Tanımmış vəkil Aslan İsmayılav Rövşən Lənkəranski ölümü ilə bağlı fikirlərini paylaşıb. Cumhuriyyət.Az A.İsmayılovun Facebook statusunu olduğu kimi təqdim edir:
Bu mövzuya heç toxunmaq istəməzdim. Amma…
33 il hüquq mühafizə orqanlarında işlədiyim və vəkilliklə məşğul olduğum dövrdə, oğru aləmindən az çox bilmişəm, bir nəfər də cinayətkara qarşı hörmətsizlik etməmişəm. Stavropol diyarında məhkəmə sədri işlədiyim dövrdə müttəhimi təhqir edən rayon prokurorunu məhkəmə zalından çıxarmış və haqqında diyar prokurorluğuna təqdimat yazmışam. İstənilən ölümə üzülmüşəm, çünki insan olmaq bunu tələb edir. Bununla belə, son 24 saat ərzində qanuni oğru Rövşən Lənkəranski ilə bağlı baş verənlər onu göstərir ki, Dövlət və Millət olaraq pis günlərimiz hələ irəlidədir. Əgər belə olmasaydı addımbaşı haqqı pozulanda susan millət bu gün Lənkəranda izdiham yaşamazdı. Məscidlərində nəzir qutuları oğurlanan dindarlar “Allahu Əkbər” sədaları ilə ətrafı silkələməzdi. Çarəsizlikdən sosial şəbəkədə pul dilənən Qarabağ qazisi haqqında, səhiyyədə, təhsildə baş verən faciələrə susan mətbuat nümayəndələri 24 saat ərzində bir ölüm haqqında bu qədər yazmazdı. Şəxsən özümün Səhiyyədə, Təhsildə, Xəzərin hasarlanmasında baş verən biabırçılıqlarla bağlı araşdırmalarımı görməməzliyə vuran “Yeni Musavat” qəzeti, “Qafqazinfo.az, “Haqqın.az” və digər saytlar hadisəyə bu qədər vaxt ayırmazdı. Xəstə uşağını pulsuzluqdan İran xəstəxanasından götürə bilməyən vətəndaşı olan millət bir nəfərin cənazəsini Bakıya gətirmək üçün xüsusi təyyarə tutmazdı. Haqqını tələb edənləri dəyənək altına saldıran, həbsxanaya göndərən hakimiyyət rəsmiləri bu dəfndə bu cür canfəşanlıq etməzdi.
Rövşən Lənkəranskinin ölümü barədəki fikirlər əslində bizim cəmiyyətin ruh halının xəstə olduğunu göstərir. Bu hadisəni gündəmin bir nömrəli mövzusu etməklə, əslində cəmiyyətə hansı ziyanı vurduğumuzu, yalnış dəyərləri formalaşdırmağımızı, yeni-yeni cinayətlərin baş verməsinə, həbsxanada cəza çəkənləri özünə nümünə sayan, gənclərin yetişməsinə şərait yaratdığımızın fərqində deyilik. Hamımızın bu baş verəcəklərdə, öz gunah payımız olsa da birinci günahkar, müxalifəti, vətəndaş cəmiyyətini, ayrı-ayrı müstəqil fikir sahiblərini məhv edən hakimiyyətdədir. Əgər bu hakimiyyətin Rusiyadakı təmsilçisi səfir Polad Bülbüloğlu vəzifəsini yerinə yetirsəydi on minlərlə çarəsiz insan qanuni oğrularda ədalət axtarmazdı. Mətbuatın cəmiyyət üçün təyinatlarını anlamamaları, sifarişi yerinə yetirmələri, sonda Milli Qəhrəmanı yox, qanuni oğrunu gəncliyin həsəd yerinə çevirdi. Azərbaycan gəncliyi Ziya Bünyadova yox, Rövşən Lənkəranskiyə oxşamaq istədi. Bu gənclik sabah Lotu Quliyə də oxşamaq istəyəcək. Özüm uşaq yaşlarımdan qonşum Həmid müəllimə oxşamaq istəyirdim, çünki rayonda hörmət sahibi idi. Bu gün 200 manat maaş alan, acından ölməsin deyə deputat Hadı Rəcəblisi ona daş daşımağı məsləhət bilən müəllimi olan, digər deputatı Fəzail Ağamalının “hamı istəyir ki, oğlu Rövşən Lənkəranski olsun” deyən, kriminal avtoritetlər Milli Qəhrəmandan çox-çox hörmətlə qarşılanan, ömrünü Azərbaycana həsr etmiş, 1994-cü ildə öz təqaüdü hesabına ilk dəfə “Ermənilik” kitabı yazan professor Saleh bəy Qarabağlının dəfnində 50 nəfərin iştirak etdiyi, bir ziyalının, deputatın, vəzifəlinin olmadığı, qanuni oğrunu ölümü ilə bağlı başsağlığı verməyə növbəyə duran deputatı, vəzifəlisi, ziyalısı olan diyarda heç bir gənc müəllim olmaq arzusunda olmaz. Bu gəncliyin arzusu qanuni oğru olmaq olacaq və qanuni oğru olduqdan sonra bu uşaqlığı, gəncliyi oğurlananlar ona hakim olanların balalarına qan udduracaq. Qatillik, terroristlik əvvəl gənclərin ruhunda yaranır və münbit şərait olan kimi təcrübədə öz əksini göstərir. Görəsən hakimiyyət heç olmasa bunun fərqindədirmi? Fərqindədirmi ki, Rövşən kimi bir avtoritet Lənkəranda olan izdihamların birinin ağzını bir gün elə bu hakimiyyətə qarşı çevirə bilər?
P.S. Səmimi deyim, elə özüm də Rövşən Lənkəranskinin ölümünə üzüldüm. Ona görə ki, doğru aləmində addımbaşı namərdlik gördüyüm Vətənimdə, Rövşən Lənkaranski oğru aləmində Mərd adı qazanmışdı.