Binəqədidəki yanan binanı üzləmiş şirkətin rəhbəri məhkəmədə sansasion ifadə verdi
“Binəqədi yanğınından əvvəl MTN bizdən pul istəyirdi”
Binəqədidə ötən il mayın 19-da baş vermiş dəhşətli yanğınla əlaqədar həbs olunmuş, binanı üzləyən “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə sensasiya sayıla biləcək ifadə verib. O bildirib ki, hadisədən bir neçə gün əvvəl – mayın 13-də MTN-in bir polkovnik və bir də mayor rütbəli iki səlahiyyətlisi ofisinə gələrək, ondan pul istəyib. Amma o, pulu verməyib və üç gün sonra – mayın 16-da onların üzlədiyi tikililərdən birində – Veteranlar Şurasının yerləşdiyi binada yanğın törədilib. Ardınca da mayın 19-da 15 nəfərin ölümü ilə nəticələnən Binəqədi yanğını…
“MTN “Texnikabank”dakı hesabımızı biləndən sonra…”
Miryusif Mahmudov deyir ki, şirkətin əsas hesabı “Texnikabank”da olub. MTN 2012-ci ildə “Texnikabank”da əməliyyat keçirəndən təxminən ay yarım sonra şirkətin baş direktorunu nazirliyə çağırıblar: “Həm də heç bir rəsmi çağırış, bildiriş vərəqi olmadan. Təsəvvür edin, adam fikirləşir ki, mən milli təhlükəsizliyə qarşı neyləmişəm ki, məni bu idarəyə çağırırlar? Axı “bank sirri” deyilən anlayış var. Amma bunlar bankın nə qədər müştərisi var, hamısını düzdülər sıraya…”
2014-cü il telefon danışıqlarının dinlənildiyini və bununla əlaqədar dəfələrlə “Azercell”ə müraciət etdiyini deyən Miryusif Mahmudovun sözlərinə görə, eyni zamanda, onu maşınla da izləməyə başlayıblar. Ötən il Binəqədidən öncə aprelin 10-da Xətaidəki bina yanğınından sonra daha maraqlı hadisələr baş verib.
“MTN əməkdaşlarına dedim ki, istədiyinizin dörddə birini verərəm…”
“O binanın bizə aidiyyəti yox idi, başqa şirkət üzləmişdi. Amma mən yenə də məsələyə ürək yanğısı ilə yanaşdım. Üç qurban demişdim ki, orada ölən olmasın. O hadisədən sonra bizim sexi də bağladılar, nümunə götürdülər. Hadisədən 15 gün sonra – aprelin 25-də bizim şirkətin təhlükəsizlik məsələləri üzrə əməkdaşı Arif Əliyevi o idarəyə (MTN-i nəzərdə tutur-red.) çağırmışdılar. Arif Əliyev özü də əvvəllər xüsusi xidmət əməliyyatçısı olmuşdu, işdən çıxandan sonra bizdə işləyirdi. Bir az gəzişiblər, söhbət eləyiblər, ondan pul istəmişdilər. Həmin dövr də Avropa Oyunları öncəsi idi, gecə-gündüz işləyirdik. 13 milyona yaxın vəsait xərcləmişdik. Kürdəxanıya təşrif buyuranda 6 milyona yaxın borcumuz vardı. KİV-lər mənim üçün “oliqarx” yazırdılar. 6 milyon borcla Kürdəxanıya girən adamı “oliqarx” adlandırarlar? Qayıdım o biri məsələyə. Arif Əliyev ona vəziyyəti izah eləyib. Axırda da soruşub ki, verməsək nə olacaq? Cavabında deyib ki, “rəhbər qarşısında şirkətiniz və material barədə pis rəy veriləcək”. Ondan sonra mayın 13-nə qədər hər gün zəng eləyirdilər ki, “nə oldu, biz məruzə hazırlamalıyıq, rəyi yaxşı eləyək, yoxsa pis?” Biabırçılığa baxın ki, belə bir təşkilat adamları təhdid eləyirdi. Gördüm ki, əl çəkmirlər, əl-ayağa düşdüm, dost-tanışla danışdım. Dedilər ki, “yola vermək lazımdı”. “Yola verə” də bilmirdim. Axırda məcbur olub dedim ki, “gəlsinlər, görüşək”. Mayın 13-də MTN-in iki səlahiyyətlisi ofisimizə gəldi. Biri idarə rəisi idi, biri də şöbə müdiri. Kompüteri açdım, onlara şəkilləri göstərdim, vəziyyəti izah elədim. Dedilər ki, “biz də öz sözümüzü demirik”. Dedim ki, qarşıdan oyunlar gəlir, bu qədər borcumuz var, təhdidlə heç nə olmaz, dostcasına dörddə birinə gücüm çatar, gedin çatdırın”, – deyə Miryusif Mahmudov bildirib.
