Müəllimindən dünyaya uşaq gətirən şagirdin ailəsindən ŞOK İDDİA: “Uşaq xəstəxanada dəyişik düşüb

23-08-2016, 12:25   


Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qızın dünyaya gətirdiyi körpədən imtina etməsindən iki aydan artıq müddət keçir.

Məktəbli qızın ailəsinin körpədən imtina edilməsi ilə bağlı ilginc iddialar ortaya atılıb. Ailə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gələn körpənin dəyişdirilməsini iddia edib və guya bu səbəbi əsas gətirərək uşaqdan imtina etdiklərini bildirib.



Bu barədə məlumatı Cebhe.info-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova verib. Onun sözlərinə görə, azyaşlı ananın ailəsi və qohumlarının bu iddiası ağlabat deyil: “Həmin xanım doğuş günü tərəfimizdən xəstəxanaya yönləndirildi. Doğuşu normal keçdi. Doğuşdan sonra məktəblinin atası bizə bildirdi ki, körpəni uşaq evinə yerləşdirək. Mən bundan imtina etdim və bildirdim ki, bu, bizim təşkilatın missiyası deyil. Bildirdilər ki, xəstəxanadan imtina etmirlər. Onlara məsləhət gördüm ki, imtina məsələsini prosedur qaydalara uyğun icra etsinlər. Sonra bildim ki, körpə doğulandan sonra körpələr evinə verilib. Doğuşdan sonra məktəbli qız sığınacağa gətirildi. Ona bəzi məsləhətlər, psixoloji dəstək verildi. Qız körpəsinə süd vermədiyi üçün hərarəti yüksəlirdi və bundan əziyyət çəkirdi. Anasını çağırdıq ki, ona köməklik göstərsin. Amma ana gəlib, qızını götürüb apardı. Qızın yanında o qədər demişdilər ki, bioloji olaraq da körpəsinə yaxın durmadı. Heç qucağına belə götürməmişdi. Gedəndən sonra onunla əlaqəmiz olmayıb”.

Mehriban Zeynalovanın sözlərinə görə,körpədən imtina edilməsi ilə bağlı şübhəli məqamlar vardı: “Körpədən tələm- tələsik imtina edilməsində hansısa şübhəli məqamlar vardı. Qızın ailəsi iddia edirdi k, guya uşaq xəstəxanada dəyişik düşüb. Bilmirəm bu əhvalatı niyə uydurmuşdular. Amma bu iddia ağlabatan deyil. Çünki xəstəxanada uşaq dəyişik düşə bilməz. Nəsə belə şübhəli məqamlar vardı ki, dərhal da uşaqdan imtina etdilər”.

Mehriban Zeynalova əlavə edib ki, bu hadisə ilə bağlı cinayət işi açılıb: “Yaxşı olar ki, qanun çərçivəsində bu məsələ araşdırılaraq həqiqət üzə çıxarılsın”.

Sözügedən körpənin xəstəxanada dəyişdirilməsi ilə bağlı iddialara akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev münasibət bildirib. Cebhe.info-ya açıqlamasında baş həkimin müavini deyib ki, səsləndirilən iddialar əsassızdır: “Mən məzuniyyətdəydim. Onu bilirəm ki, heç nə dəyişik düşməyib və heç bir problem də yoxdur. Başqa bir şey bilmirəm. Bütün uşaqlar doğuşdan dərhal sonra nömrələnir. Xəstəxanamızda indiyədək belə problem olmayıb”.

Qeyd edək ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova da məktəbli qızın körpəsindən imtina etməsini təsdiqləyib. O qeyd edib ki, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb. Belə ki, qızı dünyaya gələn məktəbli körpəsi doğulanda atasının həbsxanada olduğunu deyib və uşaqdan imtina etmək istədiyini bildirib. İmtina barədə ərizəni yazıb və xəstəxanadan gedib. Uşaq bir ay xəstəxanada qalandan sonra rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirib. Bu məsələ ölkə gündəmini zəbt edib. Ekspertizanın rəyinə əsasən zorlandığını iddia edən məktəbli qızın bakirə olması isə daha qarışıq vəziyyət yaradıb. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb və arəsində cinayət işi açılıb. Elnur İbrahimovun 25 yaşı var, ailəlidir və 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.

Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar