banklara etimadın itməsi və digər amillər bank sektorunu sıradan çıxarır. Bu isə təkcə hansısa bankın çöküşü deyil, bütövlükdə iqtisadiyyatın, iqtisadi siyasətin çöküşüdür.
Bir daha təsdiqlənir ki, birinci devalvasiyadan sonra hökumətin yaratdığı qurumlar, həyata keçirdiyi islahatlar, anti-böhran tədbirləri heç bir dərdə məlhəm olmayıb. Əksinə, imitasiya siyasəti vəziyyəti daha da ağırlaşdırıb.
Ilham Əliyev 2016-cı ilin birinci yarısının göstəricilərindən razı olduğunu bildirmişdi. Amma reallıq göstərir ki, 2016-cı ildən başlayaraq maliyyə sektorundakı çöküş daha da sürətlənib. Əgər pulun dövrv elədiyi, “pul kisəsi” rolunu oyanayan banklar təslim olubsa, xırda bizneslə məşğul olanları, 150-200 manatın girovuna çevrilənləri, ümumiyyətlə, ölkənin düşdüyü böhranın miqyasını təsəvvür etək çətin deyil. Pul verən iflasdan yaxa qurtara bilməyibsə, pul alanın tamam heydən düşməsi başadüşüləndir.
Göründüyü kimi, hökumət sadə vətəndaşın da, hansısa sektorun da vəziyyətini yaxşılaşdırmaqda acizdir. Çünki, korrupsiyanın, qanunsuzluğun, inhisarçılığın olduğu yerdə heç bir islahatdan, anti-böhran tədbirindən söhbət gedə bilməz. Korrupsiya islahatla ziddiyyət təşkil edir. Monopoliya iqtisadiyyatın şaxələnməsinin əleyhinədir.
Bir sözlə, bank sektoru yetim vəziyyətə düşübsə, sadə vətəndaşa atalıq qayğısından danışmaq absurddur. Bank sektorunun iflic vəziyyətə düşməsi, hökumətin yarıtmazlığını, səriştəsizliyini, məsuliyyətsizliyini bir daha ortaya qoydu. Əli pulla oynayanlar batırsa, əlinə ayda bir dəfə pul dəyənlərin “suyun dibində” olması zərurətdir.
Akif