Veteranlar Şurasının binasında müəmmalı yanğın
Onun sözlərinə görə, bu görüşdən üç gün sonra – mayın 16-da Veteranlar Şurasının yerləşdiyi binada yanğın törədilib: “O binanın ayın 7-də rəsmi açılışı olmuşdu. O yanğına görə iki nəfər tutuldu, biri Dağıstan sakini idi. Bu adamlarla bağlı polisə zəng elədik, dedilər ki, başqa təşkilata aid idi, onları ora təhvil verdik. Oradan da heç bir məlumat ala bilmədik, belə qaldı. Əgər o iki nəfəri 3 gün “kars”da saxlasaydılar, sıxsaydılar, sifarişçiləri deyərdilər. Hamı üçün də yaxşı olardı. Mən bu işlərin hamısını o təşkilatın üzərinə qoymuram. Sadəcə, olanları sadalayıram…”
“Yanğın başlayandan sonra MTN bizim ofisimizdə əməliyyat keçirib”
Hadisə günü baş verənlərdən danışan Miryusif Mahmudovun sözlərinə görə, yanğın başlayandan dərhal sonra MTN onun ofisində əməliyyat keçirib: “Hadisə günü səhər maşında gedirdim, zəng elədilər ki, Azadlıq prospektində bina yanır. Saat 11.15 radələrində çatdım ora. Görəndə ürəyim tutdu, ayaq üstə dura bilmədim. Acınacaqlı idi. Özü-özünə o şəkildə yana bilməzdi. Mənə dərman verdilər. Saat 12-yə 20 dəqiqə işləmiş zəng elədilər ki, “MTN-dən ofisimizə gəliblər”. Getdim gördüm ki, bina yandığı vaxtda 7 maşınla 29 nəfər ofisimizə gəlib əməliyyat keçirirlər. Hər mərtəbədə 2-3 nəfər dayanmışdı. Yanğın olanda bunlar hadisə yerinə gəlib, əhalinin fikirlərini öyrənmək, təxribat olub-olmadığını müəyyənləşdirmək, “paqon” daşıyan biri kimi insanlara yardım etmək əvəzinə, hücum ediblər şirkətə. İki nəfər də mənim otağımda oturmuşdu – bir polkovnik, bir mayor. Beş dəqiqə söhbət elədik, dedilər idarəyə getməliyik. Baş direktorumuz çıxıb dedi ki, “mən gedə bilərəm”. Dedilər ki, “Miryusif müəllim kifayət eləyir”. Baş idarəyə apardılar, orada ifadə aldılar, axşam saat 17.30 radələrində də prokurorluğa apardılar”.
“Bu yanğın planlaşdırılmış hadisə olub”
Miryusif Mahmudov hesab edir ki, bina qəsdən yandırılıb: “Bu, planlaşdırılmış hadisə olub. Məqsəd birinci növbədə aranı qarışdırmaq, Avropa Oyunları öncəsi televizorda “terror” sözünün işlənməsinə nail olmaq idi. Şükür ki, materialdan yanğın məsələsini ortaya atdılar, “terror” sözü işlənmədi, yoxsa, xaricilər gəlməzdi”.
Keçmiş məmur təkrar ekspertizadan keçiriləcək
Təqsirləndirilən şəxslərdən biri, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun səhhətində problemlər var. Məhkəmə iclaslarında onun vəziyyəti tez-tez pisləşir, məhkəməyə təcili yardım çağırılır. O, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, Qəzənfər Novruzovun Müalicə Müəssisəsindən gətirilməsi problem yaradır. Ona görə də məhkəmə Qəzənfər Novruzovun təkrar tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspert qarşısında Novruzovun durumunun məhkəmədə iştirakına imkan verib-verməməsi sualı qoyulub.
Bu iş üzrə məhkəmə prosesi ekspertizanın rəyi məlum olana qədər təxirə salınıb.
***
Xatırladaq ki, 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Aytən