Dollara tələb yenə rekord həddə çatdı

29-07-2016, 09:38   
Dollara tələb yenə rekord həddə çatdı

Manatın gündə cüzi ucuzlaşdırılması effekt vermir

Ekspertin fikrincə, manatın qiymətdən düşməsi ölkənin ticarət sahələrində sabitsizliyə birbaşa rəvac verir

Dünən Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib. Hərracda kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi 9 dəfə üstələyib.


Belə ki, Fond hərraca həmişə olduğu kimi 50 mln. dollar çıxarıb. Bankların tələbatı isə 450 mln. dollar olub. Son nəticədə hərraca çıxarılmış valyuta kütləsi tam həcmdə satılıb.

Hərracın nəticələri özünü dərhal bazarda göstərib. Dolların rəsmi məzənəsinin qalxması ilə bağlı olaraq banklar da alış və satış kursunu qaldırıblar.

“Marja” xəbər verir ki, dünən dolları ən yüksək qiymətə alan banklar “Bank of Baku” və “Unibank” olub. “Bank of Baku” dolları 1.6150 manatdan, “Unibank” isə 1.6050 manatdan alıb. Bu banklarda satış kursu isə 1.6250 manat olub.

Dolları ən baha satan bank kimi isə “Yapı Kredi Bank Azərbaycan” qeyd olunub. Bu bank, 1 dolları 1.5188 manatdan alıb, 1.6450 manatdan satıb. Digər bir bank, “KapitalBank” 1 dolları 1.5510 manatdan alıb, 1.6430 manatdan satıb. “Muğanbank” da dolları 1.6400 manatdan satıb.

Dolları ən ucuz satan banklar “Naxçıvanbank” (1.61 manat) və “DəmirBank” olub (1.62 manat).

Qeyd edək ki, Mərkəzi Bank 28 iyul tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1.5819 manat səviyyəsində elan etmişdi.

Bu tendensiya nə vəd edir? Mövzu hələ də aktualığını qoruyub saxlayır.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, hamı artıq fərqindədir ki, ölkənin milli valyutası hər gün dəyər itirir. Manatın məzənəsinin bundan sonra da ucuzlaşacağını deyən N.Əliyev vurğuladı ki, manatın hər gün dəyər itirməsi yaxşı hal deyil: “Marketlərdə 15 gün əvvəl bir qiymətə olan mal, hazırda başqa qiymətədir. Xaricdən idxal olunan mallarda qiymət artımı davam edir. Üzən məzənnə adı altında bunu hiyləgərliklə həyata keçirirlər ki, əhali bunu hiss etməsin. Milli valyutanın qiymətdən düşməsi ölkənin ticarət sahələrində, xidmət sektorunda sabitliyin pozulmasına birbaşa rəvac verir. Bu tezliklə idxal sahibkarlığı ilə məşğul olanların işinə böyük əngəl olacaq”.

N.Əliyev vurğuladı ki, ölkənin bütün istehsal sahələrində tənəzzül gedir. Belə olan halda yaranmış boşluğu doldurmağın bir yolu qalır, idxalı artırmaq. Amma manatın bu templə dəyər itirməsi idxal sahibkarlığının yoluna böyük sədd çəkir.

Xəyal










Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar