Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu 2015-ci ildə Rusiyanın “Su-24” döyüş təyyarəsinin vurulması barədə verdiyi göstəriş məsələsinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, hazırda “NTV” televiziya kanalında canlı yayımda çıxış edən Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu həmin vaxtı Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması əmrini verdiyini etiraf edib: “Həmin vaxtı Türkiyənin hava sahəsi pozulmuşdu. Biz həmin ərəfədə Rusiya və digər ölkələrə xəbərdarlıq etmişdik ki, hava sahələrimizi pozmayın. Hətta, cənab Ərdoğan Rusiya prezidenti Vladimir Putinə də əvvəlcədən məlumat vermişdi. Açığı biz o zaman Rusiyadan hava sahəmizi pozacaq təyyarəni gözləmirdik. Əksinə, həmin vaxtı biz Suriyadan təhdidlər gözləyirdik. Suriya təyyarələri tez-tez hava sərhədimizi təhdid edirdi. Rusiya təyyarəsi hava sərhədimizi pozan zaman da biz bunu prezident Rəcəb Tayyib Ərdoğanla Baş qərargahda müzakirə edib, qərar verdik ki, təyyarə vurulsun. Yəni, bundan Ərdoğanın da xəbəri var idi və təyyarənin vurulması qərarı bir yerdə qəbul edilib. Sadəcə olaraq hökumət rəhbəri olaraq bu əmri vermək səlahiyyətləri mənə aid olduğu üçün həmin vaxtı “Rusiya təyyarəsinin vurulması əmrini mən verdim” dedim. Bu gün bunu söyləməyim geri çəkilmək kimi başa düşülməməlidir. Mən bu gün də verdiyim əmrin üzərində qəti olaraq dayadıram və bu qərarın doğru olduğunu söyləyirəm”.
Ə.Davudoğlu Rusiya təyyarəsini vuran pilotun hadisədən sonra nəzarətə alınaraq, dindirildiyini də bildirib: “O dövrdə də həmin pilotdan şübhələnib, sorğuladıq. Yəni, təyyarənin vurulmama şanslarını qiymətləndirdik”.
Ə.Davudoğlu indi Türkiyənin Rusiya ilə başlatdığı siyasətin bu günün tələblərinə görə tam doğru olduğunu söyləyib.
Vasif Həsənli