İnhisarçı şirkətin fəaliyyəti şəffaf deyil
Hesablama Palatası 2015-ci ilin İş Planı üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş auditin nəticələri barədə məlumatı açıqlayıb. Palatadan “Cümhuriyət”ə verilən məlumata görə, qurumun Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2011-2013-cü illərdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsi, eləcə də dövlət əmlakından istifadə olunması ilə bağlı (Vergilər Nazirliyi ilə birgə) həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Mənfəət vergisi az göstərilib
Auditin əhatə etdiyi dövrdə aviareyslərin qiymətlərinin yuxarı həddi yerli sərnişindaşıma üzrə Tarif (Qiymət) Şurasının qərarları ilə, beynəlxalq sərnişindaşımada isə azad bazar prinsipləri ilə tənzimlənmiş və biletlərin eksklüziv satıcısı hüququna malik agent qismində rezident şirkət çıxış etmiş, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna aid edilən ərazilərdə müxtəlif məzmunlu xidmətlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş təbii inhisar subyektləri tərəfindən yerinə yetirilib. AZAL tərəfindən Vergi Məcəlləsinin tələbləri pozularaq Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləği müəyyən edilərkən rezident hüquqi şəxslərə Azərbaycan ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcminin də ixrac kimi nəzərə alınması və gəlirdən çıxılan xərclərə aid edilməsi səbəbindən dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.
Həmçinin Vergi Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmayaraq rezident hüquqi şəxslərə təqdim edilmiş reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları müəyyən edilib. Dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayətedilməyərək uçotdan silinmiş hava gəmilərinin, aviamühərriklərin, avtonəqliyyat vasitələrinin, maşınların, avadanlıqların, hesablama texnikasının və digər əsas vəsaitlərin ayrı-ayrı hissələrinin və sair yararlı materialların miqdarı müəyyən edilməmiş, onlar, eləcə də müxtəlif ehtiyat hissələri və mal- materiallar bazar qiyməti ilə qiymətləndirilməyib.
Müxtəlif məzmunlu əməliyyatlar üzrə hesablaşmalara görə keçmiş illərdən yaranmış debitor borcların bağlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməmiş, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmalar qanunvericiliklə kassa əməliyyatlarına dair müəyyən edilmiş tələblərə uyğun tam rəsmiləşdirilməmiş, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növlərinin müəyyənləşdirilməsi və miqdarının hesablanması əsasları rəsmiləşdirilməyib. Həmçinin, statistik hesabatların tərtibində təhriflərə yol verilməsi və nizamnamə kapitalının məbləğinin müvafiq sənədlərdə fərqli göstərilməsi də müəyyən edilib. Hesablama Palatasının Kollegiyası AZAL tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat AZAL-a, hesablanmış əlavəvergi və maliyyə sanksiyaları məbləğlərinin şəxsi vərəqəyə işlənməsi və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq aktın surəti və Kollegiya Qərarından çıxarış isə Vergilər Nazirliyinə göndərilib.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na daxil edilmiş aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər üzrə tariflərin müvafiq qaydada tənzimlənməsi məsələsinə baxılması məqsədilə İqtisadiyyat Nazirliyinə təkliflərin, həmçinin beynəlxalq sərnişin daşıma xidmətləri üzrə aviabiletlərin agent satışı qiymətləri üzərində sonrakı müşahidə qaydasında monitorinqlərin aparılması, qiymət artımlarının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətlərində tədbirlərin görülməsi üçün Kollegiya Qərarından çıxarışın Dövlət Mülki Aviasiya Administrasiyasına göndərilməsi qərara alınıb. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Cahangir Əsgərovun gizlətdiyi milyonlar
Sərnişinlərə keyfiyyətli xidmət göstərilmir
Maraqlıdır, AZAL hesablanmış əlavə vergi və maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəyəcəkmi? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev“Cümhuriyət”ə açıqlamasında Hesablama Palatasının AZAL-la bağlı açıqladığı xəbərlə tam məlumatlı olmadığını deyib. O bildirib ki, sadalanan bütün neqativ hallar yeni bir şey deyil: “Görünən dağa nə bələdçi? İllərdir deyirik ki, Azərbaycanda iri dövlət şirkətlərinin hesabatlılığında, fəaliyyətinin şəffaflığında problemlər var. Onlardan biri də AZAL-dır. Dövlət uzun illərdir ki, öz büdcəsindən bu şirkət üçün böyük vəsaitlər ayırır. Bu vəsaitlər şirkət üçün müasir avialaynerlərin alınmasına sərf olunur. Bunun müqabilində AZAL-ın dövlət büdcəsinə ödəmələri haqqında məlumatlar çox böyük şübhə doğurur. AZAL ölkədə inhisarçı mövqeyə malikdir. Zaman-zaman ölkəyə daxil olan xarici şirkətlərə Azərbaycanda rəqabət aparmağa imkan vermir. Xarici şirkətləri ölkədə müxtəlif yollarla hava daşınmalarından uzaqlaşmağa məcbur edir. İnhisar xidməti müqabilində AZAL-ın göstərdiyi xidmətlər çox yüksək qiymətlərlə ölçülür. Bundan əlavə AZAL-a dövlət büdcəsindən xüsusən Naxçıvandan sərnişindaşımada biletlərin verilməsində güzəştlər həyata keçirilir. Bütün bunların müqabilində AZAL-ın xidmətlərinin keyfiyyətində ciddi bir dəyişiklik görmədik. İndiyə qədər AZAL öz fəaliyyəti barədə cəmiyyətə açıq şəkildə hesabatlar təqdim etməyib. Şirkətin fəaliyyətində şəffaflıq, hesabatlılıq çatışmır. Bu da təbii ki, hökumətin diqqətindən kənarda qalmamalı idi. Əksinə, uzun illərdir hökumət buna göz yumub. Hesablama Palatasının bu araşdırmaları nəyə görə indiki dövrə təsadüf edir - bu sualın cavabı araşdırılmalıdır. Ancaq bütün hallarda diqqətdə olan bir məsələ var, bəli, AZAL dövlət vəsaitini effektiv, səmərəsiz xərcləyən, həddindən artıqbədxərc bir qurumdur. Bu qurumun fəaliyyətində indiyəcən olan diqqətsizlik, şəffaflığın olmaması ölkəyə, dövlətə çox baha başa gəlib. Hesab edirəm ki, əlavə ödənilən xərclərin səbəbkarları ortaya çıxarılmalıdır. Qurumu idarə edənlərin bədxərc xərcləmələr nəticəsində ölkəyə böyük ziyanı dəyib. Bunun bədəli ödənilməlidir”.
“Şirkəti idarə edənlər nəyin hesabına varlanıb”
Bu vəsaitlərin dövlət büdcəsinə geri qaytarılmasına gəlincə, iqtisadçı vurğulayıb ki, Azərbaycanda olan bütün dövlət qurumlarında eyni vəziyyət var: “Diqqət yetirmək lazımdır ki, bu şirkəti idarə edənlər nəyin hesabına varlanıb? Bu vəsaitlər hardan əldə olunub? Ziyanı həmin şirkəti idarə edənlərin özlərinə yönəltməklə o vəsaitin geri qaytarılması təmin edilməlidir. Bu qurumların fəaliyyətinə əslində dövlət qurumları belə müdaxilə edə bilmir. Onların fəaliyyətindəki vergi və digər yoxlamalar formal xarakter daşıyır. Hər bir dövlət şirkətinin rəhbəri “yuxarılarda” olan kiminsə və ya özlərinin monoliti altında xərcləri nəzarətdən kənarda qalır. Bu qurumların büdcə ilə yanaşı, büdcədənkənar böyük həcmdə gəlirləri olur. Söhbət yalnız dövlət şirkətlərindən getmir, həm də ayrı-ayrı nazirliklər və dövlət qurumlarından gedir. Araşdırılsa, bu cür qurumlarda çox böyük vəsaitlərin mənimsənilməsi faktları ortaya çıxar. Bu da hökumətin bu prosesləri nəzarət altında saxlaya bilməməsi, yaxud bilərəkdən bu prosesə göz yumması deməkdir”.(cebhe.info)