Deputat Tahir Süleymanov Şabranda dəbdəbəli imarətinin görüntülərinin yayılmasına münasibət bildirib.
“Videoya çəkib yazıblar ki, evi var. Adamın evi olar da… Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimi çəkirsən, kimdən icazə alıb çəkirsən?”, – deyə T.Süleymanov Report.az saytına danışıb.
O, evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib: “Deyir guya mən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər biz müsəlman, azərbaycanlı deyilik? Azan veriləndə mən onun səsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir, mənim başım çıxmır?! İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay bala kimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan? Sən “azan xoşuna gəlmir, azanı susdurub” deməklə mənim inancıma, dini əqidəmə də xələl gətirirsən. Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?”.
T.Süleymanov hazırlanan materialın sifariş olduğunu deyib.