Allah'dan ümid kəsmək, Allah'ın yaratdıqlarını xeyirə deyil, şərə yozmaq böyük nankorluqdur

10-08-2016, 08:25   

Ətrafımızdakı insanlardan doğum günlərində, bayramlarda bir-birlərinə həmişə xoş arzular dilədiklərini tez-tez eşidirik. "Xeyirli illər, xeyirli bayramlar" kimi. Əhəmiyyət verdikləri, həyəcanla gözlədikləri hadisələr olduqda da "xeyirlisi olsun" deyə arzu edirlər. Lakin bir çox insan bu sözləri söyləyərkən əsl mənasının fərqində deyil. Bəziləri də mənasını bildikləri halda, bunu heç düşünmədən, yalnız dilləri öyrəşdikləri üçün söyləyirlər. Bunun ən açıq dəlillərindən biri, hər hansı bir hadisə istədikləri kimi nəticələnmədikdə Allah'a qarşı göstərdikləri əxlaqdır. Allah'ın özləri üçün xeyir və gözəllik olaraq yaratdığı bir şeyi, narazılıq, kədər, hətta bəzən də hirslə qarşılayırlar. Halbuki, Allah'dan özləri üçün "xeyirli olanı" istəmişlər. Allah da onlar üçün "ən xeyirlisini" yaratmışdır. Lakin bunu təqdir edə bilmirlər.
İnsan özü üçün "ən xeyirli olanın" nə olduğunu biləcək bir məlumata sahib deyil. Çünki Allah'ın sonsuz ağlı yanında insan çox məhdud ağıl, təcrübə və məlumata malikdir. Bir hadisəni qiymətləndirib şərh edərkən yalnız özündəki bu məhdud imkanları istifadə edir. Allah sonsuz ağıl sahibidir. O insanla birlikdə eyni anda onun ətrafındakı və bütün dünyadakı insanların ağlından keçənləri, o hadisədən sonra olacaq və dünya səviyyəsində meydana gələcək bütün hadisələri də biləndir. Yaşadığı hadisədəki xeyirləri təqdir edə bilməyən insan, mövzunu yalnız yaşadığı an mövcud olan məlumatı daxilində qiymətləndirərkən, Allah onun dünya və axirətdəki bütün həyatını bilərək onun üçün xeyrli olanı yaradır.
Bu səbəbdən insanın yaşadığı hadisələri şərh edərkən, "özünə, ətrafındakı insanlara və yaşadığı dünyaya dair əslində çox az məlumatı olduğunu unutmadan" hərəkət etməsi çox əhəmiyyətlidir.
Məsələn, vacib bir görüşə gecikən insan bəlkə də bunu kədərlə qarşılayır. Amma əslində bəlkə də, bu onu sonra baş verəcək böyük bir çətinlikdən xilas etmişdir. Bəlkə orada saxtakar, dələduz biri ilə qarşılaşacaq və sahib olduğu hər şeyi itirəcək. Allah bir səbəb yaradaraq onu oraya göndərməmiş və bu kimsədən qorumuşdur. Bəlkə vaxtında ora çatsa, bir qəza və ya təhlükə ilə qarşılaşacaq, yaralanacaq və ya həyatını itirəcək. Allah onu gecikdirərək, bu vəziyyətə mane olmuşdur. Kimisi illərlə hazırlaşdığı imtahana gedə bilmir, kimisinin böyük əmək verərək uzun müddətdə hazırladığı bir iş ani kompyuter xətası ilə silinib itir. Saatlarla əmək verilib hazırlanan bir yemək kiçik bir diqqətsizliklə yerə tökülür. Bu nümunələri səhifələrlə çoxaltmaq mümkündür. Hər insanın həyatında bunlardan daha böyük, ya da daha kiçik mövzularda, bunlara bənzər hadisələr daima və mütləq baş verir. Çünki bu, Allah'ın adətullahıdır.
Bunların hamısında xeyir var. Allah bəzən sizi bir şərdən qorumaq ya da sizə umduğunuzdan daha gözəl bir şeyi nəsib etmək üçün qarşınıza maneələr çıxarır. Bəzən Allah bir hadisədə gizlənən bu xeyirləri, irəliləyən zaman içərisində göstərir. O zaman insan, "deməli yaşadığım hadisənin xeyiri buymuş" deyir və qəlbən rahatlayır. Amma bəzən də Allah bir sınaq olaraq, bir hadisədə gizlətdiyi xeyirləri insana göstərmir. Zahirən “çatışmazlıq” kimi görünən hadisənin ardındakı xeyir dolu sirləri, bəlkə də həyatınızın sonuna qədər heç bir zaman öyrənə bilməzsiniz. Allah'ın istədiyi əxlaq belə bir vəziyyət qarşısında da "Allah'ım sən mütləq bunları mənim dünya və axirət həyatım üçün xeyirlə yaratmısan" deyərək rahat şəkildə Rəbbimizə təslim ola bilməkdir.
Bunun yerinə kədərlənmək, hirslənmək, Allah'dan ümidini kəsmək, Allah'ın kömək etmədiyini, çatışmazlıq yaratdığını düşünmək, (Allah'ı tənzih edirik) "xeyirlisi olsun" deyərkən, söylədiyi sözün mənasını heç düşünməmiş olan insanların əxlaqıdır.
Bunu da unutmamaq lazımdır ki, əgər bir çətinliyin ardından bir gözəllik gələcəyi çox bəlli olacaq olsa, o zaman bu hadisə o insan üçün sınaq olmaz. Sınaq ola bilməsi üçün ziddiyyət olmalıdır. İnsan qara gözləyərkən ağ, ağ gözləyərkən qara ilə qarşılaşmalıdır ki, ürəyindəki gerçək inancı, gerçək əxlaqı, Allah'a qarşı olan gerçək sevgisini, güvən və təslimiyyətini isbat edən rəftar göstərsin.
Gerçək müsəlman xeyirlərini bilsə də, bilməsə də, mütləq Allah'ın "ən gözəlini yaratdığına" inanıb sevinclə Allah'dan razı olar. Çünki bu, imanın bir şərtidir və insanlar üçün yaradılan, dünya həyatının başlıca sınaqlarından biridir. Bu həqiqəti unudanlar belə bir sınaqla qarşılaşdıqlarında, ilk anda refleks olaraq həqiqətən bir çatışmazlıq oldu, işləri tərs getdi zənn edirlər. Halbuki, bəlkə də çatışmazlıq olaraq sandıqları bir hadisə ilə həyatlarına bərəkət, xeyir, yeni gözəlliklər, nemətlər gələcəkdir, amma hələ xəbərləri yoxdur. Bəlkə o andan bir saat sonrası, bir filmin irəli alınması kimi onlara göstərilmiş olsa, bunu biləcəklər. Amma yalnız bir saat sonrasından xəbərsiz olduqlarından qəflətə düşürlər. Tələsik davranıb, o an üçün xeyirləri görə bilmir, dərhal mənfi, pessimist reaksiya verirlər.
Halbuki, onları yaradan, həyatları boyunca hər an hər yerdə onları qoruyan, onlara nemətlər bəxş edən yalnız Rəbbimizdir. Allah'dan ümid kəsmək, Allah'ın yaratdıqlarını xeyirə deyil, şərə yozmaq böyük nankorluqdur. Bizi ən çox Sevən'ə qarşı haqsızlıqdır (Allah'ı tənzih edirik). Müsəlmana yaraşan bir əxlaq deyil. Müsəlman şər kimi görünən hadisədə belə, özündən çox əmin, qəlbi rahat, Allah'a güvənən əxlaq göstərməli, qədərinin izləyicisi olmalıdır.
Rəbbimiz Quranda bu mövzunun gerçəyini bizə belə xatırlatmışdır:
"... ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun." (Nisa surəsi, 19)
"... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz." (Bəqərə surəsi, 216)

Ülviyyə Əlizadə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar